ABŞ-da parlayan azərbaycanlı: "Kino çəkmək istəyirəm" - VİDEO
11.07.2015 11:46 Maraqlı 2449
Keçən ay ABŞ-ın NBC telekanalının azı bir Azərbaycan qədər – doqquz milyon izləyicisi olan məşhur “America’s got talant” yarışmasında bir azərbaycanlı parladı.
O, çıxışını bitirən kimi münsiflərdən biri həyəcanla Üzeyirə deyir: “Sən dahisən. Charlie Chaplin də dahi idi, sən də dahisən. Möhtəşəm!!!”.
Sakit okeanın sahili ilə Avropa arasında saat fərqi söhbətimizin alınmasını bir az çətinləşdirsə də, sonda anlaşdıq ki, biz suallarımızı göndərək, Üzeyir yazılı cavab versin. Üzeyir ingilis dilində yazışmağa üstünlük verdi…
Qısa, fasiləli canlı ünsiyyətdən yadda qalan isə telefonun o başındakı ehtiramlı səs tonu, tanış ləhcənin “j”sı, bir də Üzeyirin tez-tez işlətdiyi “eləmi, çox gözəl, gözəl!”i oldu.
7-ci sual: Üzeyir, jurini heyrətə gətirən çıxışınızda dəstəksiz nərdivana dırmaşırsınız.
Qafqazdan Sakit okeanın ən məşhur səhnələrinə qədər yol gəlmisiz. Bu yolçuluqda ən çətin adlanan pillə hansı oldu?
- Hər bir peşənin öz çətinliyi var- səbr.. səbrli olmaq çox vacibdir. Və azacıq zəhmət çəkmək.
Mənim pilləkənlərimdə, həyatın özü kimi zirvəyə addım-addım qalxırsan. Nə olursa-olsun, heç bir halda ruhdan düşüb, geri çəkilmə!
Bu, elə mənim həyat şüarımdır.
Üzeyir Novruzov 1976-cı ildə Ermənistanda doğulub. 1988-ci ildə ailəsi ilə birlikdə Rusiyaya – Krasnodar şəhərinə köçüb. Anası hazırda Gəncədə yaşayır. Atası vəfat edib.
Üzeyirin doqquz yaşında iki əkiz qızı var. Ailəsi ilə birlikdə dünyanın ən böyük əyləncə şəhərlərindən sayılan Las-Vegasda yaşayır. İndi məşğul aktyor həyatı var - bu şəhərdə ona iş çoxdur.
3-cü sual: Müsahibələrinizdən birində demisiz ki, sirk ustası olmağınız atanızın arzusu idi. Siz hələ də atanızın arzusunda yaşayırsız, yoxsa sizinkinə çevrilib bu arzu artıq? Sizin öz arzunuz nə idi bəs?
- Sirk ustası olmaq atamın arzusu yox, mənə məsləhəti idi. Atam özü müxtəlif işlərlə məşğul olurdu, amma incəsənət adamı deyildi. Yaxşı səsi var idi, özünü inkişaf etdirsəydi, bəlkə müğənni olardı. Yəqin ona görə də uşaqlarının idmançı və ya incəsənət adamı olmasını istəyirdi.
Mənim özümün isə xüsusi bir uşaqlıq arzum yox idi. İndi isə var- indi mən filmlərə çəkilmək və film çəkmək istəyirəm.
Üzeyir deyir ki, bir gün uşaqlıq xatirələrini əks etdirən qeyri-adi bir şou yaratmaq istəyir. Şounun detallarını indi təsəvvür etmir, amma orda Azərbaycan kültürü və ənənələrinin olacağına inanır.
Üzeyirin uşaqlığı isə şən keçib, ata-anası dörd səs-küylü uşaq böyüdüb. Üzeyir uşaqlıqdan baməzə imiş: tez-tez onu qohum- əqrabanıyamsılayan görərmişlər.
8-ci sual: “America’s got talent”də siz Charlie Chaplin rolundasız. Niyə Charlie Chaplin?
- Çünki mən Alain Delon deyiləm. Üz cizgilərim Çarlie Chapline-ə bənzəyir və mən bundan qürur duyuram.
14-cü sual: Dəstəksiz nərdivana qalxmaq üçün adamda ürək lazımdır. Həyatda da ürəkli adamsız? Elə isə ən ürəkli qərarınız nə olub?
- Mən Supermen saymıram özümü, amma cəsarətli adam olduğumdan əminəm. Biz hər gün həyatımızda kiçik-kiçik cəsarət nümayiş etdiririk. Həyatımda elə hadisə yoxdur ki, vaxtında addım atmadığıma görə peşman olum. Mən həmişə qərarlarımda cəsarətli olmuşam.
Sonuncu sual: Fotolardan gözləriniz çox kədərli təsir bağışlayır…
- Gözlərim kədərli deyil. Bu, kədər deyil, qəlbimin dərinliyindəki mehribanlığın görünən ifadəsidir.
/azadliq.org/
Şərhlər