Müharibəyə necə hazırlaşmalı: 5 suala cavabda
29.05.2018 12:12 Maraqlı 1840
İsveç hökuməti müharibə də daxil, fövqəladə vəziyyətlərə hazırlıq üzrə konkret tövsiyələrdən ibarət bir buklet yayıb.
5 milyona yaxın ailəyə göndərilən sənəd Rusiyadan irəli gələn mümkün təhlükə barədə narahatlıqların yayıldığı bir zamanda dərc edilib.
Bənzər hazırlıqlar bir çox ölkədə mülki müdafiə proqramları ilə əhatə olunur.
BBC Azərbaycanca mövzu ilə bağlı müxtəlif ölkələrin təcrübəsinə nəzər salıb.
1. Böhranlı vəziyyətə necə hazır olmalı?
Müharibə, terror həmləsi və yaxud da təbii fəlakət nəticəsində, nəqliyyatın fəaliyyəti, ərzaq, yanacaq və elektrik təchizatı pozula bilər.
Buna görə hökumətlər hədələrə qarşı öz strateji ehtiyatlarını yaradır.
Bir neçə il əvvəl Almaniya fövqəladə hallar üçün strateji anbarların olduğunu rəsmən açıqlamışdı. Yanacaq, ərzaq və tibbi ləvazimatlar kimi ehtiyatlar başqa ölkələrdə də toplanılıb saxlanılır. Məxfi yerlərdəki ehtiyatlar tədricən yenilənməkdədir.
Adi sakinlərə gəlincə isə uzun müddət ərzində xarab olmadan saxlanıla biləcək ərzaq növlərinin tədarükü tövsiyə olunur.
Bundan başqa telefon, yanacaq, tibbi ləvazimat və geyim ehtiyatlarının hazırlanması məsləhət görülür.
2. Soyuqdan necə qorunmalı?
Böhran, dövlət orqanları və xidmətlərin aramsız fəaliyyətini qismən və yaxud da tamamilə poza bilər.
Qış aylarında isitmə sisteminin sıradan çıxması halında soyuqdan qorunmaq üçün bir otaqda toplaşmaq, pəncərələri və yeri yorğanla örtmək tövsiyə olunur.
İsveç hökumətinin yaydığı tövsiyələrdə soyuqdan qorunmağın müxtəlif yolları göstərilir. Belə məsləhətlərdən birinə görə, soyuqdan yorğanla pərdələnmiş masanın altında qorunmaq olar. Belə ki, qapalı məkanda isti itkisi daha az olur və hava daha tez isinir.
Böyük Britaniya hökumətinin saytı isti əşyalarla yanaşı əlavə batareya və onları elektriklə dolduran cihaz, qurğu və kabellərin saxlanılması tövsiyə edir.
Bunların hamısı isti əşyalar və rabitə vasitələri ilə yanaşı xüsusi bir yerdə saxlanıla bilər ki, qəfil baş verən hadisə vaxtı əl altında olsun.
3. Ölkələr böhranlara necə hazırlaşır?
Müxtəlif ölkələr müharibə də daxil, irimiqyaslı böhranlara hazırlıq barədə öz tövsiyələrini hazırlayıb.
2016-ci ildə Almaniya Soyuq müharibə illərindən bəri ilk dəfə olaraq əhaliyə 10 günlük su və ərzaq ehtiyatı toplamağı tövsiyə etmişdi.
Mülki müdafiə konsepsiyası hazırlayan Almaniya hökuməti fövqəladə vəziyyət baş verərsə bəzi yerlərə yardımı 10 gündən tez çatdırmaq mümkün olmayacağını hesab edir.
Eynilə 2016-ci ildə Litva öz vətəndaşlarına Rusiya müdaxiləsi təqdirə nə etmək barədə tövsiyələr vermişdi.
Hökumətin yaydığı buklet ekstremal hallarda necə sağ qalmalı və Rusiya tanklarını aşkar edilməsi kimi məsələlərə dair məsləhət verir.
Bu yeni misallardır. Daha uzun müddətli planlar da mövcud olub.
Onlar nüvə müharibəsi şəraitində sakinlərin haraya sığınacağını müəyyənləşdirir. Bir çox iri şəhərlərdə metro sistemləri həmçinin yeraltı sığınacaq kimi də istifadə oluna bilər.
Bundan başqa Soyuq müharibə illərində xüsusi yeraltı sığınacaqlar da tikilib. Britaniya mətbuatında yayılan bəzi dəyərləndirmələrə görə ölkədəki bunkerlər dördrəqəmli sayla ifadə olunur.
İsveç hökümətinin tövsiyələrində bişirmək üçün "çox az su tələb edən və yaxud da birbaşa istifadə oluna biləcək" bəzi ərzaq növləri bunlardır:
- Saxlanma müddəti uzun olan çörək növləri (çips, un məmulatları, quru qaletlər);
- Mərcimək, lobya yarımfabrikatları;
- Humus konservi;
- Balıq konservləri;
- Tez bişirilən makaron növləri və düyü;
- Kartof püresi yarımfabrikatı;
- Qaragilə mürəbbəsi;
- Yüksək enerjili batonlar;
- 4. Hansı hədə və təhlükələr mövcuddur?
Böhranlı vəziyyətlər deyəndə adətən insan həyatı, cəmiyyət və ətraf mühitə təhlükə yaradan hadisələr nəzərdə tutulur.
Təhlükələr şərti olaraq insan fəaliyyəti, texnogen və təbii yolla yarana bilər. Buraya iri miqyaslı zorakı hadisələr, qəzalar, təhlükəli xəstəliklərin yayılması və təbii fəlakətlər kimi hadisələr aid olunur.
Bu təhlükələr daimi deyil və ölkədən ölkəyə dəyişir.
Ötən əsrdə Soyuq müharibənin ən gərgin çağlarında əsas diqqət nüvə hücumu təhlükəsinə yönəldilirdi. Sovetlərin çökməsinin ardınca isə terrorçuluq, kiber həmlələr və iqlim dəyişməsinin mümkün fəsadları ilə bağlı yeni çağırışlar ortaya çıxıb.
2008-ci ildə Rusiyanın Gürcüstandan qopmuş Cənubi Osetiyaya hərbi müdaxiləsi, 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsi və Ukraynada başlayan münaqişə Rusiya ilə Qərb arasında yeni gərginləşməyə səbəb olaraq müharibə təhlükəsinin artması barədə ehtiyatları yenidən aktuallaşdırıb.
5. Azərbaycanda fövqəladə hallara hazırlıq: hökumət nəyi tövsiyə edir?
Fövqəladə Hallar Nazirliyi saytında ətraf mühitə və insan səhhətinə ziyan vuran təhlükələrə hazırlıqla bağlı tövsiyələr sadalanır.
Burada zəruri ehtiyac vasitələrindən ibarət "hazırlıq çantası"nı toplamaq barədə tövsiyə əks olunub.
Həcmi təxminən 30 litr olan belə çantaya minimum 3 günlük qidalanma üçün az yer tutan məhsullar və digər əşyaların yerləşdirilməsi tövsiyə olunur.
- Tibbi yardım qutusu;
- Pul və sənədlər;
- Zəruri geyim əşyaları;
- Çoxfunksiyali bıçaq;
- Kibrit və ya alışqan;
- Şam;
- İynə və sap;
- Fit (yardım çağırmaq üçün);
- Gigiyena vasitələri
- Kompas;
- Fənər və batareyalar;
- Telefon və qida bloku;
"Hazırlıq çantasında" xarab ola bilən ərzaq və ləvazimatlar vaxtaşırı yenilənməlidir.(bbc)
Reaksiya.az
Şərhlər