İSTİ HAVADA SİQARET HƏDSİZ ZİYANLIDIR
29.06.2018 13:36 Maraqlı 1201
Anomal istilər gözlənilir. Bir neçə gündür paytaxtda qızmar hava şəraiti hökm sürməkdədir. Temperatur 39 dərəcəyədək yüksəlir. Lakin qarşıdakı 2 gündə havanın temperaturunun daha da artacağı proqnozlaşdırılır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında bildirilir. Məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.
“Açıq rəngli, təbii parçalardan tikilmiş rahat libaslar geyinin, çalışın geyindiyiniz libas sizi sıxmasın”
Azərbaycanın rayonlarında da iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlıqda da bildirilir ki, iyulun 2-dək Abşeron yarımadasında isti hava dalğasının təsiri nəticəsində gündüz qızmar temperatur diskomfortu, bəzi saatlarda durğun hava şəraitinin olacağı gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçünsə risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Xatırladaq ki, bu günlərdə paytaxtın Yasamal rayonu ərazisində 50 yaşlı bir kişinin küçədə səhhəti pisləşib və o, ürək tutmasından vəfat edib. Bu ölüm hadisəsinin isti hava ilə nə dərəcədə bağlı olub-olmadığı məlum deyil. Lakin tibb mütəxəssisləri yay mövsümü başlayarkən hər zaman əhaliyə ciddi xəbərdarlıq edir ki, günəş şüalarından çəkinsinlər, zəruri ehtiyac olmadıqca günün qızmar saatlarında - səhər 11:00-dan axşam 17:00-dək açıq havada uzun müddət qalmaqdan çəkinsinlər. Belə şəraitdə gündəlik işə gedənlər təbii olaraq soruşur; işə gedib-gələnlər nə etsin? Bunun da yolu var. Günün sərin vaxtı evdən çıxmaq, gün əyiləndə evə qayıtmaq. Bu, mümkün deyilsə, günəş şüalarından maksimum gizlənmək. Məsələn, çətir tutmaqla Türkiyədə Kardioloji Dərnəyi İdarə Heyətinin sədri, professor, doktor Oqtay Ergən günvurmadan yayınmağın üsullarını sadalayıb. Doktor ürək-damar xəstəliyi olanlara xüsusilə diqqətli olmağı məsləhət görür:
İstidə küçəyə çıxmayın, çoxlu su için
- Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər isti havalarda xüsusilə diqqətli olmalıdır. İsti hava ürək xəstələri üçün çox təhlükəlidir. İsti hava özüylə günvurmalar, xəstəliklər, zəhərlənmələr, qarın ağrısı gətirir. Günün isti saatlarında küçəyə çıxmaq olmaz. Qəlb xəstələri kəskin istilərdə xüsusilə diqqətli olmalıdır. Baxmayaraq ki, qəlb xəstələri qış aylarına nisbətən yaz və yay aylarında daha rahat olurlar, yenə də isti havalarda ehtiyatlı davranmalıdırlar.
Xəstələr dərmanlarını azaltmamalı və dərman qəbulunu dayandırmamalıdır. Yağlı, gec həzm olunan qidalardan yenə də uzaq durmalı, həkimin məsləhət gördüyü pəhrizlərə davam etməli, daha çox tərəvəz və meyvəyə üstünlük verməlidirlər. Çünki meyvə və tərəvəz lazımi miqdarda maye daşıyıcısıdır. Ürək çatışmazlığına səbəb olan damar genişlənməsi və ürək döyüntülərinin artması isə məhz orqanizmdə maye azlığından irəli gəlir. Maye çatışmazlığı ürəyin funksiyasını zəiflədir. Sinədə ağrılar artır, qan təzyiqi düşür və ya istinin təsiri ilə yüksələ bilir.
Xüsusilə də yaşlı insanlarda bu problemlər tez-tez baş qaldırır. Buna görə də tərkibində bol maye olan meyvə və tərəvəzlərdən istifadə etmək məsləhətdir. Havanın temperaturu nəzərə alınmaqla gün ərzində ən azı 2-2,5 litr su qəbul etmək lazımdır. Orqanizm yüksək temperaturda daha çox maye itkisinə məruz qalır. Nəticədə qanda qatılaşma yaranır ki, bu da ürək-damar xəstələri üçün arzuolunmaz hala - ürəyin fəaliyyətinin pozulmasına, hətta infarkta da gətirib çıxarır. Təzyiqi aşağı salan dərmanların qəbuluna da çox aludə olmaq ziyanlıdır. İsti havada bu dərmanlar insana kömək yox, əksinə, zərər verə bilər. İsti havalarda siqaret də hədsiz ziyanlıdır. Siqaret dumanı karbon-monoksit daşıyıcısı olduğundan qanı qatılaşdırır, arterial damarların iç divarlarına zərər verərək qan dövranını pozur. İsti havada onsuz da yorğun düşmüş orqanizm üçün belə vəziyyət ikiqat ağırlıq deməkdir. Ürəyin bu yükə dözməsi çox çətindir. Həm aktiv, həm də passiv siqaret çəkənlər isti havalarda ondan ümumiyyətlə, uzaq durmalıdırlar.
Türkiyəli professor isti havalarda hər kəsin diqqət etməli olduğu vacibləri də açıqlayıb:
- Gündüz saat 11 və 3 arası bir yerə getmək zərurəti yoxdursa, havaya çıxmayın. Harasa getməlisinizsə, çalışın, bunu saat 11:00-a qədər edin. Gün qalxıbsa, axşam saatlarına qədər küçədə açıq havada qalmayın. Günəş şüalarının birbaşa üzərinizə düşməsinə imkan verməyin. Açıq rəngli, təbii parçalardan tikilmiş rahat libaslar geyinin, çalışın geyindiyiniz libas sizi sıxmasın. Başınıza yüngül yay papaqları - kişilər kepka, günlük, qadınlarsa şlyapa qoysun. İsti havada harasa gedirsinizsə, özünüzlə çətir və mütləq su götürün. Saf su, təbii, ev şəraitində hazırlanan meyvə şirələrindən istifadə edilməlidir. Su heç bir halda soyuq vəziyyətdə içilməməlidir. Soyuq su mədədə spazmlara yol açır. Çalışın, mümkün qədər istilərdən qorunasınız.
Şərhlər