ABŞ: Sağalmaz sayılan süd vəzi xərçənginin gözlənilməz müalicə üsulu kəşf edilib
06.06.2018 11:54 Maraqlı 1111
ABŞ tədqiqatçıları bildirirlər ki, süd vəzi xərçənginin müalicəsiz sayılan formasının yeni üsulla müalicəsi nəticəsində bir qadının həyatını xilas etmək mümkün olub.
Bu müalicə üsulu zamanı qadının bədəninə 90 milyardadək xərçəngi öldürən immun hüceyrələri yeridilib.
Judy Perkins adlı qadına müalicədən əvvəl bildirilib ki, o, cəmi 3 ay yaşayacaq, lakin 2 ildən sonra onun bədənində xərçəngin heç bir izi qalmayıb.
ABŞ Milli Xərçəng İnstitutundakı heyətin məlumatına görə, yeni müalicə üsulu hələ sınaq mərhələsində olsa da, bütün xərçəng xəstəliklərinin müalicəsini dəyişə bilər.
Florida ştatının sakini olan Judy Perkins-in xərçəngi artıq bədənə yayılma mərhələsinə keçdiyindən ənənəvi terapiya üsulları ilə müalicə edilməyən sayılırdı.
Onun böyrəyində tennis topu ölçüsündə şişi olub və bütün bədəni boyu xərcəngin ikinci dalğası yayılıb.
"Müalicədən təxminən 1 həftə sonra nəsə hissə etməyə başladım. Süd vəzimdəki şişin azaldığını hiss etməyə başladım, - Judy Perkins BBC-yə deyib. - Daha 1-2 həftədən sonra isə şiş tamamilə çəkildi".
Yeni müalicə texnologiyası pasiyentin öz hüceyrələrindən hazırlanmış "canlı dərmana" əsaslanır.
Milli Xərçəng İnstitutundan Dr Steven Rosenberg BBC-yə bildirib ki, söhbət müəyyən fərd üçün nəzərdə tutulmuş müalicədən gedir.
Hələlik bu müalicə üsulu ekperimental səciyyə daşıyır və geniş istifadəyə verilməzdən əvvəl snaqlardan keçirilməlidir.
Yeni üsulun əsas prinsipi düşməni tanımaqdır.
Əvvəlcə pasiyentin şişi genetik nöqteyi nəzərdən təhlil edilir ki, xəstənin immun sistemi xərçəngi görə bilsin.
Sözügedən xəstənin xərçəngində aşkar edilmiş 62 genetik anormallıqdan yalnız 4 anormallıq hədəf kimi istifadə olunub.
Növbəti addım həmin hədəfləri ovlamaqdır.
Xəstənin immun sistemi xərçəngə qarşı xəstəlik başlayan kimi hücumlar edir, lakin leykositlərin xərçəngə qarşı döyüşünü uduzur.
Alimlər xəstənin qanındakı hüceyrələrdən xərçəngə hücum çəkməyə qadir olan leykositləri ayırıb onları labarotoriyada astronomik sayda çoxaldırlar.
49 yaşlı pasiyentə 90 milyarda yaxın belə hüceyrə yeridilib.
Dr Rosenberg-in qeyd etdiyi kimi, "xərçəngi doğuran mutasiyalar elə bui xəstəliyin də ən zəif yerinə çevrilir".
Hələlik nəticə yalnız bir pasiyent üçün alınıb, nəticələrin təsdiqlənməsi üçün daha genişmiqyaslı sınaqlar keçirilməlidir.
Xərçəng immunoterapiyasının indiyədək ən böyük problemi müalicə üsulunun pasiyentdən-pasiyentə fərqli nəticələr verməsində olub.
"Yeni müalicə üsulu hələlik eksperiment mərhələsində olsa da, bu üsuldan istənilən növ xərçəngə qarşı istifadə etmək mümkündür", - Dr Rosenberg deyib.
Judy-nin bədəninə 90 milyardadək xərçəngi öldürən hüceyrələr yeridilib.
Tədqiqatın nəticələri Nature Medicine jurnalında dərc olunub.
Süd vəzi xərçəngi araşdırmaları sahəsində çalışan Dr Simon Vincent bu xəbəri şərh edərkən BBC-yə deyib: "Fikrimizcə, mühüm nəticə əldə olunub".
"Bu istiqamətdə hələ xeyli iş görülməlidir, lakin ilkin nəticələr böyük sayda insanların müalicəsində tamamilə yeni eranın başlamasına təkan verə bilər", - Dr Simon Vincent vurğulayıb (BBC)
Şərhlər