Şəki bazarında dezinfeksiya işləri aparılır

18.09.2020 20:36     Maraqlı     1287

Şəki rayonunda kütləvi yoluxmanın qeydə alındığı və fəaliyyəti üç gün müvəqqəti olaraq dayandırılmış bazarda dezinfeksiya işlərinə başlanılıb.

Reaksiya.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Şəki Bazar” ASC-də epidemioloji vəziyyətə dair açıqlamasında bildirilir ki, Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.

“Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədilə bazar sentyabrın 18-dən üç gün müddətində karantinə bağlanıb, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb. Müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcək.

Eyni zamanda “Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilib, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar