Sabiq deputatla şirkət rəhbərinin çəkişməsi davam edir - Agent “007” kimdir? - FOTOLAR
27.07.2015 16:14 Maraqlı 3594
Xəbər verildiyi kimi, "Ataxan" Dəmir Sənayenin təsisçisi, Milli Məclisin keçmiş deputatı, Yeni Azərbaycan Partiyasının üzvü, iqtisadçı alim Nazim Məmmədov “Baku Steel Company” ASC Müşahidə Şurasının sədri Rasim Məmmədovu məhkəməyə verib.
Onun iddiasına görə, qarşı tərəf "Ataxan" Dəmir Sənaye haqqında həqiqəti əks etdirməyən və işgüzar nüfuza xələl gətirən fikirlər səsləndirib. Guya bu şirkət kustar üsulla armatur istehsal edib.
“2003-cü ildə dövlət qeydiyyatından keçən, 2009-cu ildən armatur istehsalına başlayan və 2012-ci ildə fəaliyyəti dayandırılan şirkətin üzləşdiyi bütün problemlər məhz “Baku Steel Company” və onun sahibi Rasim Məmmədovla bağlıdır. Dəfələrlə onların öyrətdikləri insanlar şirkətimizdə yoxlamalar apardı, hətta 2008-ci ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi işçilərimizdən birini də həbs etdi. Sonradan öyrəndim ki, bunun arxasında mən Rasim Məmmədov dayanır. İndi o, etdiklərinə məhkəmədə cavab verməlidir. Cənab prezidentin sahibkarlıq fəaliyyətilə bağlı çıxışından sonra bizim məhkəmə işimizlə bağlı Respublika Prokurorluğu və İqtisadi İnkişaf Nazirliyi də maraqlanıb. Ümid edirəm ki, bu iş öz yerindən tərpənəcək. Baxmayaraq ki, məhkəmə onların xeyrinə qərar verir. Nəticədə Cinayət Məcəlləsinin bir neçə maddələri pozulub, Binəqədi polisinə və prokurorluğuna yazdığımız ərizələr yoxlanılmayıb. Ancaq bir neçə gün bundan öncə Respublika Prokurorluğundan mənə zəng etdilər ki, o işi nəzarətə götürüblər. Ümid edirik ki, bu, cənab prezidentin birbaşa müdaxiləsi nəticəsində öz həllini tapır. Sahibkarlığı əngəlləyən insanlar birbaşa vətənə xəaynət edən insanlardır”, - deyə iş adamı vurğulayıb.
İqtisadçı alim bu çəkişmənin gündəmdə saxlanılması üçün mediaya təşəkkürünü bildirib: “Ən böyük təşəkkür isə cənab prezidentədir, çünki onun sahibkarlığa etdiyi dəstək sahibkarların fəaliyyətinə müsbət təsir edəcək”.
Nazim Məmmədov “Baku Steel Company” ASC Müşahidə Şurasının sədri Rasim Məmmədov haqda yeni şok faktlar açıqlayıb: “Bu yaxınlarda Nərimanov rayon məhkəməsində keçirilən iclasda həmin şirkətin nümayndəsi və vəkili dedi ki, adı çəkilən şirkətdə Rasim Məmmədov adlı şəxs yoxdur. Onda sual olunur ki, “virtualaz.org” və “haqqın.az” saytlarının rəhbəri, jurnalist Eynulla Fətullayev Rasim Məmmədovdan şirkət sahibi kimi müsahibə alanda o, niyə özünü belə təqdim edib? Belə çıxır ki, “Baku Steel Company” mafioz bir strukturdur və onun rəhbəri də agent “007”dir. Yəqin hüquq-mühafizə orqanları bu fakt üzərində işləyəcək və bu şirkətin əsil sahibini tapacaq”.
Qeyd edək ki, Nazim Məmmədovun fikirlərinə münasibət almaq üçün Rasim Məmmədovla əlaqə saxlamaq cəhdimiz baş tutmadı. O, sadəcə salam verdikdən sonra Nazim Məmmədovun adını eşidən kimi telefonu söndürdü.
Reaksiya.az Rasim Məmmədovun mövqeyini də dərc etməyə hazırdır.
Şərhlər