6 yaşlı Zeynəbin faciəvi qətli Pakistanı çalxaladı
25.01.2018 13:25 Maraqlı 1885
6 yaşlı Zeynəb Ənsəri yanvarın 4-də yoxa çıxmışdı. Quran dərsinə yollanmış balaca qızı gördüm deyən olmamışdı.
Reaksiya.az Dawn News-a istinadən bildirir ki, Zeynəb vəhşicəsinə zorlanmış, sonra da boğularaq öldürülmüşdü.
Zeynəbi zorlayan və qətlə yetirən şəxs tutulub. İmran Əli adlı bu adam əməlini etiraf edib. Məhkəmə ekspertizası da DNT analizlərinin müqayisəsi vasitəsilə Zeynəbi zorlayaraq öldürənin məhz Əli olduğunu sübuta yetirib.
Zeynəbin dəfn mərasiminə on minlərlə pakistanlı toplaşmışdı. Onlar manyak qatilə ən ağır cəza verilməsini tələb ediblər.
Olayla bağlı aksiyalar Pakistanın paytaxtı İslamabadda və daha bir neçə şəhərdə də keçirilib.
Bu tükürpədici hadisə Pakistanda böyük rezonansa səbəb olub. İş o yerə çatıb ki, Pakistan Senatında 14 yaşına çatmamış şəxslərə təcavüz edən və ya onları qətlə yetirənlərə qarşı ölüm cəzasının tətbiq olunması məsələsi müzakirə edilir.
Senatın daxili işlər komissiyasının sədri Rəhman Malikin dediyinə görə, mövcud qanunvericiliyə əlavələr və dəyişiklərlə bağlı layihə artıq komitədə təsdiqlənib.
Pakistan Cinayət Məcəlləsinin 1860-cı maddəsinə əlavə 14 yaşına çatmamış şəxsi oğurlayaraq qətlə yetirən və ya ona təcavüz edən adamın əməli sübuta yetirilərsə, onun ictimaiyyət qarşısında edamını, daha doğrusu, asılmasını nəzərdə tutur.
Şərhlər