Əsrin böyük icadı, yoxsa bəlası?!

16.05.2017 07:00     Maraqlı     1837

Bu gün qadınların böyük əksəriyyətinin (son zamanlar isə kişilərin də) istifadə etdiyi lazer epilyasiyası tibb elminin ən böyük icadlarından sayıla bilər.

Dünyanın hər yerində milyonlarla insan sürətlə yayılan bu üsul vasitəsilə arzuolunmaz tüklərdən azad olmaq üçün istifadə edir. Amma lazer aparatlarının da insan orqanizmi üçün tam ziyansız olmasını demək mümkün deyil.

Belə ki, bu aparatlardan ziyan çəkən insanlar da az olmayıb.Reaksiya.az xəbər verir ki, Sputnik Azərbaycan-a danışan mütəxəssislər lazer epilyasiyasının orqanizm, xüsusilə insan dərisi üçün yaratdığı problemlərdən bəhs ediblər.

Dermatoloq Mahir Məmmədli bildirib ki, lazer epilyasiyalarından 21-ci əsrdə istifadə olunmağa başlanılıb. Bu aparatdan qaydasında və düzgün istifadə edilərsə, heç bir problem olmaz: "Qaydalar ondan ibarətdir ki, lazer epilyasiyasına getməmişdən öncə həkim dermatoloqun rəyi olmalıdır. Dermatoloq müəyyən etməlidir ki, xəstənin işığa həssaslığı hansı vəziyyətdədir. Eyni zamanda, elə dərman preparatları var ki, xəstə onları qəbul edib lazer epilyasiyasına gedərsə, bu zaman lazer ona əks-təsir edə bilər. Bəzi qrup antibiotiklər və bir sıra digər qruplara aid dərmanlar var ki, onlar lazer epilyasiyası zamanı insan orqanizminə əks-təsir göstərə bilər. Xüsusilə, dərisi həddən açıq ağ olan insanların dəriləri çox həssas olur və onların əksəriyyətinə epilyasiya olmaz. Digər hallarda isə epilyasiyanın bədənə mənfi təsiri yoxdur".

"Təəssüflər olsun ki, bizdə epilyasiya mərkəzlərində həkim nəzarəti yoxdur və bu prosedur həkim rəyi olmadan həyata keçirilir. Ona görə də, insanlar müxtəlif problemlərlə qarşılaşırlar. Amma digər ölkələrdə buna mütləq şəkildə həkim nəzarəti var və həkim rəyindən sonra epilyasiya həyata keçirilir" – deyə həkim-dermatoloq əlavə edib. O qeyd edib ki, bəzi hallarda düzgün epilyasiya edilmədikdə dəridə yanıqlar ola bilir: "Aparatın temperatur dozasını düzgün seçmədikdə dəri yana bilir və uzun müddət bu yara sağalmır. Yanıqlar dermatoloq köməyi ilə aradan qaldırılır".

Digər dermatoloq Elçin Sadiqov isə deyib ki, lazer epilyasiyasının doğru müayinə üsulu olub-olmadığına qərar vermək üçün bir çox faktorlar var: "Bunlardan ən önəmlisi prosedur sonrası yarana biləcək yan təsirlərin riskini anlamanızdir. Hansısa tibbi müalicədən sonra baş verə biləcəklərlə bağlı qarantiya olmadığı kimi, lazer epilyasiyasından sonra baş verə biləcəklərə də təminat yoxdur. Bu təsirlər qalıcı və keçici ola bilər".

"Lazer epilyasiya sonrasında ağrı, şişkinlik, qızarma, dərinin qabarması, dəri ləkələri kimi keçici yan təsirlər göründüyü kimi, dəridə solma, yanıqlar kimi qalıcı təsirlərə də rast gəlinə bilər" – deyə həkim bildirib. O əlavə edib ki, ən böyük risk günəş şüasıdır: "Lazer epilyasiyasına başlamadan əvvəlki 30 gün ərzində günəş şüasına məruz qalmamaq məsləhət görülür".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar