Küftəli göbələk şorbası
26.07.2016 15:39 Maraqlı 1554
Tərkibi (6 pay):
300 q tülküqulağı *
300 q qiymə
göy soğan
1 baş soğan
1 yerkökü
20 q kərə yağı
2 x.q. limonlu zeytun yağı
3 diş sarımsaq
1 x.q. qara istiot
1 ç.q. hisə verilmiş paprika
1 x.q. xmeli-suneli
1/3 st. lobya
2 kartof
2 x.q. xama
Lobyanı gecədən suda isladın, süzüb yuyun, yumşalınca bişirin. Süzün.
Qiyməyə doğranmış göy soğan və baş soğan qatın, duz, hisə verilmiş paprika, qara istiot və xmeli-suneli, 1 çimdik şəkər tozu, limonlu zeytun yağı əlavə edib yoğurun. Bildirçin yumurtasından bir qədər iri küftələr tutun. Odadavamlı qaba yığıb 200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Hazır küftələri çıxarıb kasaya yığın, bişən zaman ayrılan şirəsini də üstünə tökün. İsti saxlayın.
Kartofu təmizləyib barmaq yoğunluğunda doğrayın, üzərinə qaynar su töküb bir az yumşalanadək bişirin.
Yerkökünü nazik saman kimi, baş soğanı yarımhalqa doğrayın, sarımsağı xırdalayın. Kərə yağında qovurun. Tülküqulağını əlavə edib yarımbişmiş hala gələnədək bişirin.
Qaynayan kartofa hazırladığınız digər tərəvəzi qatın, lobyanı da əlavə edin, qaynara düşəndə duzunu-istiotunu yoxlayın.
Hazır şorbanı boşqablara çəkin, küftələri əlavə edin. Süfrəyə xama və doğranmış göyərti ilə verin.
* Tülküqulağı iki cür olur: yeməli və zəhərli. Yeməli tülküqulağı göbələyində papaq kənarları dalğavari, açıq-sarı rəngdə olur. Zəhərli tülküqulağında isə papaq kənarları hamar, qırmızımtıl-narıncı rəngdə olur, kəsdikdə şirə axır.
Nuş olsun!
Şərhlər