Bakının gerçək əhali sayı - Dövlət Komitəsi 2,5 milyon deyir, digər mənbələr 3,5 milyon
16.02.2018 14:30 Maraqlı 2138
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda 9 898 085 nəfər əhali var.
Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.
Rəsmi məlumata görə, ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayıb.
Dövlət Statistika Komitəsinin məlumatından belə çıxır ki, hazırda Bakı şəhərində 2 milyon 256 min 763 nəfər yaşayır. Bəs bu rəqəm nə dərəcədə reallığa uyğundur?
Dövlət Miqrasiya Xidəti yanında İctima Şuranın sədri Azər Allahverənov Modern.az-a deyib ki, demoqraflar tərəfindən aparılan qiymətləndirmələrə görə, Bakıda rəsmi rəqəmlərdə göstərildiyindən daha çox əhali məskunlaşıb:
“Rəsmi məlumata görə, Bakıda təxminən 2 milyondan çox adam məskunlaşıb. Amma bu, rəsmi rəqəmdir və Bakıda qeydiyyatda olan şəxsləri əhatə edir. Kimlərsə daimi, kimlərsə müvəqqəti əsaslarla burada yaşayır. Demoqraflar tərəfindən aparılan qiymətləndirmələr göstərir ki, Bakıda rəsmi rəqəmlərdə göstərildiyindən daha çox əhali məskunlaşıb”.
“Bakıda 3-3,5 milyon əhali var”
Ekspert bildirib ki, qeyri-rəsmi mənbələrdə Bakıda əhali sayının 3-3,5 milyon nəfər aralığında olduğu göstərilib:
“Bunların 22,8 faizi daimi əsaslarla yaşayanlardır. Yerdə qalanlar isə müvəqqəti əsaslarla paytaxtda yaşayanlardır.
Azərbaycanda urbanizasiya templəri vaxtilə çox güclü olub. Xüsusilə 2011-2013-cü ilə qədər Bakıya axın müşahidə edilib. Məhz əhalinin 3,5 milyonunun Bakıda məskunlaşması ilə bağlı səslənən rəqəm də həmin dövrə təsadüf edir.
Bildiyiniz kimi, həmin dövrdə böyük iqtisadi layihələr çərçivəsində Bakıda çoxsaylı tikinti meydançaları vardı. Həmin iş yerlərində çalışa biləcək işçi qüvvəsi lazım idi. Həmin vaxt Bakıya axın başlamışdı.
2013-cü ildən sonra Bakıdakı tikinti bumu sönməyə başladı. 2014-cü ildən etibarən urbanizasiya templəri zəiflədi. 2014-2015-ci ildən sonra geriyə axın başladı. Amma bu axın urbanizasiya templərinin artmasına adekvat deyildi. Yəni paytaxtdan bölgələrə geridönüş (deurbanizasiya) edənlərin sayı o qədər də çox deyildi. Qayıdışın əsas səbəbləri tikinti bumunun səngiməsi, iqtisadi layihələrin dayandırılması ilə bağlı idi. Eyni zamanda, bölgələrdə yeni müəssisələr açıldı, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı”.
Çoxrmərtəbəli binaların sənədsiz sakinləri
A.Allahverənovun sözlərinə görə, qeydiyyatsız yaşayanların bir qismi də tikinti bumu dövründə ucaldılan çoxmərtəbəli binaların sakinləridir:
“Bildiyiniz kimi, Bakıda sənədsiz evlər problem olaraq hələ də qalmaqdadır. Bu, danılmaz faktdır. Amma xüsusilə axşam saatlarında monitorinq aparılsa, məlum olar ki, çoxmərtəbəli binaların yarısında işıqlar yanmır. Yəni yaşayış yoxdur. Həmin binaların az bir qismi yaşayış yeri kimi istifadə olunur. Bu o qədər aktual məsələdir ki, bunun üçün xüsusi statistik qeydiyyatın aparılmasına ehtiyac var. Bildiyiniz kimi, prezident İlham Əliyev statistik rəqəmlərin toplanması və metodologiyanın tətbiqilə bağlı bir neçə gün əvvəl sərəncam imzaladı. Həmin sərəncamdan irəli gələn öhdəliklərə uyğun olaraq, müvafiq qurumlar bu rəqəmlərin dəqiqləşdirilməsini təmin edəcəklər”.
Bakıdakı məcburi köçkünlər...
Ekspert qeyd edib ki, Bakıda əhalinin qeyri-rəsmi sayında məcburi köçkünlərin də müəyyən payı var:
“Təxminən 300 minə qədər məcburi köçkün Bakı və Bakıətrafında məskunlaşmışdı. Amma bildiyiniz kimi, məcburi köçkünlərin yaşaması üçün bölgələrdə 100-dən çox qəsəbə salınırb. İndiyə qədər müxtəlif ərazilərdə məskunlaşan 250 mindən çox məcburi köçkün həmin qəsəbələrə köçürülüb. Amma hər il proses davam etdiyindən rəqəmlər dəyişir. Mən hesab edirəm ki, bu, son deyil. Çünki qəsəbələrin tikintisi, məcburi köçkünlərin köçürülməsi davam edir”.
Şərhlər