Kişilərin evlənmə yaşı niyə artır? - SƏBƏBLƏR

14.08.2018 14:10     Maraqlı     1692

Xəbər verdiyimiz kimi, Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb. Belə ki, 2017-ci ildə kişilər üçün orta evlilik yaş həddi 28,8, qadınlar üçün isə 24,2 olub.
"Qadınların evlilik yaşı 21-23, kişilərdə isə 23-25 olmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında tibb elmləri namizədi, fizioloq Rəşid Mahmudov deyib. O, evlilik yaşının 28 olmasının əslində normal olduğunu bildirib:
 
"İnsan beyni 30 yaşında formalaşır. Əslində 28 yaşda evlilik normal haldır. Amma Azərbaycanda bu, daha çox gənclərin sosial vəziyyətinin aşağı olmasından qaynaqlanır".
 
Sosioloq Cavid İmamoğlunun sözlərinə görə, orta evlilik yaşının ildən-ilə artması təhsil ili və karyera qurma mərhələsinin uzun olması ilə əlaqədardır:
 
"Ümumilikdə son illərin statistikasında kişilərin orta evlilik yaşında hər il artan temp müşahidə olunur. Bu, daha çox onunla bağlıdır ki, Azərbaycanda universitet bitirib, hansısa iş sahibi olub, gəlir əldə etməyin yaşı elə 26-27-dir. Bununla yanaşı, hərbi xidmət və ailə planlaşdırılmasını da nəzərdə tutsaq, 28 yaş Azərbaycan reallığı üçün normaldır. Amma ümumilikdə kişilər arasında evlilik yaşının ildən ilə artması və bunun kütləvi hal alması gələcəkdə bir sıra problemlərə, o cümlədən demoqrafik gərginliyə gətirib çıxara bilər".
 
Sosioloq bildirib ki, ölkədə bu gün demoqrafik stabillik var, doğum əmsalı aşağıya meyillənsə də, normadadır, əhalinin say nisbəti normalara uyğundur:
 
"Hələ ki, Azərbaycanda vəziyyət stabildir deyə, bu yaş həddinin yuxarı qalxmasının bu gün üçün ciddi təsiri yoxdur. Amma 15-20 il belə davam edərsə, müəyyən əmsallar var ki, məsələn uşaq dünyaya gətirilməsi, uşaqların sayı, əhalinin sayının ümumi göstəriciləri mənfiyə dəyişərsə, o zaman bu, artıq ciddi məsələ olacaq. Amma indiki halda kişilər arasında evlilik yaşının artmasının əsas səbəbi dediyim kimi, təhsil ilinin və karyera qurma mərhələsinin uzun olmasıdır. Məsələn, yaxşı bir işdə işləməyin üçün səndən bakalavr, magistr təhsili istəyirlər. Bakalavr təhsili də 22-23 yaşında bitir. Ondan sonra hərbi xidmət, iş və s. Yəni evlilik üçün təbii şərait 26-27 yaşda yaranır. İş yerlərinin sayında çeşidlənmə olarsa, iş yerləri ali təhsilə yox, peşə bacarıqlarına əsasən də çoxalarsa evlilik yaşı da dəyişəcək".
 
C.İmamoğlu dövlətin gəncləri evliliyə təşfiq edən proqramlar həyata keçirməli olduğunu vurğulayıb:
 
"Dünyanın bir çox ölkələrində gəncləri evliliyə təşfiq edən proqramlar var. Məsələn, ailə qurmaq istəyən gənclərə dövlət müəyyən subsidiyalar ayırır, müəyyən güzəştlər olunur, evlə təmin edilirlər və s. Qərb ölkələrində bu modeldən geniş istifadə olunur".

Şərhlər

Çox oxunanlar