Uşaqlar niyə arıq, çəlimsiz, beli əyilmiş vəziyyətdədir?

23.10.2018 12:23     Maraqlı     1582

Bu gün uşaqlarımız, yeniyetmələrimiz fiziki, sağlamlıq cəhətdən çox ciddi problemlər yaşayırlar. Xüsusilə savadlı, bilikli, ölkənin gələcəyinə böyük töhfəsi olacaq uşaqlar, yeniyetmələr arasında bu problemlər özlərini ciddi şəkildə göstərməkdədir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, bu məsələni diqqətdə saxlamaq çox vacibdir:

“Çünki adi məsələdən söhbət getmir, söhbət gələcəyimizdən, milli genefondumuzdan, onun təhlükəsizliyindən gedir.

Bu məsələdə çox ciddi, narahatlıq doğuran məqamlar var. Bildiyiniz kimi, hər il təhsil-tədris ilinin yekunları ilə bağlı Təhsil Nazirliyi millət vəkillərinin, tanınmış ziyalıların, media mənsublarının iştirakı ilə müşavirə, fənn olimpiadalarının qalibləri ilə görüşlər keçirir. Mən də, demək olar ki, bu tədbirlərin hər birində iştirak edirəm.

Bir dəfə lap ön sıralarda, elə birinci cərgədə əyləşmişdim və hər şeyi daha yaxından izləmək imkanım olmuşdu. Orada gördüyüm mənzərədən, yəni, nümunəvi, müxtəlif fənlər üzrə olimpiada qalibi olan şagirdlərimizin fiziki durumundan dəhşətə gəldim, çox üzüldüm.

Demək olar ki, hamısı arıq, çəlimsiz, belləri əyilmiş, dəriləri sanki sümüklərinə yapışmış vəziyyətdə idi. Çoxlarının gözündə eynək vardı. Tədbir zamanı da, elə tədbir başa çatandan sonra da əsas müzakirəmiz, narahatlığımız bu vəziyyətlə bağlı oldu. Hamı belə bir haldan üzüldüyünü ifadə etdi. Ona görə hesab edirəm ki, burada əsas məsələ normal qidalanmadır. Yəni, uşaqlarımızın, şagirdlərimizin çoxu normal qidalana bilmirlər”.

“Bəs, o zaman hansı addımların atılması lazımdır?” sualına cavabında isə millət vəkili bildirib ki, bu yöndə ilk olaraq, məktəblərdə uşaqların, şagirdlərin normal qidalanmasına ciddi fikir yetirilməlidir, onlar qida ilə təmin edilməlidir:

“Dövlət ən azı dövlət məktəblərində bu məsələni təmin etməlidir. Onsuz da özəl təhsil müəssisələrində belə bir problem yoxdur. İmkanı olan valideynlər öz övladlarını həmin məktəblərdə oxudur və onların normal qidalanmasında hansısa problem yaşanmır. Amma dövlət məktəblərində belə deyil.

Burada durum ağırdır. Odur ki, dövlət onun nəzarətində olan dövlət təhsil müəssisələrində təhsil alan şagirdləri hər gün ən azı südlə təmin etməlidir. Bu məsələ bir neçə il öncə qardaş Türkiyədə də yaşanmışdı, orada da uşaqların cılızlaşması, boyunun, çəkisinin azalması müşahidə olunurdu.

Bu məsələni həll etmək üçün dərhal məktəblərin pulsuz südlə təmin edilməsinə başlanıldı və nəticədə, uşaqların çəkisində, həmçinin, boy artımında yüksəliş baş verdi.

Bu gün dünyada boy artımı 11 sm civarında olsa da, Azərbaycanda əksinədir, 6 sm geriləmə var. Bu, çox düşündürücü və narahatedici məsələdir. Bununla yanaşı, uşaqlar həddindən artıq dərs yükü ilə yüklənir, repetitorluq bir ayrı bəladır.

Çünki məktəblərimizin əksəriyyətində artıq normal təhsil verilmədiyi üçün uşaqlar repetitor yanına getməyə məcbur olurlar, bir çox valideynlər əyinlərdən, boğazlarından kəsərək, övladlarını repetitor yanına göndərirlər ki, bu, nəticə etibarilə onların ağır maddi durumunu bir az da ağırlaşdırır.

Müəllimlər yüksək məvacib almadıqları üçün repetitorluqla məşğul olurlar, bəzən uşaq hazırlamaq üçün kirayə evlər tuturlar, bəzən öz evlərinin bir hissəsini dərs keçmək üçün ayırırlar.

Ona görə hesab edirəm ki, artıq müəllimlərin əməkhaqlarının artırılması istiqamətində daha ciddi addımlar atılmalıdır, onların əməkhaqları ən azı üç dəfə artırılmalıdır. Yəni, bununla həm təhsilimizin, tədrisimizin səviyyəsi qalxmış olar, həm müəllimlərimizin maddi durumları yaxşılaşar, repetitorluğa ehtiyac qalmaz, həm də uşaqlarımızın fiziki durumu, valideynlərin maddi vəziyyəti nisbətən normallaşar, repetitorluğa gedən pullar normal qidalanmaya sərf olunar.

Həmçinin, orta təhsil məktəblərimizlə, uşaq bağçaları ilə bağlı məsələ ciddi narahatlıq doğurmaqdadır. Bu gün Bakıda, ölkənin baş şəhərində iki, hətta üç növbəli işləyən məktəblərimiz var. Biz hansı dövrdə, hansı zəmanədə yaşayırıq ki, iki, üç növbəli məktəblərimiz var?! Bu, narahatedici və utandırıcı bir məsələdir.

Bu gün Bakıda çoxlu məktəblərə ehtiyac var. Həmçinin, uşaq bağçaları ilə bağlı vəziyyət daha dözülməzdir. Bəzən deyirlər ki, ölkədə uşaqların 25 faizi uşaq bağçalarına gedir, amma mən deyərdim ki, bu göstərici bir az da aşağıdır. Hətta elə kəndlər, yaşayış yerlərimiz var ki, orada bir dənə də olsun, uşaq bağçası yoxdur.

Hələ uşaq bağçalarındakı vəziyyəti, orada çalışan personalın durumunu, səviyyəsini nəzərə almıram. Ölkədə ciddi şəkildə uşaq bağçası çatışmazlığı var. Ona görə dövlət bu məsələdə ciddi addımlar atmalıdır. Məktəb, uşaq bağçalarının tikintiləri özəl sektora artıq həvalə olunmalıdır, dövlət bu məsələdən yaxasını bir qədər kənara çəkməlidir. Dövlət artıq hər şeyi öz üzərinə götürməməlidir”.

Millət vəkili Zahid Oruc da həmkarının mövqeyindən çıxış edib və qeyd edib ki, bununla bağlı bir neçə dəfə parlamentdə öz fikirlərini səsləndirib, narahatlığını dilə gətirib.

“Ümumiyyətlə, belə davam etsə, 2050-ci ildə dünya əhalisinin yarısı eynək taxmaq məcburiyyətində qalacaq. Tədqiqatçılar əvvəllər əsas səbəbi uşaqların kompüter, telefon ekranına çox baxmaqlarında görürdülər”, - deyən millət vəkili bildirib ki, ən son tədqiqatların nəticəsi isə onu göstərir ki, əsas səbəb uşaqların qapalı məkanlarda çox vaxt keçirməklə gözlərini təbii gün işığından məhrum etmələridir:

“Bunun nəticəsində göz lazımi qida və vitamini almamış olur. Misal üçün, buludlu havada insan gözü açıq havadakı işiqdan evdəki süni işıqla müqayisədə 30 dəfə daha çox lazımi qida və vitamin alır. Açıq günlü havada isə bu fərq 300 dəfəyə çatır.

Məktəbdən danışsaq, dərs rejimi düzgün deyil, ağırdır. Uşaqlar səhərdən axşama qədər yaxın məsafəyə baxırlar. Yaxın məsafəyə baxmaq göz əzələlərinin spazmına gətirib-çıxarır. Göz yaxını yaxşı görməyə başlayır, uzağı görmə mənfiləşir. Üstəlik, uşaq bütün gün dərsdə olur, evə gəlib yeməyini yeyən kimi, “get, dərslərini hazırla” deyirlər.

Bu kimi yüklənmə ilə yanaşı, uşaqda mənfiliyə bir az genetik meyillilik də varsa, mənfiləşməyə, spazmın proqressivləşməsinə gətirib-çıxarır”.

Millət vəkilinin dediyinə görə, həqiqətən də, yaxşı oxuyan uşaqlarda eynək taxma halı daha çoxdur:

“Çünki onlar bütün gün yaxına baxırlar. Eyni zamanda, uşaqlar dərsdən sonra televizora bəzən çox baxırlar, kompüter, telefonlarla vaxt keçirirlər. Bunlar göz əzələləri üçün əlavə stressdir. Ona görə də inanılmaz dərəcədə mənfiləşmə gedir”.

Millət vəkili bildirib ki, profilaktik olaraq, əsas məsələ gözün gigiyenasına diqqət etməkdir:

“Bu isə kompleks bir işdir. İdman, təmiz havada olmaq, qamətin düz saxlanması, işıqlandırmaya diqqət olunması və sairə. Odur ki, görmə ölçülərinin artmaması üçün biz profilaktik olaraq gigiyenik qoruma işləri görməliyik. Uşağın dərsdən gələndən sonra iki saat açıq havada olmasına şərait yaratmaq lazımdır. Uzağa baxsınlar, evdə yaxına baxmaq olmaz.

Bu, göz əzələlərinin spazmını aradan qaldırmaq üçündür. İkincisi, qidalanmaya fikir verməliyik. Tərkibində müxtəlif fermentlər olan qidalanma olmalıdır. Hər bir maddənin qida rasionumuzda olmasına çalışmalıyıq.

Həftədə iki dəfə uşaq balıq yeməli, meyvə-tərəvəzlərdən istifadə olunmalıdır. Kahı və ispanaq kimi tərəvəzlər, balığın özü ilə yanaşı, yağı da faydalıdır. İdman mütləqdir və əvəzedilməzdir. Uşaqların həyətə çıxarılması çox yaxşıdır.

Təmiz hava, oksigen əzələlərin qidalanmasına gətirib-çıxarır, uzağa baxma əzələ spazmını aradan götürür. Gözündə zəiflik olan uşaqları bəzən idmandan uzaq tuturlar. Amma “eynək taxırsa, idmandan uzaq olmalıdır”, - deyə bir şey yoxdur. Biz yağış yox, bir az külək əsən kimi uşağı açıq havadan gizlədirik.

Məsələn, ABŞ-da miopiya problemi var, müasir texnologiyalardan istifadə edirlər, amma yükləmə yoxdur, uşaqlar təmiz havada çox vaxt keçirirlər, balaca uşaqlar soyuq havada çöldə olurlar. Evdə uşaqların dərs hazırladıqları yerdə stolüstü lampalar olmalı, uşağın qaməti düz tutmasına fikir vermək lazımdır.

Oftalmoloq, məktəb və valideyn bir yerdə çalışmalıyıq ki, mənfiləşmə 0,5-0,75 faizdən çox olmasın. Əgər bunları etməsək, mənfilik sürətlə artacaq və qalın eynək taxmaq məcburiyyətində qalacaqlar”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar