Ölümünüzü öncədən proqnoz edən alqoritm - o necə işləyir?
03.02.2018 15:16 Maraqlı 1932
Təsəvvür edin ki, infarkt keçirəcəyiniz barədə hadisə baş verməzdən bir neçə saat əvvəl xəbər tutmusunuz.
İnanılmazdır, eləmi?
Lakin ABŞ-da, ən azı, bəzi hospital pasiyentləri üçün bu mümkündür.
ABŞ-ın Ərzaq və Dərman Nəzarəti Administrasiyası (FDA) kardio-respirator xəstəliklərdən gözlənilməz ölüm hallarının qarşısını ala bilən ilk alqoritmdən istifadə olunmasına icazə verib.
Fəlakətin proqnozu
Hospitalda nəzarətdə olan xəstə barədə məlumatları kompüter proqramı təhlil edərək mümkün böhranı baş verəcəyindən azı 6 saat öncə proqnozlaşdıraraq, dərhal bu barədə həkim və sanitarları xəbərdar edir.
"Səhiyyə sistemi müasir dövrdə xeyli problemlə üzləşir - insanlar daha uzun ömür yaşamaqla yanaşı daha çox sayda da xroniki xəstəliklərə tutulurlar. Eyni zamanda xeyli sayda təcrübəli həkim təqaüdə çıxır", - sözü gedən alqoritmi işləyib hazırlayan ExcelMedical şirkətinin baş direktoru Lance Burton deyir.
"Həkimlər çox vaxt fəlakət artıq baş verdikdən sonra əl-ayağa düşürlər, ondan öncə - yox", - Lance Burton BBC Mundo xidmətinə bildirib.
Reallıq belədir ki, bir çox hospitallarda bütün pasiyentləri fasiləsiz nəzarətdə saxlamaq üçün həkim, sanitar çatmır.
"Pasiyentdən alınan bütün məlumatları insan tam həcmdə təhlil etmək gücündə deyil, nəticədə, xəstənin durumunun nə vaxt pisləşməyə başlayacağını deməkdə də həkim çətinlik çəkir", - Burton fikrini davam edir.
ExcelMedical tərəfindən yaradılmış alqoritmə WAVE Klinik Platforması adı verilib.
Ölüm hallarının ən yayılmış 3-cü səbəbi
Johns Hopkins Universitetinin bildirdiyinə görə, ABŞ-da xəstələr arasında ölüm hallarının ən azı 10 faizi həkim tərəfindən buraxılan səhv ilə əlaqəlidir.
ABŞ-da bu, baş verən ölüm hallarının ən geniş yayılmış 3-cü səbəbi sayılır.
WAVE sisteminin müəllifləri hesab edir ki, yeni alqoritmin köməyi ilə azı 250,000 ölümün qarşısını almaq mümkündür.
ExcelMedical-ın bildirdiyinə görə, proqramdan istifadə qaydası olduqca sadədir: bunun üçün xüsusi yeni avadanlıq da tələb olunmur.
WAVE sistemi üçün hospitallarda artıq mövcud olan monitorinq avadanlığı da yararlıdır.
Həyacan siqnalları
Yeni monitorinq sisteminin kompüter proqramı 5 əsas parametri təhlil edir: pulsu, nəfəsalma ritmini, qan təzyiqini, bədən temperaturunu və oksigen səviyyəsini .
Sistemə həkim və sanitarların smartfon və kompüterlərinin çıxışı var. Nəticədə, onlar pasiyentlər barədə bütün məlumatları məsafədən də toplamağa qadirdirlər.
WAVE sisteminin ən əsas xüsusiyyəti isə Visensia Safety Index adlanan alqoritmdir. Bu alqoritm xəstədən gələn bütün məlumatları təhlil edərək, xəstənin durumuna yaranan riski 5 ballıq şkala ilə ölçür.
Risk göstəricisi 3 bal səviyyəsini aşanda həkim personalına həyacan siqnalı ötürülür.
Müvəffəqiyyətli sınaqlar
ExcelMedical tərəfindən Pittsburgh universitetinin tibbi mərkəzində keçirilmiş sınaqlar böyük uğurla keçib.
Sınağın keçirildiyi 8 həftə ərzində WAVE sisteminin nəzarətində olan xəstələr arasında gözlənilməz ölüm halları qeydə alınmayıb.
Bu zaman, adi qaydada nəzarət edlən xəstələr qrupunda isə 6 ölüm halı baş verib.
Bununla belə, WAVE sistemindən hələlik yalnız intensiv müalicə altında olan xəstələr üçün istifadə edilir.
WAVE yaradıcıları hazırda geniş əhali üçün nəzərdə tutulan kardio-respirator xəstəliklərdən ölüm hallarının qarşısını almağa imkan verən mexanizmin hazırlanmasını qarşılarına məqsəd qoyub.
Digər bir məhdudiyyət isə ondan ibarətdir ki, WAVE vasitəsilə insultun baş vermə riskini hesablamaq mümkün deyil, halbuki bu, dünya boyu baş verən ölüm və əlillik hallarının ən əsas səbəblərindən biridir.
Burton qeyd edir ki, kardio-respirator xəstələrin heç də hamısını xilas etmək mümkün olmur: "Bəzən elə olur ki, pasiyent xəstəxanaya gətirilir və artıq məlumdur ki, o, yaşamayacaq"
"WAVE sistemi ölməzliyə təminat verə bilməz", - Burton deyir.
Proqramın yaradıcıları hazırda sistemin təkmilləşdirilməsi və başqa növ xəstəliklər üçün də istifadəsinin mümkün edilməsi üzərində işiləyirlər.
"Bizim növbəti hədəfimiz - sepsis xəstəyidir", - deyən Burton qeyd edir ki, bu infeksiyaya hər il dünyada 20 milyona yaxın adam yoluxur, onlardan təxminən 8 milyonunu isə həmin xəstəlik öldürür.(bbc)
Reaksiya.az
Şərhlər