Lamiyə Quliyeva: “Mən o sayta elə söz deməmişəm”

01.08.2015 16:05     Maraqlı     2676

Həbsxanada ana olmaqla gündəmə gələn Lamiyə Quliyeva ilə bağlı yenidən xəbərlər yayılıb.

O, “Uşağımın şəhadətnaməsində ata adı yerində Vüqar Əliyevin adı qeyd olunub” deyib.

Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

Maraqlıdır ki, Lamiyənin övladının onun keçmiş nişanlısı Vüqar Əliyevə heç bir aidiyyəti yoxdur. Lamiyə özü açıqlamasında süni mayalanma ilə uşaq dünyaya gətirdiyini və övladının atasının məhkum Elnur Rəsulov olduğunu açıqlamışdı.

İndi isə E.Rəsulovu deyil, keçmiş nişanlısı Vüqar Əliyevin övladının atası olaraq göstərib. V.Əliyev ömürlük məhkum kimi Qobustan qapalı həbsxanasında başqa bir qadınla ailə də qurub və vəkili vasitəsilə Lamiyədən imtina etdiyini açıqlamışdı.

Məlumatla bağlı Lamiyə Quliyevanın özü ilə əlaqə saxladıq. O,  saytda yer alan xəbəri inkar edərək bildirdi ki, “Məndən saytın xanım əməkdaşı açıqlama aldı. Və mən ona uşağın atasının Vüqar Əliyev kimi yazıldığı haqda söz deməmişəm. Xanım mənim adımdan yalnış məlumat verib”.

Saytda yayımlanan səhv informasiyaya görə hiddətlənən Lamiyə əlavə etdi ki, bununla bağlı saytın rəhbərliyi ilə əlaqə saxlayacaq və öz kəskin etirazını bildirəcək.

 

 

Şərhlər