"Twitter"də ən çox izlənilən liderlər - SİYAHI - FOTOLAR
10.08.2015 17:32 Maraqlı 1949
ABŞ-ın “Burson Marsteller” şirkəti Twitter məlumatlarına əsaslanaraq dünya siyasətinə damğa vuran siyasətçi və dini liderlərin fəaliyyətlərini ölçməyi məqsəd qoyan Twiplomacy 2015 hesabatını açıqlayıb.
2012-ci ildən bəri nəşr olunan hesabat 166 ölkədəki 669 dövlət və hökumət başçıları ilə xarici işlər nazirlərinin “twit”lərinin araşdırılması əsasında hazırlanıb.
Ən çox izlənilən liderlər
Hesabatda “ən çox izlənilən liderlər siyahısına” gözlənildiyi kimi ABŞ prezidenti Barak Obama rəhbərlik edir. Hesabat hazırlandığında 60 milyona yaxın izləyicisi ilə (indi bu rəqəm daha da çoxdur) rəqiblərini böyük fərqlə geridə qoyan Obama bu şəkildə dünyada nə qədər nüfuzlu bir siyasi lider olduğunu isbat göstərib. Obamadan sonra ikinci sırada 20 milyona yaxın izləyicisiylə Katolik dünyasının dini lideri Papa Fransisk, üçüncü sırada isə 11 milyona yaxın izləyici ilə Hindistan baş naziri Narendra Modi yer alıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 6,1 milyondan çox izləyici ilə dördüncü, Ağ Evin rəsmi hesabı beşinci yerdə qərarlaşıb. Bu sıralamada şübhəsiz əhali nisbəti və texnologiya infrastrukturu liderlər baxımından əhəmiyyətli bir üstünlük təmin edib.
Məsələn, Çin Xalq Respublikasının liderləri ölkənin nəhəng əhalisinə baxmayaraq internetə məhdudiyyətlər səbəbindən bu sahədə arxa planda qalır, Hindistan isə Çinlə müqayisədə daha ön sıralarda yer alıb.
Türkiyə özüylə eyni sayda əhalisi olan İran İslam Respublikasından irəlidə yer alaraq, texnologiyaya etdiyi investisiyaların bəhrəsini görüb.
Ən nüfuzlu liderlər
Bu siyahı isə “Retweet” funksiyası əsasında müəyyən edilib. Belə ki, yazıları ən çox paylaşılan liderlər “ən nüfuzlu” olaraq dəyərləndirilib. Siyahıya Vatikan lideri rəhbərlik edir. Papa Fransisk ispanca hesabından göndərdiyi hər mesajda ortalama 10.000 “retweet” toplayan Papa ingiliscə olan hesabından da 7500-ə yaxın “retweet”lə öz nüfuzunu “sübut edib”.
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz ortalama 4500 “retweet”lə bu siyahıda ikinci sıranı tutub. Venesuela prezidenti Nikolas Maduro üçüncü, ABŞ prezidenti Barak Obama dördüncü, Hindistan baş naziri Narendra Modi isə beşinci “ən nüfuzlu lider” olublar.
Ən nüfuzlu XİN başçıları
Dünya ölkələrinin xarici işlər nazirləri arasında aparılan araşdırma nəticəsində isə 2015-ci ildə “ən nüfuzlu XİN başçısı” Laurent Fabius olub. Daha sonra siyahını nazirliklərin hesabları davam etdirib: ikinci sırada Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, üçüncü sırada Fransa Xarici İşlər Nazirliyi, dördüncü sırada Avropa Birliyi Xarici İşlər Komissarlığı və beşinci sırada isə Norveç Xarici İşlər Nazirliyi qərarlaşıblar.
Şərhlər