Məti Osmanoğlu yazır - “THE NEXT STATION IS….”
30.07.2015 23:41 Maraqlı 3889
Birinci Avropa Oyunlarından bizə qalan maraqlı şəhər elementlərindən biri də Bakı metrosunda elanların azərbaycanca ilə yanaşı, həm də ingilis dilində verilməsidir. O da xoşdur ki, metro dayanacaqlarının adları öz dilimizdə səsləndirilir.
Lakin burada yesyekə bir AMMA ortaya çıxır: stansiyaların adı niyə bu qədər əcaib, qəraib və eybəcər səsləndirlir? Buna, yəni hamımız üçün xüsusi məna və əhəmiyyət daşıyan “20 Yanvar”, “Elmlər Akademiyası”, “28 May”... kimi adların eybəcər şəkildə səsləndirilməsinə ehtiyac varmı? Veriləcək cavabı təxmin edirəm: elanları səsləndirən adam ingilis dilinin daşıyıcısı olduğuna görə Azərbaycan sözləri ingilis dilinin aksenti ilə tələffüz edilir.Əvvələn, metro dayanacaqlarının adlarını Azərbaycan dilinin tələffüz qaydalarına uyğun səsləndirən ingilis dili daşıyıcısı tapmaq mümkün idi (hər halda, mən belə bir ingilis tanıyıram). Lakin mən səsləndirmənin məhz ingilis dilini yaxşı bilən və doğma dili Azərbaycan dili olan, bu dildə səlis danışan adam tərəfindən yazılmasına üstünlük verərdim. Əslində, Bakı metrosunda, eləcə də digər ictimai yerlərdə Azərbaycan dilinin aksenti ilə təmas ingilisdilli qonaqlar və şəhər sakinləri üçün daha maraqlı ola bilər. Xatırladım ki, vaxtilə Tiflisdə rus dilində gürcü aksenti ilə səsləndirilən elanlar elə rus dilinin özünə nə qədər böyük kolorit gətirir, rəng qatırdı. Sovet televiziyası Tiflisin futbol komandasının oyunlarının aparılmasını rusca kəskin aksentlə danışan Kote Maxaredzeyə həvalə edirdi.
Mənə elə gəlir ki, dilimizə biz də bu meyarla yanaşmalıyıq. Metro dayanacaqlarının adları isə mütləq və mütləq Azərbaycan dilinin aksenti ilə səsləndirilməlidir. Əminəm ki, bu, ingilis dilli insanlar üçün də çox xoş və maraqlı olacaq.
Şərhlər