Lotu Quli yalnız bu cür azad ola bilər - FOTOLAR
05.06.2016 16:31 Maraqlı 3545
Qalmaqallı azərbaycanlı dustaq “Lotu Quli” ləqəbli Nadir Səlifovun səs-küylü işi davam edir. Qanunlar onun lehinə olsa da, hələlik onun azadlıq yolu görünmür.
Avropa.info xəbər verir ki, Nadir Səlifov Gürcüstan vətəndaşı kimi, öz ölkəsinə ekstradisiya olunmaq və orda azadlığa çıxmaq istəyir, ancaq onun Tiflisə yolu bağlıdır. Gürcüstan Ədliyyə Nazirliyinin Nadir Səlifovu Gürcüstan dövlətinin vətəndaşı kimi tanıması ilə bağlı birmənalı qərarını əks etdirən sensasiyalı bəyanatına baxmayaraq, Azərbaycan Ədliyyə Nazirliyi məşhur cinayətkarı ölkə vətəndaşı kimi tanıyır.
Bundan əvvəlki məqalədə deyildiyi kimi, N.Səlifov Gürcüstan SSR-in Dmanisi rayonunun Mamışlo kəndində anadan olub, orada da orta təhsil alıb. 26 may 1989-cu il tarixində Gürcüstan SSR DİN tərəfindən ona ilk qeydiyyat ünvanı ilə sovet pasportu verilib.
Təlatümlü 90-cı illərin əvvəllərində N.Səlifov dostu və həmyerlisi Otar Bədəlovla birlikdə Bakıya köçüb və burada ilk cinayətlərini törədib. Yeri gəlmişkən, sonradan əfsanəvi qanuni oğru “Otar” olmuş Otar Bədəlov da Quli kimi Gürcüstanda anadan olub və böyüyüb. Bircə fərqlə ki, Marneuli rayonunda.
Ya səhv, ya da diqqətsizlikdən Quli və Otarın uzun müddətli həbs cəzasına məhkum olunduqları 1996-cı ilin dekabr ayında verilmiş hökmdə Otar Bədəlov Gürcüstan, Nadir Səlifov isə Azərbaycan vətəndaşı kimi göstərilib.
Görünür, məhkəmə Nadir Səlifovu yalnız bu səbəbdən Azərbaycan vətəndaşı kimi qeyd edib ki, həmin vaxt o, Bakı şəhəri, Bakıxanov qəsəbəsi (keçmiş Razin), Axundzadə küçəsi, ev 36-da qeydiyyatda idi. Halbuki, elə həmin hökmə əsasən, O.Bədəlovun da Bakı qeydiyyatı olub. Ola bilsin ki, məhkəmə o zaman Quli üçün taleyüklü səhvə yol verib. Bu hakimin yeganə səhvi deyil, belə ki, tərcümeyi-halında N.Səlifov evli kimi qələmə verilir, halbuki, o zaman nikahda deyildi.
Həmin hökmdən savayı, bircə sənəddə belə N.Səlifovun Azərbaycan vətəndaşlığı barədə qeyd yoxdur. Onun heç vaxt nə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi, nə də ümumvətəndaş pasportu olub. Onun heç ağlına da gəlmirdi ki, bu sənədlərə görə müraciət etsin, çünki özünü tam hüquqlu Gürcüstan vətəndaşı hesab edirdi.
Qulinin Gürcüstana ekstradisiyasının əleyhinə çıxanların bircə ipucu var – onun Bakı qeydiyyatı. Lakin Azərbaycanın Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 62-ci maddəsinə müvafiq olaraq, məhkum olunduqdan sonra şəxsin yaşayış yeri üzrə qeydiyyatı ləğv edilir. Yalnız məhkumluq müddəti başa çatdıqdan sonra azad edilmiş vətəndaş məhkəmə qaydasında qeydiyyat hüququndan məhrum olması barədə qərarın ləğvini və əvvəlki mənzilində yaşamaq hüququnu tələb edə bilər.
Beləliklə, əvvəlki qanun hətta nəzəri cəhətdən belə Qulinin Azərbaycan vətəndaşlığını əsas kimi göstərməklə əbədilik məhbus saxlanılmasını tamamilə mümkünsüz edir.
Digər tərəfdən, maraqlıdır ki, bu qatı cinayətkar Azərbaycanın nəyinə lazımdır axı? Adam 20 ildən çoxdur ki, cəza çəkir. Başqa bir ölkəyə, həm də özünün can atdığı ölkəyə deportasiya edərək, ondan yaxa qurtarmaq daha yaxşı olmazmı? Elə Gürcüstan özü də onu sevincək qəbul etməyə hazırdır. Və göründüyü kimi, yalnız qəbul etməklə kifayətlənməyib, öz vətəndaşı uğrunda mübarizənin hüquqi imkanlarını da araşdırmaqdadır. Ələlxüsus da nəzərə alsaq ki, həmin vətəndaş bütün cinayət əməllərini başqa bir dövlətin ərazisində törədib.
Reaksiya.info
Şərhlər