Falçının aldatdığı məmur və deputatlar - “Qızını ərə vermək, oğlunu tələbə etmək üçün falçıya gedirlər”

17.07.2018 21:30     Maraqlı     1638

Deyirlər ki, fala inanma, faldan da qalma. Yaxşı olar ki, hər kəs bu məsəlin  birinci hissəsində deyiləndən bərk-bərk yapışsın. Heç kimə sirr deyil ki, Azərbaycanda yüksək vəzifəli məmurlardan tutmuş, ta Milli Məclisin deputatlarına, iş adamlarına, sənətçilərə və onların ailələrinə kimi çoxlaı falçı yanına gedir.

Bu, bir daha hazırda istintaqı gedən falçı Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin işində təsdiqləndi. Məlum oldu ki, ana-bala falçılar Milli Məclisin deputatlarından tutmuş iş adamlarının ailələrinə, sənətçilərə kimi bir çoxlarını aldadaraq, onlardan cin çıxarmaq adı ilə külli miqdarda pul və qızıl-zinət əşyaları alıblar.

“Cindar Hüseyn” ləqəbli gənc və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar. Onlara qarşı irəli sürülən ittihama görə, Hüseyn Əlizadə anası ilə birlikdə təkcə Rübabə Ağayeva adlı zərərçəkmişdən külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib. R.Ağayevanın dediyinə görə, o, “Cindar Hüseyn”ə ümumilikdə 300 min manata yaxın pul - 57000 ABŞ dolları, 15000 Böyük Britanya funt sterlinqi, 47000 manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Məlumata görə, pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alan H.Əlizadə və anasının cinayət işi Binəqədi rayon prokurorluğunda araşdırıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib.


“Cindar Hüseyn” və anasının işində adları keçən məmurlar, iş adamları, deputatlar kimlərdir? Hələ ki, adlar açıqlanmır...


Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli Modern.az-a 1980-ci ilin ortalarında məhkəmə orqanlarında işləyən zaman belaruslu bir falçı qadının cinayət işi ilə bağlı maraqlı hadisə danışıb:
 

“Deməli, həmin qadın Şamaxıda, Kürdəmirdə və digər yerlərdə yaşamışdı. Məhkəmədə üzə çıxdı ki, həmin qadın Kürdəmirdə 2 qardaşı bir-birinə düşmən edib. Həmin məhkəmədən bir epizod yadımdadır ki, falçı bir qadının qızını ərə verməyi öhdəsinə götürmüşdü. Sonradan həmin qadın bilmişdi ki, o falçı dələduzluqla məşğuldur. Məhkəmədə qadına dedilər ki, falçıya verdiyin pulları geri istə. İnanırsınız, qorxusundan həmin pulları geri götürmürdü. Təsəvvür edin ki, cəhalət cəmiyyət içərisində nə qədər dərinə işləmişdi”.
 

Deputat qeyd edib ki, falçılıq, öncəgörmələr heç bir elmlə sübüt oluna bilməz.
 

“Müqəddəs kitabımız olan “Quran”da da bu əməl pislənir. Mən başa düşə bilmirəm ki, elmə və dinə zidd olan heç bir şeylə sübut olunmayan hala insanlar necə inanırlar”.
 

T.Kərimli bildirib ki, vəzifəli şəxslər, deputatlar arasında fala inanlar çoxdur.

“Xüsusən də onların ailələri, özləri gedib fala baxdırırlar”.
 

 Deputat özü heç vaxt falçı yanına getmədiyini deyib:
 

“Mənə falçı yanına getməklə bağlı təkliflər də olub. Mən qətiyyən qəbul etməmişəm və etmərəm də.  Ümumiyyətlə, mən 5-ci sinifdə “Qədim dünya” tarixi kitabını oxuyandan sonra belə şeylərə inanmamışam. Ona görə həyatımda heç vaxt şeytandan, iblisdən qorxmamışam. Problemim də olmayıb. Mən ailəmə, yaxınlarıma da bildirmişəm ki, falçıların hamısı yalançıdı. Həyatınızı zəhərə döndərib belə mövhumata inanmayın”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı falçıya, ekstrasensə inanmır.
 

“Mən bunu mistika bilirəm. Heç vaxt da falçı yanına getməmişəm. Mən brlə xəbərləri heç özümə yaxın buraxmıram. Yaxşı da baxmıram. İnsanlara da deyirəm ki, falçılara inanmayın, onlara aldanmayın. Falçı-zad yanına gedənlərin kitab oxumağa ehtiyacı var”.


Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev heç vaxt falçıya inanmadığını deyib.


“Mən həmişə təbliğ etmişəm ki, belə şeylərə inanmaq lazım deyil. Mənim yaşadığım ərazi olan Badamdar qəsəbəsində bir nəfər falçı vardı. Deyirdilər ki, yüksəkvəzifəli adamlar var ki, onun qapısında saatlara gözləyirlər. Həmin falçı guya uşaqların bəxtini açırdı ki, ali məktəbə daxil olacaq, vəzifəsi olacaq və s. Onun qapısının ağzında kişilərlə yanaşı, qadınlar da saatlarla gözləyirdi. Bir xeyli vaxtdır ki, həmin falçı ortada yoxdur. Mən belə şeyləri heç vaxt qəbul etməmişəm. Rayonda eşidirdim ki, filankəs gedib başqa rayondan falçı gətirib. Həmin falçı da gəlib evin başına fırlanır, ordan mismar, burdan dəmir çıxarır. Belə şeyləri eşidəndə öz-özümə gülürdüm”.


T.Rzayev inanmır ki, deputat həmkarlarından falçı yanına gedənlər olsun.


“Çünki Milli Məclisdə təmsil olunan deputat həmkarlarımın hamısı azad fikirli, dünyagörüşlü, ictimai-siyasi sahədə fəaliyyəti olan şəxslərdir. Həmin tutulan falçı da özünə prestij qazanmaqdan ötrü deyir ki, deputatlardan da onun yanına gedənlər var”.
 

Deputat bildirib ki, ailəsində və nəslində falçıya, ekstrasesnsə inanan olmayıb:
 

“Ancaq bəzi adamlar var ki, uşaq xəstələnən kimi falçı yanına qaçır. Dua yazdırırlar ki, uşaq sağalsın. Eybəcər şeylər olur. Kəndlərdə, rayonlarda isə belə şeylərin sayı artıb. Uşaq xəstədirsə həkimə aparsınlar, falçı yanına yox. Hətta bəzən elə olur ki, qız ərə verməkdən, oğul evləndirməkdən ötrü də falçı, molla yanına gedənlər var. Əgər bir insanın sevgilisi yoxdursa, düzgün davranışı və ya öz sevgilisi ilə düzgün münasibət qura bilmirsə, falçı ona nə edə bilər ki? Bu çox gülməli məsələdir. Falçı, molla yanına getmək bəzi adamlar üçün bir neçə günlük təskinlikdir. Onlar ora gedən zaman 3-4 gün rahat olurlar ki, filan oğlan məni alacaq, filan işim düzələcək və s. Bunların hamısı nadanlıq və ağılsızlıqdır”.

 

Şərhlər

Çox oxunanlar