DÜNYADA HƏR 4 GƏNCDƏN BİRİ OXUMAĞI BACARMIR
20.12.2018 17:33 Maraqlı 1683
Bu gün Bakıda Dünya Bakının təşkilatçılığı ilə Dünya Bankının "İnsan Kapital Forumu" işə başlayıb. Tədbirdə Dünya Bankının, UNİCEF-in təmsilçiləri, həmçinin Azərbaycanın təhsil naziri Ceyhun Bayramov çıxış edib.
Sputnik Azərbaycan xəbər verir ki, forumda Dünya Bankı və UNESCO-nun 2018-ci ilə dair hesabatı təqdim olunub. Qeyd olunub ki, ümumilikdə, bütün dünyada son bir neçə 10 illikdə təhsil sahəsində inqilab baş verib.
Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Navid Hassan isə orta gəlirli və kasıb ölkələrdə təhsil ilinin artdığını qeyd edib: "Öncələr belə ölkələrdə təhsil ili bir neçə ili əhatə edirdisə, artıq bu müddət 10 ilədək artıb. Lakin bununla yanaşı təhsil ala bilməyən uşaqların sayı heç də ürəkaçan deyil. Belə ki, UNESCO-nun hesabatına görə, bu gün 264 milyon uşaq məktəbə getmir. 262 milyon uşaq isə məktəbə getsə də, oxuyub-yazmağı bacarmır. Bu gün dünyada hər 4 gəncdən biri oxumağı bacarmır”.
"Apardığımız kiçik bir sınaqla da bəzi ölkələrdə təhsil səviyyəsinin çox aşağı olduğunu deyə bilərik. Orta gəlirli ölkələrdə əksər tələbələr 23x19 misalını həll edə bilməyib. Azərbaycanda da kiçik və sadə sınaq təşkil etdik. Təəssüflər olsun ki, Azərbaycanda da bu sadə misalı həll etməyən uşaqların sayı kifayət qədər idi" – deyə, Navid Hassan bildirib.
Qeyd olunub ki, yüksək gəlirli ölkələrdən fərqli olaraq aşağı gəlirli ölkələr minimal təhsil səviyyəsinə çata bilməyib. Təhsilin inkişaf səviyyəsinə görə Sinqapur modelindən söz açılıb.
Forumda o da bildirilib ki, uşaqların təhsil səviyyəsinin çox aşağı olması həm də erkən qidalanmanın zəif olması ilə bağlıdır.
Daha sonra isə müəllimlərin dərsdən yayınma hallarından söz açılıb. Bildirilib ki, yüksək gəlirli ölkələrdə müəllimlərin işə gəlməmə halı 5 faizdən aşağıdır. Qeyd olunub ki, bir sıra ölkələrdə müəllimlərin dərsdən yayınma hallarının əsas səbəbləri maaşların vaxtında verilməməsi və bu kimi bir sıra səbəblərlə bağlıdır.
Forumda Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də çıxış edib. O bildirib ki, 2014-cü ildə 9-cu sinifdən sonra dərsdən yayınma halları 19 faiz idisə, hazırda bu faiz 14-ə endirilib. 11-ci sinfi bitirdikdən sonra təhsilini davam etdirməyənlərin sayı isə 22 faizdən 15 faizə enib.
M.Abbaszadə onu da vurğulayıb ki, Lənkəran və Astara kimi cənub bölgələrində qız uşaqlarının daha çox dərsdən yayındığı müşahidə olunub.
O, həmçinin abituriyentlərin hədəflərindən də söz açıb: "Təəssüflər olsun ki, bu gün orta təhsil məktəblərini bitirdikdən sonra abituriyentlərin əksəriyyəti karyera qurmaq məqsədi ilə deyil, sadəcə təhsil almaq üçün ali məktəbə sənəd verirlər. Bu səbəbdən düşünürəm ki, karyera, karyera bilikləri və bunun gələcək töhfələri haqda məlumatlar verilməlidir".
Forumda Dünya Bankının Azərbaycan üzrə nümayəndələri və çıxış edənlər tərəfindən erkən təhsilin faydaları üçün işləyən analara müəyyən şəraitlərin yaradılması təklif edilib. Qeyd olunub ki, iş yerlərinin yanında bağçalar yaradılarsa, analar üçün daha faydalı olar.
Şərhlər