Pul xərcləmədən Facebook Səhifəsinin aktivliyini artırmaq üçün – 6 ADDIM

08.06.2018 13:45     Maraqlı     1291

Facebook’da səhifənin və profillərin aktivliyi öncəki illərlə müqayisədə xeyli azalıb. Və bu azalma zaman keçdikcə daha çox hiss olunacaq.

Buna baxmayaraq, Facebook’da (və ümumən istənilən sosial şəbəkədə) aktivliyi artırmaq mümkündür. Bunu həm reklama pul xərcləməklə, həm də pul xərcləmədən etmək olar.

 

Facebook’da aktivliyi artırmaq üçün 6 ADDIM:

  1. Paylaşımların sayını azaldın, keyfiyyətini artırın.
    2014-cü ilədək Facebook’da alqoritm fərqli işləyirdi, siz gün ərzində nə qədər çox paylaşım edirdinizsə o qədər çox insan sizin paylaşımları görürdü. Çünki həmin vaxtlarda paylaşım sayı indi ilə müqayisədə qat-qat az idi. Buna görə də Facebook “bizə yalvarırdı ki, noolar paylaşım eliyin ki, istifadəçilərə göstərməyə bir şey olsun”. Amma hazırda o qədər çox paylaşım olur ki, Facebook xüsusi alqoritmlər vasitəsilə o paylaşımlardan yalnız ən maraqlılarını seçib bizə göstərməyə çalışır. Buna görə də bir səhifənin paylaşımlarının gün ərzində çatacağı istifadəçi sayı limitlidir. İndi çox paylaşım olanda onu demək olar ki, hüç kim görmür və paylaşımlarınız spam’a çevrilmiş olur.Daha çox insana çatmaq üçün siz paylaşımlarınızı daha keyfiyyətli etməlisiniz. Burada həm fotonun, videonun texniki parametrlərindən söhbət gedir, həm də paylaşımınızın məzmun olaraq keyfiyyətindən. Yəni paylaşımınız nə qədər maraqlıdır, auditoriyanıza nə dərəcədə uyğundur, mesajınız nə dərəcədə aydındır və s.
  2. Videonu Facebook’a yükləyin.
    Sosal şəbəkələrdə hazırda video-məzmun daha çox izlənilir və daha maraqlıdır. Amma nəzərə almalısınız ki, videonun YouTube linkini paylaşmaq səhifənin aktivliyini azaldır. Çünki Facebook video-məzmunda YouTube-la rəqabətdədir. Təbii ki, Zükerberq istəmir ki, onun platformasında rəqibinin videosu baxılsın. Ona görə səhifədə aktivliyi artırmaq üçün videoları birbaşa Facebook səhifəsinə yükləyin.P.s. Burada müəlliflik hüququnu nəzərə alın mütləq. Hər videonu səhifənizə yükləyə bilmərsiniz. Buna görə səhifənizə xəbərdarlıq oluna, hətta səhifəniz bağlana bilər.
  3. Influencer’lərdən dəstək alın.
    Sosial mediada nüfuza, böyük izləyici auditoriyasına malik insanlarla və səhifələrlə (Influencer) əməkdaşlıq etmək hazırda səhifənin aktivliyini artırmaq üçün önəmli addımlardan biri sayılır. Sizin hansısa paylaşımınızı 100 min, 200 min izləyicisi olan profil paylaşırsa bu, sizin məzmunun daha çox görülməsinə və Facebook’un paylaşımınızı daha qabağa atmasına səbəb olur.
  4. Sual-cavab tipli paylaşımlar.
    Facebook’da aktivlitik yaradan addımlardan biri sual-cavab mövzulu paylaşımlardır. Unutmayın, sosial media istifadəçiləri fikir bildirməyi, fikirlərinin başqaları tərəfindən bəyənilməsini, təsdiqlənməsini çox sevirlər. Ona görə siz hansısa mövzuda istifadəçilərin fikrini soruşsanız onlar şərh yazmağa daha meylli olurlar. Beləliklə paylaşımınıza nə qədər çox insan şərh yazsa paylaşımınızın və ümumən shifənizin aktivliyi bir o qədər artır.
  5. Mütəmadi olaraq Live edin.
    Facebook hazırda Canlı Yayıma (Live) önəm verir. Əgər siz səhifənizdə mütəmadi olaraq Canlı Yayım etsəniz, bu gündə bir dəfə, həftədə 3 dəfə, həftədə bir dəfə ola bilər,  səhifənizin aktivliyinin artmasının şahidi olacaqsınız.
  6. Müsabiqə/Yarışma təşkil edin.
    Azərbaycanlı istifadəçilər sosial şəbəkələrdəki müsabiqələri, yarışmaları sevirlər, bu reallıqdır. Buna görə də, nə qədər ki, bu trend davam edir, bundan istifadə edib səhifənin aktivliyini qorumaq olar. Müsabiqə keçirərəkən nəzərə alın ki, müsabiqənin uğurlu olmasının əsasını hədiyyənin qiyməti deyil, istifadəçilərlə qurduğunuz kommunikasiya təşkil edir. Dəfələrlə olub ki, 15 manatlıq hədiyyə verdiyimiz müsabiqə 500 manatlıq hədiyyəsi olan müsabiqələrdən daha effektiv olub.
    Tez-tez müsabiqə etməklə və müsabiqədə absurd sayılacaq iştirak şərtləri qoymaqla həm imicinizi zədələyə, həm də effektivliyi azalda bilərsiniz. Müsabiqəni müəyyən aralıqda və mümkün qədər sadə şərtlər qoymaqla keçirmək tövsiyə olunur.

Qeyd olunan 6 addımı yoxlamaqla siz Facebook səhifənizin pul xərcləmədən aktivliyinin artmasını görə bilərsiniz. Amma unutmayın ki, bu qeyd etdiklərimizlə aktivlik yaratmağın limiti var. Yaxşı olar ki, siz burada qeyd olunan addımlarla yanaşı, stabil reklam büdcəsi ayırasınız və ondan səmərəli istifadə edəsiniz.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar