Teleaparıcı “AAAF Park”ı dələduzluqda ittiham etdi

04.08.2015 12:55     Maraqlı     2014

Tanınmış teleaparıcı Aynur Talıbova Abşeron rayonu, Xırdalan şəhərində salınan “AAAF Park” Yaşayış Kompleksini tənqid atəşinə tutub.

Reaksiya.az xəbər verir ki, bu haqda o, özünün facebook səhifəsində yazıb.

Aynur Talıbova paylaşdığı yazıda “AAAF Park”-ın öz müştərilərini aldatdığını, dələduzluqla məşğul olduğunu bildirib:

“AAAF PARK reklam büdcəsinə xəsislik etmir, əvəzini, daha doğrusu, heyfini bu reklamlara aldanıb bura qaçan müştərilərə evi satandan sonra statusu dəyişən müştərilərdən çıxır. İlk problem elə satış ofisində başlayır, məlum olur ki, reklam getməsinə rəğmən satışda ev yoxdur. Sən pul ver biz tikib bir neçə ildən sonra verəcəyik”.

A.Talıbova şirkətin binalarında ciddi kommunal problemlərin də yaşandığını qeyd edib:

“Elektrik enerjisi və su təminatında kəsintilər yaşanır, elektrik enerjisi problemi isə insanı dəli edir. Təməl kommunal xərclərin doğru-dürüst yerinə yetirilməməsi şərəfinə küçəyə qoyduqları zibil yeşikləri və “mühafizə xidməti”nə görə də ayda 20 AZN kommunal xərc tələb edirlər. “Oxrana” işini mükəmməl gördüyündən hər küçədən keçən əlini-qolunu sallayıb qapınızın ağzına rahatca təbii ehtiyaclarını ödəyə bildiyi kimi, sakinləri də narahat edə bilər”.

Qış aylarında qaz xətlərinin çəkilməsi zamanı hər evdən işıq-su-qaz xəttlərinin çəkilməsi üçün 407 AZN toplandığını deyən tanınmış aparıcı, pulların verilməsinə baxmayaraq qazdan başqa ağıllı sayğacların hələ də quraşdırılmadığını bildirib:

“Və məlum olur ki, toplanan məbləğ sadəcə qaz sayğacı üçün imiş. Yəni rəsmən dələduzluqla məşğul olurlar. Bu məqalədə göstərilən binalar ilk təqdim edilən layihədə yox idi, sonradan meydana çıxdı və massivin gözəgəlimli 4 mərtəbəli bina sakinlərinin yeni evdə yeni həyat xəyallarının içinə etdi. Artıq o binalardakı bir neçə evdə, sahibindən satılır - elanlarını massivə gələn hərkəs görə bilər”.

“AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun da bu iradlarla bağlı fikirlərini dərc etməyə hazırıq.  

Şərhlər