Tərəzinin bir gözündə ət, digərində kartof: - Azərbaycan ailəsi nə yeyir?
15.10.2017 13:26 Maraqlı 2289
2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 24,8 mlrd. manata bərabər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 12,6 mlrd. manatınıərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,2 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,4 faiz və 2,9 faiz üstələyib.
Xərcinmizin yarısı yeməyə gedir
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,2 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bazarlar öndədir
2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 12 faizi ticarət müəssisələri, 53,2 faizi fərdi sahibkarlar tərəfindən, 34,8 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar üzrə 1,4 faiz, bazar və yarmarkalar üzrə 1,2 faiz artıb.
Hər ay 143 manat xərcləyirik: yeməyə, içkiyə və tütünə
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 283,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 143,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Çox yeməkdə birincilərdənik
Rəqəmlər göstərir ki, ölkəmizdə hesabat dövründə təqribən 13 milyard manatlıq ərzaq yeyilib.Beləliklə də Azərbaycan ərzağa qazancın böyük hissəsinin xərcləndiyi ölkələr siyahısına düşüb.Əslində ölkəmiz son illər bu siyahıdakı yerini qoruyub saxlayıb. Bir müddət əvvəl ABŞ Kənd Təsərrüfatı Departamentinin dünya ölkələrində ərzağa xərclənən pulla bağlı hesabatında göstərmişdi ki, Azərbaycanda əhali istehlak xərclərinin 40,1%-ni ərzağa sərf edir. Dünya ölkələri ilə müqayisədə bu göstərici yüksək hesab olunurdu.Çünki dünyanın inkişaf etmiş ölkələrində rəzağa xərclənn vəsait şəxsi büdcənin 5-10 faizi civarında olur. Rəqəmlər göstərir ki, Amerikada istehlak xərclərinin cəmi 6,4%-i ərzağa sərf olunur. Avropa ölkələrində də bu göstərici o qədər çox deyil- 10%-dən aşağı. Hesabata əsaəsn ,Gürcüstanda bu göstərici 31,6%-ə, Rusiyada 32%-ə, Türkiyədə isə 21,5%-ə bərabər olub.
“Ayı 4 kiloqram ətlə yola veririk”
Bəs ərzaq adına orta statistik Azərbaycan alıcısı nə alır? Bu suala ən yaxşı cavabı marketlərdə tapmaq olar.Alış-veriş mərkəzlərində ən çox alıcı məhz ərzaq bölmələrində olur.Bazarlarda da eyni vəziyyətdir.Həmsöhbətimiz Səməd Quliyev deyir ki, həyat yoldaşı ilə bərabər aylıq qazancları 560 manatdır. 2 uşaq olmaqla 4 nəfərdən ibarət ailə bu pulun hər ay yarıdan çoxunu məhz ərzağa xərcləyir:
“Ev özümüzündür və kirayə vermirik. İşıq, qaz, su yayda olmasa da qışda 70 manata yaxın pul tutur.Ev kiçikdir, əgər böyük olsaydı, yəqin ki, 100 manat olardı.Tez-tez geyim almırıq, alanda da əsasən uşaqlara alırıq.Biz özümüz köhnələrlə yola veririk. Amma uşaqlar böyüyür, bu ilgeyindiyi paltara gələn il əyninə olmur. Pulun çoxunu ərzağa xərcləyirik”.S.Quliyev deyir ki, ərzaq deyəndə o qədər də bahalı və kalorili ərzaq nəzərdə tutmur. Yəni, süfrədə heç də həmişə ət olmur: “Ətin kilosu 12-13 manatadır. Hər gün ət yemək heç kinolarda da olmaz. Toyuğun kiloqramı az qalır 6 manata çatsın. Kartof 1,2 manatdır. Soğan 60 qəpikdir.Əvvəl deyirdilər ki, kolbasa-pendirlə günü keçiririk.Kolbasa-pendir tələbə yeməyi sayılırdı, ucuz olduğuna görə.Amma indi kolbasa ən bahalı mallardan biri olub.Normal kolbasa almaq istəsən, kilosu 10-12 manatadır.Onu da almaqdansa, ət almaq daha yaxşıdır.Ayı başa vuranda sevinirik ki, qurtardı. Yayda yenə rahatdır, meyvə-tərəvəz boldur, qiymət bu il ucuzlaşmasa da qışla müqayisədə daha aşağıdır. Biz şəxsən ayda 4 kiloqram ət ala bilirik, qalanını da toyuqla, kartofla yola veririk.Ətrafda, qohum-qardaşda olanlar da bizim kimi.Maşınımız olsaydı, benzinə də azı 100 manat gedəckdi.Məktəb başlayandan uşaqların xərci artıb.İş dəftəri, test kitabları, məktəb ləvazimatı alırıq”.
“Şalvarın balağını kəsib 2 manat alıram”
Başqa bir həmsöhbətim, dərzi işləyən Sədaqət xanım “Cümhuriyət”ə deyib ki, gündəlik qazancı olsa da bu, normal dolanışıq üçün imkan vermir:
“Ailədə 4 nəfərik, biri məktəbli, biri tələbə olan 2 uşaq və yoldaşımla mən. Yoldaşım əvvəl avtobus sürücüsü olub, səhhəti ağır işdə və uzun müddət işləməyə imkan vermədi.İndi taksi sürür.Amma taksi şirkətləri bazarı tamam öldürüb.Yoldaşım da öz maşını ilə həmin şirkətlərdən birində işləmək istəyirdi, yaşı 60 olduğuna görə götürmədilər.Pensiyaya da çıxmağına hələ var. Mən də 58 yaşında dərzilik edirəm. Əvvəl tikiş sexində işləyirdim, ötən il sex bağlandı, biz 2 nəfər yer tutub özümüz işləməyə başladıq. Amma indi əksəriyyət hazır mallara üstünlük verir, dərziyə gələn azdır.Buna görə də işimiz alınmadı.İndi hərə öz evində işləyir.Mənim müştərilərim olur, çünki az-çox tanınıram.Bir şalvarın balağını kəsib düzəldirəm, 2 manat alıram.Ya da paltarın ölçülərini dəyişəndə 5 manat verirlər.Təzə paltar tikdirən demək olar ki, yoxdur.Parçalar çox bahadır.Normal keyfiyyətdəki parçaların metri 20-30 manatdan başlayır.Hazır paltar almaq ondan ucuz başa gəlir.Buna görə də dərziyə ancaq nəyisə düzəltdirmək lazım olanda gəlirlər”.
“...gündəlik çörək almağa pulumuz olacaq”
Həmsöhbətim bildirir ki, həftə ərzində 20-30 manat qazanmaq imkanı olur:
“Belə baxanda nə puldur ki? 20-30 manatla bazara getmək olar? O pul elə gündəlik tələbat mallarıına xərclənib qurtarır. Amma şükür edirəm, o da olmasaydı, nə edərdim?Yenə heç olmasa bilirəm ki, gündəlik çörək almağa pulumuz olacaq”.Ailəyə ayda nə qədər vəsait daxil olmasına gəlincə, həmsöhbətim bu məbləği hesablamaqda çətinlik çəkir. Bununla belə, əri və özünün qazandqlarını gözəyarı hesablayaraq 400 manat deyir: “Böyük oğlum tələbədir, 2-ci kursda oxuyur. Yayda ofisinatlıq edirdi, gündə 15 manat da o gətirirdi evə. Yayda buna görə vəziyyətimiz bir az daha yaxşı olurdu. Qışa bir az ehtiyat görə bildim. Dərslər başlayandan ofisiant işinə getmir, çünki dərsi ikinci növbədir, çatdırmaq olmur”.
“Yağ sudan fərqlənmir”
Evə gələn 400 manatın bölgüsünə gəlincə, həmsöhbətim bu vəsaitn azı 50 manatını kommunal xərclərə ayırdıqlarını deyir. Bütün digər xərclər isə yerdə qalan 350 manatın “boynundadır”:
“Toy olanda canıma vəlvələ düşür. Bizim də uşaqlarımız var, borcdur.Hər şeyi qənaətlə istifadə edirəm.Ayda 3 kilodan artıq ət almırıq, o da qonaq gələndə bu qədər olur.başqa vaxtlar 2 kiloqram ət alırıq. Daha çox toyuq və ağartı məhsulları, kartofa üstünlük veririk.Kartofu bir gün qızardıram, bir gün kotletini bişirirəm, bir gün püre edirəm.Dolanmaq üçün başqa əlac yoxdur. Daha çox duru yağ alıram. İndi də yağ lap bahalaşıb. Duru yağın bir litri də az qalır 4 manat olsun. Özü də yağ deyil, sudan bir az fərqlidir. Hər gün evdə 3 çörək yeyilir, ayda təkcə 45 manat bu hesabla çörəyə gedir.Yəqin elə hamı belə bazarlıq edir”.(cəbhə.info)
Şərhlər