"Elgizi televiziyaya buraxmaq olmaz" - Sorğu

10.08.2015 15:20     Maraqlı     3449

Yay mövsümü artıq bitmək üzrədir. Bir neçə həftə sonra televiziyalar yeni mövsümə start verəcək. Ötən mövsüm müxtəlif kanallardakı qalmaqallarla yadda qalıb. Hər il olduğu kimi bu sezon da yeni layihələr start götürəcək.

Bəs tamaşaçılar televiziyalarda hansı tipli proqramları görmək istəyir?

Bu barədə facebook sosial şəbəkəsində sorğu apardıq.

Qərb universitetində jurnalistikanın tədrisi ilə məşğul olan Akif Şahverdiyev televiziyalarda səriştəli işçilərə ehtiyac olduğunu bildirib: “Bəlkə də başqaları bu suala asanlıqla cavab verə bilər. Amma mən çətinlik çəkirəm. Doğrudur, 17 il Radio- televiziya jurnalistikasından dərs demişəm. Əsas odur ki, telekanallarda səriştəli adamlar işləsin. Bax o zaman hansı verilişi istədiyimizi deyə bilərik. Onsuz da bacarıqsızlara yüz de, xeyiri yoxdur. Məncə milli mədəniyyətin formalaşmasına yönlənmiş maarifləndirici verilişlərə daha çox ehtiyac var”.

Türkel TV-nin baş direktoru Nadir Şəfiyev ölkəmizdə ciddi verilişlərin, dedi-qodu və qeybətdən uzaq olan verilişlərin çoxalmasını istəyir.

Bakı Slavyan Universitetinin tələbəsi Əli Lətifli düşünür ki, Elgiz Əkbəri ümumiyyətlə televiziyaya buraxmaq olmaz: “Zaur Baxşəliyev və Elgiz Əkbərin verilişləri məni qıcıqlandırır. Çox səviyyəsiz verilişlər hazırlayırlar. Mənə xarici kanallarda yayımlanan proqramların bizdə hansı formatda yayımlaacağını görmək maraqlı olardı”.

Bakı Slavyan Universitetinin filologiya fakultəsinin tələbəsi Leyla Kərimli uşaq verilişlərinə ehtiyac olduğunu düşünür: “Bir az uşaqları düşünüb səhərlər uşaq verlişləri olsa çox sevinərəm. Çünki uşaq da anası ilə birgə oyanıb anasının baxdığı səhər proqramlarına baxır, onun üçün heç də uyğun olmayan məlumatlar öyrənir. Səhər proqramları da ki, axşam baş vermiş maşın qəzalarından tutmuş, ər arvadını axşam necə öldürdüyə qədər hər bir şey verilir.

Bir az da biz gəncləri düşünüb intellektual verlişləri versələr, məsələn ingilis dilini öyrənməyin asan üsualları adı altında verliş olsa, hər gün 5-6 faydalı məsləhət, söz öyrənəcəyimiz veriliş ola bilər. Yaxud iş adamlarının, kariyeralarında uğur qazanmış şəxslərin qonaq çağrıldığı veriliş olsa, biz gənclərin motivasiya olması üçün faydalı olar”.

Jurnalist Kamran Ədalətoğlu düşünür ki, Azərbaycan teleefir məkanında ciddi, düşünülmüş hər hansı bir proyekt yoxdur: “Adətən Türkiyə telekanallarında yayımlanan əyləncəli, evlilik verilişlərini bayağı şəkildə bizim telekanallar təkrar edir. Təbii ki, belə olan halda da verilişə heç bir maraq qalmır. Belə verilişlərin bağlanmasını istəyərdim. Digər tərəfdən, dünya telekanallarında tarixin gizli məqamlarını əks etdirən, o cümlədən, müasir dövrümüdə baş verən səsküylü qətllər barədə onlarla televiziya proyekti var. Müəyyən dərəcədə bizim telekanallar da belə bir layihələr hazırlaya bilər. Bir də “Milyonçu“ layihəsi bərpa olunsa əla olar”.

Sorğumuzu cavablandıran şəxslərim çoxu maarifləndirici verilişlərin sayının artmasını, Türkiyədə yayımlanan “Survivor” tipli əyləncəli verilişlərin ölkə telekanallarında yüksək keyfiyyətlə yayımlanmağını istəyirlər. 

Şərhlər