Padşahlar otunun çoxsaylı faydaları
02.08.2016 13:31 Maraqlı 1510
Qədim zamanlarda Şərgdə reyhan həm yeməklərin bişirilməsi zamanı, həm də tibdə geniş istifadə olunurdu.
Şərqdə reyhanın qidalı və müalicəvi xüsusiyyətləri çox yüksək qiymətləndirilirdi. Burada reyhanı hətta "padşahlar otu" adlandırırdılar və deyirdilər ki, "hər gün reyhan yeyən insan qocalmaz". Yeri gəlmişkən, reyhan həqiqətən orqanizmdə qocalma prosesləri ləngidən antioksidant maddələrlə zəngindir.
Reyhan unikal kimyəvi tərkibə malikdir. Reyhanda efir yağları, vitaminlər (K, P, A, B2), fitonsidlər, minerallar (dəmir, mis, marqans, kalium, maqnezium) və s. dəyərli maddələr var.
Reyhan insanın mədə-bağırsaq sisteminə çox müsbət təsir edir - həzm prosesləri yaxşılaşdırır və sürətləndirir, bağırsaq köpü aradan qaldırır, bəzi qidalardan sonra qarında əmələ gələn diskomfort və ağrıları azaldır. Reyhan xüsusilə yağların parçalanmasını asanlaşdırır və sürətləndirir. Məhz bu səbəbdən Şərqdə ta qədimdən yağlı, çətin həzm olunan qidalara tez-tez reyhan əlavə edirlər.
Reyhan əla spazmolitikdir. Qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı olan ağrıları, spazmala bağlı olan baş və qarın ağrıları azaldır. Bunun üçün təzə reynahı yemək və ya reyhan dəmləməsini içmək olar.
Reyhan antiseptik, iltihabəleyhinə təsirə malikdir. Nəfəs yolları xəstəlikləri zamanı reyhan dəmləməsi çox yaxşı müalicəvi təsir edir, bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır. Bu məqsədlə 10 reyhan yarpağı 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və gün ərzində 3 dəfə 1/3 stəkan olmaqla ilıq şəkildə içilir.
Ağız boşluğu iltihabları, stomatit zamanı reyhan dəmləməsi çox yaxşı müalicəvi təsir edir, iltihabı azaldır.
Reyhan sinir sisteminə olduqca müsbət təsir edir. Həytta təzə reyhanın iyi insanı sakitləşdirir, əhval-ruhiyyəsini yaxşılaşdırır. Tez-tez stress vəziyyətlərinə düşən, nevroz, depressiyadan əziyyət çəkən insanlar reyhanı öz qidalanmasına daim daxil etməlidir, reyhan dəmləməsi içməlidir.
Reyhan ürək-damar sistemimiz üçün də çox faydalıdır. Onun tərkibində olan efir yağları ürəyin fəaliyyətinə çox müsbət təsir edir, arterial təzyiqinin tənzimlənməsinə kömək edir, damarları daha sağlam edir, qanın tərkibinə müsbət təsir edir.
Reyhan immun sisteminə də çox müsbət təsir edir. İmmun sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün belə müalicəvi çaydan istifadə etmək olar - 5 yarpaq reyhan + bıcağın ucunda darçın və zəncəfil 1 fincan qaynar suda dəmlənilir, bir az soyudulur, 1 çay qaşığı bal əlavə olunur və çay kimi içilir. Belə çay həm də insanı daha gümrah edir, iş qabiliyyətini artırır.
Podaqra zamanı reyhan çox faydalıdır - orqanizmdə sidik turşusunun səviyyəsini azaldır və xəstənin vəziyyətini yaxşılaşdırır.
Həkimlərin fikirinə görə, reyhan xərçəng əleyhinə təsirə malikdir. (Saglamolun.az)
Şərhlər