Azərbaycana daha çox hansı ölkələrdən turist gəlir?
11.07.2018 13:15 Maraqlı 1800
"Son günlər ölkədə elektrik enerjisinin verilişində yaşanan problem turistlərin də ölkəyə olan səfərlərinə təsir edib".
Bu sözləri Reaksiya.az-a Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, bütün hotellərimizdə generatorlar olmadığı üçün bu kimi hallar yaşanıb: "Böyük, brend olan otellərimiz generatorlarla təchiz edilib. Amma kənarda qalan 4-5 ulduzlu hotellərdə generatiorlar olmadığı üçün saatlarla işıqsız qalmaq onların istirahətinə mənfi təsir edib. Lakin bu problem ucbatından turistlərin istirahətlərini yarıda qoyub, səyahət planlarını ləğv edərək ölkəni tərk etməsi halları yaşanmayıb".
O bildirib ki, ötən il ilə müqayisədə bu ilin yay mövsümündə Azərbaycana turist axınında ciddi artım və azalma müşahidə edilmir: "Ölkəyə əsasən ərəb ölkələrinən gələn turistlər çoxluq təşkil edir. Bu gün ölkə ərazisində, əsasən regionlarda fəaliyyət göstərən istirahət mərkəzlərində, hotellərdə boş yerlər tapmaq olmur. Mehmanxanalarda bütün nömrələr bron edilib. Xüsusilə Qəbələ, Şəki və Quba kimi kurort zonaları tamamilə doludur. Yay mövsümü hələ ki davam edir. Gözlənilir ki, ərəb ölkələrindən gələn turistlərin sayı digər ölkələrdən gələnlərin sayından çox olacaq. Azərbaycan eyni zamanda, Avropa, Asiya və Amerikadan gələn turistlər üçün də olduqca maraqlı və cəlbedici ölkədir. Bu il ölkəyə gələn turistlərin sayında artım olacağı proqnozlaşdırılır və bu, bir neçə ölkəyə birbaşa reysin açılması ilə də əlaqələndirilir".
N.Bağırov bildirib ki, Avropa ölkələri, əsasən də birbaşa reyslər açılan Monteneqrodan da ölkəmizə turistlər gəlir: "Ümumiyyətlə, bu il Türkiyəyə olan reyslərimizdə müəyyən qədər bahalaşma olsa da, artıq qiymətlər vətəndaşlar üçün daha sərfəli olaraq hesablanır. Ölkəyə gələn turistlər qısamüddətli deyil, daha çox qalmağa üstünlük verirlər. Bundan başqa həmvətənlilərimiz də istirahət üçün regionlarımızla yanaşı, xarici ölkələrə də üz tuturlar. Avropa ölkələrinə reyslər nisbətən bahalı olduğu üçün daha çox Gürcüstan,Türkiyə, xüsusilə İstanbul, Bodrum, İzmir və Antalyaya gedirlər".
Şərhlər