Azərbaycanı “Turan üzüyünün qaşı” adlandıran Əmir Teymur - VİDEO
18.04.2016 13:18 Maraqlı 3104
“Səsli tarix” layihəsinin növbəti buraxılışı böyük türk hökmdarı Əmir Teymura həsr olunub. Proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədli görkəmli türk cahangirinin həyatına dair mövcud olan mifləri tutarlı arqumentlərlə alt üst edir. Verilişdə Əmir Teymurun milliyətcə türk olması, qaniçən olmaması, niyə axsaq ləqəbi qoyulması, Azərbaycana yürüşləri, Beyləqan şəhərini salması, ölümü, məzarının açılması ilə bağlı maraqlı faktlar səsləndirilib.
Turan əmiri Teymur - gələcəyin böyük cahangiri!
Avropa tarixşünaslığında çox yanlış bir formada türklərlə moğolları qarışdırmaq ənənəsi olub. Və ənənə təbii ki, böyük türk cahangiri Əmir Teymurdan da yan keçmədi. Mənbələrin verdiyi məlumata görə, Əmir Teymur Barlas tayfasındandır. Hətta rus-sovet akademik tarix elminin nümayəndələrindən olan Bartold özü də etiraf edirdi ki, artıq Teymurun dövründə Barlas tayfaları cığatayca, yəni türkcə danışırdılar. Mənbənin verdiyi məlumata görə, Teymurun özü Barlas tayfasının Börüçiqin qolundan idi. Və burada biz türkcə “börü” sözünün tam formada işləndiyini görürük. “Börü” qədim türk dilində qurd mənasını verir. Börü adı ilə bizim bir çox yaşayış məskənlərimiz var. O yaşayış məskənlərindən biri bu gün də qalır. Borçalı – börü çala qurd çalası anlamını verir. Eyni zamanda, indiki Rusiya düzənliklərində də Torçinsk, Turçinsk və digər formalarda işlənməkdə davam edir. İndiki dilimizdə dəmir mənasını verən Teymur hicri tarixi ilə 25 Şaban 736-cı ildə, milad tarixi ilə hesabladıqda, aprelin 8-dən 9-a keçən gecə 1336- cı ildə doğulub. Çingiz xan haqqında moğolların gizli tarixində yazıldığı kimi, “həmin gün göydə quyruqlu ulduz göründü və uşaq doğulandan sonra ovcunda qan ləkəsi vardı. Teymurun dayəsi isə bunu qeyd edir ki, bu insan gələcəkdə cahangir deyə böyüyəcək, cahangir olacaq. Teymurun doğulduğu və böyüdüyü yerMavərünnəhr, yəni Səmərqəndin Kiş vilayətidir. Adını isə dediyimiz kimi, Teymur, yəni dəmir qoymuşdular. Lakin sonrakı dönəmdə Teymurun adının ön hissəsinə Əmir, arxa hissəsinə isə Gürgan əlavə edilir. Bu nə ilə bağlı idi? Teymur özünü şah elan etməyib. Rəsmi olaraq mənbələrdə Teymurun adı Turan əmiri deyə keçir. Hətta onu Əmir elan etdilər, faktiki hakimiyyətə sahib olsa da, nominal şəkildə Çingizin nəslindən olan Sürqatmış adlı bir nəfər taxtda idi. Sürqatmış öləndən sonra isə Teymur özünü yenə Çingiz nəslindən olan Mahmud xan adlı başqa bir adamın əmiri elan etmişdi.
"Teymur düzəni" əmiri sevməyən mənbələrə qarşı
Teymurun həyatı və fəaliyyətli haqqında çox ziddiyyətli məlumatlar var. Nədir bu ziddiyyətlər? Teymura nifrəti ilə seçilən mənbələr var. Bu mənbələrin içərisində birinci növbədə, İbn Ərəbşahı qeyd etmək lazımdı. İbn Ərəbşah Teymuru oğru, quldur, qaniçən, insanları diri-diri divara hörən, kəllələrdən piramida düzəldən kimi təqdim etməyə çalışır. Lakin özünün saray tarixçiləri məsələn, Hindistana yürüş zamanı onunla olan Qiyasəddin adlı tarixçisi Əmirin həyatını çox gözəl qələmə alıb. Bundan başqa, Nizaməddin “Şərəfnamə” əsərində Əmir Teymurun həyatını çox gözəl təsvir edib. Ən mühüm olan mənbə isə onun birbaşa öz dilindən çıxanların yazıldığı “Tüzüki Teymur”, yəni “Teymur düzəni” deyilən mənbədir. Mənbə bizim dilimizə cağatay, yəni türk dilində gəlib çıxıb. Sonradan onu bir bukinist Osmanlı paşası Cəfər paşanın fondundan götürərək fars dilinə tərcümə edib. Sonradan isə ərəb dilinə tərcümə olunub. Yəni, “Tüzüki Teymur”da təsvir olunan Əmir Teymurla İbn Ərəb şahın təsvir etdiyi Teymur tamam fərqli insanlardır.
Axsaq, topal, ləng... Teymur niyə axsayırdı?
İlk olaraq axsaqlıq məsələsinə toxunaq. İbn Ərəbşah qeyd edir ki, Teymur guya gecə ikən qoyun oğurlamağa gedibmiş. Gecə çiynində qoyun qaçarkən çoban bunu hiss edir və arxadan bir ox kürəyindən, bir ox da ayağından vurur. Guya Teymur bundan sonra axsamağa başlayır. Rus mənbələrində Teymurun adı “aksak Teymur” şəklində keçir. Farslar isə ona Teymurləng deyirlər. Sonradan isə bu Avropa dillərinə Tamerlan şəklində daxil olub. Bəs həqiqət necədir? Avropa tarixçiləri Lanqle və Vamberi deyirlər ki, Əmir Teymur müttəfiqi Əmir Hüseynlə birgə (o həm də Əmir Teymurun qaynı idi) Məlik Fəxrəddinin dəvəti ilə Mavarünnəhrə köməyə gedirlər. Geri qayıdanda palçıqlı bir yerdə sistanlılarla üz-üzə gəlirlər. Tarixi ədəbiyyatda ona bəzən “palçıqlı döyüş” də deyilir. Həmin döyüşdə Teymur iki yara alır. Bir əlindən iki barmağını itirir və diz almasına ox batır. Nəticədə Əmir Teymur sonradan axsaq qalır. Bu fikirləri antropologiya elmi tam şəkildə təsdiqləyir. 1941-ci ildə iyunun 21-də Əmir Teymurun qəbri açıldı. Qəbir açılanda Gerasimov təsdiqlədi ki, Teymurun diz alması qarşıdan atılan oxdan zədələnib və bu, barmağın kəsilməsi ilə eyni gündə baş verib. Niyə? Çünki sümüyün nə zaman amputasiya olunmasını hazırda müəyyən etmək çox asandır.
Teymurun qələbəsi və “Turanın əmiri” titulu
Əmir Teymurun birinci həyat yoldaşı Əmir Hüseynin bacısı Olay Türkan idi. Onun ən sevimli oğullarından biri Cahangir həmin qadından olmuşdu. 1370-ci ildə yeznə-qayın arasında vəziyyət gərginləşir. Əmir Hüseyn Teymurun mülklərinə əl uzatmaq istəyirdi. Digər tərəfdən, o, Əmir Teymurun Toxtamışla (Qızıl Orda xanı Nasırəddin Toxtamış xan) yaxınlaşmasını istəmirdi. Çünki Toxtamış o zaman faktiki olaraq, Çingizlərin, yəni Cuçilərin davamçısı olduqlarından istəmirdi ki, bunlar yaxınlaşsınlar. Nəticədə Teymurla qaynı və keçmiş müttəfiqi arasında qələbə üzərində qələbə qazanır. Və ondan sonra toplanan qurultayda onu “Turanın əmiri” elan edirlər. Turan sözü uydurma söz, mif deyil. Bu, tam gerçəklikdir.
Əmir Teymurla Toxtamışın Azərbaycan savaşı
Yaxın və Uzaq Şərqin bir çox cahangirləri kimi Əmir Teymurun da Azərbaycanla çox böyük bağlılığı olub. Əmir Teymurun Azərbaycan ilk gəlişi 1385-ci ilin yazına təsadüf edir. Buna bəzən kəşfiyyat yürüşü də deyirlər. Əmir Teymur eşidəndə ki, birbaşa onun vasitəsilə taxta çıxmış Toxtamış Mavərünnəhrə hücum edib, geri dönməli olur. Azərbaycan uğrunda Əmir Teymurla Toxtamış arasında bir rəqabət vardı. İndiki böyük Azərbaycan ərazisində Toxtamışla Əmir Teymurun təkcə iddiaları yox, eyni zamanda dörd dövlət qurumu var idi. Bunların ikisi bəylik formasında fəaliyyət göstərirdi - Bayandurlular və Baharlılar. Bəzən biz bunlara Ağqoyunlu, Qaraqoyunlu da deyirik. Bundan başqa Şirvanşahlar və paytaxtı Bağdad olan Cəlairilər də vardı. Dörd dövlət Azərbaycanın öz ərazisində olduğu halda, eyni zamanda bura Toxtamışla Əmir Teymurun iddiaları var idi. Əmir Teymur buradan gedən kimi Toxtamış şimaldan gəlirdi və yaxud Toxtamış geri çəkilən kimi Əmir Teymur hücum edirdi. Bu durum sonradan nə ilə nəticələndi? Məsələn, Əmir Teymurun Azərbaycan ərazilərinə planlı şəkildə hücumu 1386-cı ilə təsadüf edir. Orada bir epizod var. Özbək tarixçiləri öz əsərlərində qeyd edirlər ki, Əmir Teymuru Toxtamışa düşmən edən ən mühüm səbəblərdən biri Əmir Teymurun Toxtamışa yazdığı məktubdadır: “Sən Turanın üzüyünün qaşı olan Azərbaycana qəsd etdin və onu taladın”. Həqiqətən, tarixi mənbələr göstərir ki, Toxtamış Təbrizi tutarkən hiylə yolu ilə buradan 100 minlərlə insanı sürgün eləmişdi və çoxlu sayda insanı qırdırmışdı. Teymur Toxtamışa yazırdı ki, sən bu əməlinin cəzasını alacaqsan. 1391-1395- ci illərdə Toxtamışla olan savaşlar birbaşa Azərbaycanla bağlı idi.
Əmir Teymurun atını oğurladan Qara Yusif
Əmir Teymurun ilk məğlubiyyəti də Azərbaycanla bağlıdır. 1387-ci ilə qədər böyük şəhərləri – İsfahan, Kaşğar, Mavərünnəhri ələ keçirmiş bir fateh 1387-ci ildə Çapakçur döyüşündə Baharlılar sülaləsinin əsasını qoymuş Qaraqoyunlular tərəfindən darmadağın edildi. Qara Məhəmməd bu qələbədən sonra hətta qonşu ölkələrə fətihnamə də göndərmişdi. Sonradan onu hakimiyyətdə oğlu Qara Yusif əvəz etdi. Qara Yusifin də Teymurla münasibətləri o qədər yaxşı olmayıb. Məsələn, “Səmərqəndin ulduzları” adlı əsərdə qeyd edilir ki, hətta Qara Yusif türklər üçün ən böyük təhqirlərdən biri sayılan hərəkətə yol vermiş, Teymurun atını oğurlatmışdı. At oğurlatmaq o zaman türkün namusuna sataşmaq demək idi. Türk üçün müqəddəs olan 3 şey var idi – papaq, at və arvad. At oğurluğundan sonra bunlar arasında təbii ki, ixtilaf başlayır. Təəssüf ki, ərazisində dörd dövlət olan Azərbaycan o dövrdə birləşə bilmədi. Qaraqoyunlularla Cəlairilər bir blokda çıxış edirdilər, Şirvanşahlarla Ağqoyunlular başqa blokda. Sivasda hakimiyyətdə olan Qazi Bürhanəddin - bizim poeziyamızın çox böyük şəxsiyyətlərindən biridir - Əmir Teymura qarşı təşkil edilən koalisiyaya rəhbərlik edirdi. Osmanlı, Misir-Məmlük sultanları, Cəlairilər isə Qaraqoyunlularla bir ittifaq təşkil etmişdi. Əmir Teymurun tərəfində isə Şirvanşah İbrahim və Ağqoyunlu bəyləri dayanırdılar.
Əmir Teymur və özünə qul deyən İbrahim Dərbəndi
Burada bir məsələyə aydınlıq gətirmək lazımdır. Bəzən tariximizdə İbrahim Dərbəndi mahir diplomat, uzaqgörən siyasi xadim kimi təqdim edilir. Hətta Teymurun düşərgəsinə gedərkən hər şeydən 9 dənə aparıb, quldan 8 dənə aparması və Teymurun bunun səbəbini soruşanda “9-cu qul özüməm” deməsi, özünü bu səviyyədə alçaltması ön plana çəkilir. Bəlkə də siyasətlə məşğul olanlar bunu daha yaxşı bilərlər, amma bu siyasətbaz əvvəl özünə “qulunam” dedi, heç üstündən 10 il də keçmədi ki, Əmir Teymurun ölüm xəbərini eşidən kimi “qulunam” dediyi adamın nəvəsinin üzərinə xaincəsinə ordu yeritdi. Bu kimi əməllər tarixdə hökmdarlara o qədər də baş ucalığı gətirmir.
Əmir Teymur İsfahan və Dəməşq əhlini niyə qılıncdan keçirib?
Əmir Teymurun kütləvi qırğınlar törətməsi ilə bağlı iki epizodu xüsusi qeyd edirlər. Bunlardan biri İsfahan əhalisinin, digəri isə Dəməşq əhalisinin tamamilə məhv edilməsidir. Lakin bu iddialar şişirtmədir. Hazırda arxeologiya, antropologiya kimi elmlər var. İstər İngiltərə, istər Fransa, istərsə də Almaniya arxeoloqları qeyd edir ki, o şəhərlərdə arxeoloji qazıntılar aparılan zaman kütləvi şəkildə kəsilmiş başlardan ibarət nə piramida tapılıb, nə də kütləvi şəkildə qırılmış insan cəsədləri. Bu da onu göstərir ki, İbn Ərəbşah qoyun oğurluğu məsələsində olduğu kimi, bu məsələdə də yanlış danışır. Teymur sadəcə olaraq, o şəhərlərin əhalisini cəzalandırıb. İsfahanı niyə cəzalandırdı Əmir Teymur? İsfahan əvvəlcə könüllü təslim olub və Əmir Teymur oradan gələn alimlərlə görüşür, onlarla söhbət edir. Sonradan onun iki əsgərini qətlə yetirirlər. Təbii ki, Teymur bunun qisasını almalı idi. Dəməşq üzərinə yürüş zamanı isə, mənbənin yazdığına görə, İmam Hüseynin qətlində səbəbkar olan Müaviyə törəmələrini cəzalandırmaq üçün Dəməşq əhalisini qılıncdan keçirir. Təbii ki, bu kütləvi qırğın ola bilərdi. Lakin kütləvi şəkildə bütün şəhər əhalisinin məhv edilməsi yalandan başqa bir şey deyil. Eyni zamanda, o dövrün demoqrafiyasını araşdıranlar var. Əmir Teymurun yürüşündən sonra Azərbaycan ərazisində əhali demoqrafiyasının azalmasını iddia etmək mümkün deyil, çünki azalmayıb. Azalmayıbsa, o zaman hansı qırğınlardan danışmaq olar?
Gürcü hökmdarlarını islam dininə gətirən Teymur
Əmir Teymurun Azərbaycana yürüşü 1386-cı ildə daha kütləvi xarakter alır. Məsələn, gürcü tarixçiləri özləri də bilmədən gürcü patriarxı ilə Əmir Teymurun üz-üzə söhbətini etiraf edirlər. Əmir Teymurun ən müsbət məziyyətlərindən biri odur ki, alimlərlə söhbət etməyə üstünlük verərdi. “Əmir Teymurun düzəni” dediyimiz qaydada insanlar 12 kateqoriyaya bölünmüşdü. Ən yüksək pilləyə Peyğəmbər və peyğəmbər nəslindən olanları aid edirdi, ikinci pilləyə isə, özünü, hökmdarları yox, alimləri aid edirdi. Əmir Teymur tutduğu istənilən şəhərdə məktəblərə, mədrəsələrə, şəfaxanalara, kitabxanalara və din mərkəzlərinə - istər kilsə, istər məscid, istərsə də sinaqoq olsun, toxunmazdı. Həmin gürcü patriarxı İppakratla bir günlük elmi diskussiyadan sonra gürcü mənbələri etiraf edir ki, İppakrat islam dinini qəbul edib. İppakratın ardınca Kartli hakimi Baqrat da İslam dinini qəbul edir. Əmir Teymurdan başlayaraq Nadir şahın hakimiyyətinə qədər yəni ən azı 400 ilə yaxın bir dövr ərzində Kartlini idarə edən bütün hökmdarlar müsəlman idilər və İslam adlarını qəbul etmişdilər.
Əmir Teymur İldırım Bəyazidi qəfəsdə gəzdirməyib
Əmir Teymur özü Əhli-beyt aşiqi olub. O zaman Azərbaycanda xüsusi hörməti olan Şeyx Səfi ocağına gəlir. Əmir Teymur deyirmiş ki, “mən gedəndə məni necə qarşılayacaqlar?”. Teymur yaltaqlığı sevmirdi, ona yaltaqlanan adamlara inanmırdı. Hətta xəyanət edərək onun yanına keçmiş Toxtamış vəzirlərini də edam etdirib ki, “siz öz ağanıza sadiq olmadınızsa, mənə heç cür sadiq ola bilməzsiniz”. Teymurla bağlı bir məqamı qeyd etmək yerinə düşər. Fuma Metsoplufoma var, erməni, yəni hay tarixçisidir. O da, Bartold da yazır ki, Ankara döyüşündən sonra Teymur İldırım Bəyazidi əsir tutdu və onu qəfəsdə gəzdirdi. Kökündən yanlış fikirdir. Bayaq adını çəkdiyim, Lanqle adlı tarixçi qeyd edir ki, Əmir Teymur əsir tutduğu Bəyazidin çadırına daxil olur və çadırına daxil olanda Bəyazidin sifətini ilk dəfə görür və qəşş edir. Güləndə İldırım Bəyazid deyir ki, “mənim üzərimdəki qələbəndənmi xoşnud olub güldün?”. Teymur deyir ki, “yox, gör, dünyanın işinə bax, dünyanı iki çirkin insan idarə edir”. Görünür, xarici görünüş baxımından Əmir Teymur da o qədər gözəl olmayıb, İldırım Bəyazid də. Sonra çadırda hər iki hökmdar şahmat oynayıblar. Əmir Teymur ömür boyu Bəyazidi hər vasitə ilə təmin etmişdi. Hətta gündə ən azı bir dəfə onunla görüşər ki, Bəyazid darıxmasın. Əslində, İldırım Bəyazidin edə bilmədiyini Əmir Teymur bacardı. Rodos adasını ələ keçirdi, xaçlılardan təmizlədi və Osmanlı şahzadələrinə verdi. Anadolundan çıxarkən xeyli əsir götürmüşdü və Osmanlının məhv etdiyi Saruxan, Məntəşə, Aydın bəyliklərini, Qaraman əmirliyini yenidən bərpa etdi.
Osmanlı əsirlərini Şah İsmayılın babasının xahişi ilə azad edən Teymur
Ankara döyüşündən sonra əsirlərlə geri qayıdan zaman Ərdəbil şəhərini ziyarətə gəlir, Şeyx Səfiəddinin türbəsinə. Şeyx Səfiəddinin özü ilə bağlı mənbələrin yazdığına görə, müəllimi Şeyx Zahid Gilani Şeyx Səfiəddin haqqında danışarkən ona “türkzadəm” deyirdi, yəni “türküm”, “türkün oğlu”. O zaman türbədə Səfiəddinin varisi Əlaəddin Xoca Əli idi. Teymur demişdi ki, “bu adam mənə yaltaqlıq eləsə, mən bu türbəni ocaq kimi tanımayacağam”. Üstəlik əlavə etmişdi ki, “mənə şan-şərəfli yemək də verməsin”. Üçüncü tapşırığı isə belə idi – Xoca Əliyə zəhər verin, əgər ölməsə, deməli, doğrudan da din adamıdır”. Bəlkə bu məqam şişirtmədir. Ancaq mənbələrdə bu var ki, Əmir Teymur türbəyə daxil olur, bunlar görüşürlər, sonra Əmir Teymur acdığını bildirir. Bu zaman Xacə Əli deyir ki, “dağın döşündəki keçiləri sağın, gətirin, hökmdara südlü aş bişirək. Əmir Teymur südlü aşın içinə zəhər qatır. Deyir ki, sən də mənimlə ye və zəhərli qabı Xoca Əliyə verir. Xoca Əli yeməyi yeyəndən sonra – o zaman ağ əba geyərdilər - namaz qılır və zikr edərkən onun bədənindəki zəhər çıxır və xirqəsi yaşıl rəng alır. Burada təbii ki, bir simvolika da var. Amma gerçək olan budur ki, Xoca Əli Əmir Teymurdan Ankara döyüşündə əsir götürdüyü insanları buraxmağı xahiş edib. Və Əmir Teymur da özü ilə Anadoludan gətirdiyi əsirləri azadlığa buraxır. Əmir Teymur necə qəddar, dağıdıcı hökmdar idi ki, adamın üzüyünün qaşına “güc ədalətdədir” sözü yazılmışdı? O cür adam ədalətsiz davrana bilməzdi. Üstəlik, Əmir Teymurun ədalətinə, kimliyinə şübhə edənlər “Tüzüki Teymur” əsərini oxusunlar. Belə bir əsər yazan adam, o cür dövlətin idarəçiliyi, dövlət strukturları formalaşdıran adam qaniçən, cəllad ola bilməz.
Beyləqan şəhərini salan Əmir Teymur
Adına gəlincə, niyə ona Gürgan da deyirdilər? Əmir Teymur Çingiz nəslindən deyildi. O zaman bir legitimlik qaydası vardı, yəni hakimiyyətdə mütləq Çingiz nəslin bağlı adam olmalı idi. Əmir Teymur da Cığatay nəslindən olan Qazan xanın qızı Saray Sultanla evlənir və o nəsillə qohum olur. Öz oğlunu da Çingiz nəslindən olan qadınla evləndirmişdi.
Əmir Teymur Azərbaycanda eyni zamanda abadlıq işləri aparmışdı. Məsələn, vaxtilə dağıdılmış Beyləqan şəhərini Əmir Teymur inşa etdirir. O deyirdi ki, mən əsgərimi oğlumdan da çox istəyirəm. Amma o əsgərlərini qamış komalarda yaşamağa və o şəhəri salmağa məcbur eləmişdi. Təbii ki, hər bir hökmdar dağıda da bilər, sərt də ola bilər. Lakin bunu o səviyyədə demək ki, Əmir Teymur qaniçən, quldur idi, bu, təbii ki, düzgün deyil.
Göydə Allah, Turanda hökmdar bir olmalıdır
Əmir Teymur eyni zamanda bir türk cahangiri idi. Turan sevdalısı idi. Bəzən Əmir Teymurdan soruşanda ki, ölkələri fəth etməkdə məqsədin nədir? Fikir vermisinizsə, Əmir Teymurun yürüş etdiyi ölkələrin əksəriyyətini türklər idarə edirdi. Əmir Teymur cavab olaraq demişdi ki, “göydə Allah bir olduğu kimi, Turanda da hökmdar bir olmalıdır”. Tarixdə sonra necə oldu, bu təbii ki, Teymurun günahı deyildi. Teymur Dehli sultanlığını özündən asılı vəziyyətə salmışdı, Bağdadı fəth etmişdi, bircə Misir-Məmlük sultanlığını fəth edə bilmədi. Yalnız Dəməşqi ələ keçirə bilmişdi.
Böyük türk cahangirinin ölümü
Qəribədir ki, Teymurun ölümü də mifoloji xarakter daşıyır. Əmir Teymurun əsas hədəfi Çini tutmaq idi. Çin üzərində yürüş məqsədilə 1405-ci ildə Otrar istiqamətinə hərəkət edir. Sanki bu böyük hökmdar öləcəyini bildiyinə görə, Otrara getməmişdən əvvəl yaxınlarına və həyat yoldaşına geri qayıtmağı əmr edir və onları Səmərqəndə qaytarır. Özü isə Otrar üzərinə yürüş zamanı sətəlcəm olur. Şaban ayında doğulan Əmir Teymur hicri tarixlə 18 şaban 805-ci ildə, miladi təqvimi ilə 18 fevral 1405-ci ildə vəfat edib. Onu Səmərqənddə dəfn edirlər. Teymur vəsiyyət etmişdi ki, qəbrini açmasınlar. Çox təəssüf ki, Teymurun bu vəsiyyətinə sovet dövründə əməl etmədilər. 1941-ci ilin iyunun 20-dən başlayaraq, məqbərədə qazıntılar aparıldı. Teymurun basdırıldığı yerin üstü çox qalın mərmər təbəqə ilə örtülmüşdü.
Antropoloq Gerasimov: Əmir Teymur avropoid irqinə məxsus, mavi gözlü kişi olub
Qazıntı işlərinə arxeoloqlarla yanaşı, antropoloq Gerasimov da dəvət edilmişdi. Ötən il Gerasimovun qazıntılar zamanı yazdığı qeydləri əldə etdim. O qeydlərə əsasən, Teymur haqda başqa mifləri də dağıtmaq mümkündür. Məsələn, Teymurun xarici görünüş məsələsini. Əmir Teymuru çox zaman necə təsvir edirlər? Monqol gözlü, enli sifətli. Lakin Əmir Teymurun skeletini bərpa edən Gerasimov özü etiraf edir ki, bu belə deyil. Kəllə sümüyünü bərpa edərkən – antropologiyada belə bir qayda var ki, əvvəlcə sifətin bir hissəsi təmir edilir, sonra o biri hissə digərinə simmetrik olaraq düzəldilir, mumla işlənir. Əmir Teymurun sifəti hazır formaya gələndə Gerasimov özü də heyrətlənir ki, bu, avropoid irqinə, ağ irqə aiddir. Bu isə bir daha sübut edir ki, nəinki, Əmir Teymur, eləcə də ondan əvvəlki qədim türklərin əksəriyyəti, iddia edildiyi kimi, monqoloid irqinə məxsus olmayıblar. Hətta Gerasimov İbn Ərəbşahın bir yalanını da üzə çıxarır. Guya Əmir Teymur qanı sevdiyinə görə, sifətinə qırmızı xınadan qan qoyurmuş. Lakin benakulyar tədqiqat zamanı, yəni tükün tədqiqatı zamanı Gerasimov deyir ki, burada heç bir rəngdən istifadə olunmayıb, bu, Teymurun öz sifətidir. Əmir Teymurun saqqalı ilə yanaşı, uzun, yanlara sallanan bığları olub. Hansı ki, sonradan bu formaya “qızılbaş bığları” deyilib. Gözləri isə mavi rəngdə olub. Amma çox təəssüf ki, Əmir Teymuru çox zaman belə təsvir etmirlər.
Əmir Teymurun məzarı və II dünya müharibəsi arasında əlaqə varmı?
Bəs qazıntının nəticəsi nə oldu? İyunun 20-də başlayan qazıntılardan 2 gün sonra bütün dünyanı lərzəyə salan II dünya müharibəsi başladı. Stalin materialist olmasına baxmayaraq, inandığı bəzi şeylər var idi. Hətta Nasırovun qeydinə görə, Volqoqradın mühasirəsi zamanı Əmir Teymurun sümükləri yığılmış təyyarə şəhər üzərində 3 dəfə fırlanmış, təzədən gətirib dəfn etmişdilər. Ondan sonra Əmir Teymurun qəbri bir daha açılmayıb. Niyə? Çünki adam vəsiyyət etmişdi ki, mənim qəbrimi açsanız, böyük savaş başlana bilər. Və türk dünyasının böyük əmiri hazırda Səmərqənd şəhərində onun adına olan Gorəmirin məqbərəsində uyumaqdadır. Allah rəhmət eləsin!
(APA.TV)
Şərhlər