Rəngləri ilə insanı bihuş edən ovsunlu daş
23.08.2015 13:36 Maraqlı 4504
Dünyada onlarla qiymətli daş var. Ancaq onlardan ən rəngarəngi, ən gözəli və ən qəribə xüsusiyyətlərə sahib olanı yəqin ki, turmalindir. Bu daşın adını belə eşitməyənlər ola bilər. Halbuki, 2 min ildən çoxdur ki, həm zərgərlikdə, həm də tibbdə geniş istifadə edilir.
Göyqurşağı kimi rəngli və sirli daş
Göyqurşağının bütün rənglərini özündə əks etdirdiyindən ona “Göyqurşağı daşı” da deyirlər. Təbiətdə, demək olar ki, hər rəngdə turmalin tapmaq mümkündür. Qədim misirlilər turmalin daşının yerin dərin qatlarından üzə çıxarkən göyqurşağının içindən keçdiyinə inanıblar. Onlar turmalinin məhz bu səbəbdən belə rəngarəng və möcüzəli olduğunu düşünüblər. Bu daşların hər birinin özünəməxsus rəng çaları olur. Heç biri, o birinə bənzəmir. Ona görə də bu daşın sehrli olduğuna inanılıb.
Daşın ən çox yaşıl və qırmızı rəngdə olanından istifadə edilir. Onları çox asanlıqla zümrüd və ya yaqutla səhv salmaq olar. Çünki ən az adını çəkdiyim daşlar qədər gözəl və parlaqdır. Buna baxmayaraq, turmalinin ən dəyərli növü mavi rəngdə olan “Paraiba”dır.
Turmalin Əfqanıstan, Braziliya, Amerika, İtaliya, Rusiya, Tanzaniya, Madaqaskar və Türkiyənin bəzi bölgələrində yerləşən yataqlardan çıxarılır.
Qadınların arzusu: turmalin
Düz 2000 ildir ki, zərgərlik sahəsində bu daşdan istifadə edilir. Qədim Misir kraliçalarından İsveç şahzadələrinə, Hollivud ulduzlarından pop divalara kimi hər kəs bu daşın rənginə, parlaqlığına vurulub.
Aktrisalar Emili Blant, Penelope Kruz, gözəl ulduz Skarlet Yohanson, müğənni Cennifer Lopez bu daşa heyran olan məşhurlardandırlar. Penelope Kruz tədbirlərdən birində turmalinin ən bahalı növü olan “Paraiba” qaşlı sırğası ilə bütün diqqəti üzərinə çəkib. Skarlet Yohanson da qırmızı xalıda bir qulağa taxılan, qeyri-adi, iri turmalin qaşlı sırğası ilə hər kəsi kölgədə qoyub. Emili Blant isə turmalin qaşlı üzük taxmağa üstünlük verib. O, geyimini də mavi rəngdə seçərək cazibədarlığını dəfələrlə artırmağı bacarıb.
Möcüzəli daşın bürclərlə uyğunluğu
Turmalin daşı Buğa, Şir, Tərəzi və Oğlaq bürcündə doğulanlar üçün uyğundur. Oktyabr ayının uğurlu daşı hesab edilir. Bu ayda dünyaya gələnlər rahatlıqla turmalindən istifadə edə bilərlər. Xüsusilə, yaşıl turmalin astrologiyada Merkuri planetinin daşı hesab edilir. Merkuri Qız və Əkizlər bürcünün planeti olduğu üçün bu bürcdən olan insanlara yaşıl turmalin daşı məsləhət görülür. Çəhrayı turmalin isə Şir bürcü üçün uyğundur. Bu bürc altında dünyaya gələnlər yaquta alternativ olaraq çəhrayı turmalindən istifadə edə bilərlər.
Bu daş ürək və boğaz çakraları ilə uyğunlaşır. Bu orqanlarla bağlı problem yaşayanlar turmalin daşına müraciət edə bilərlər.
Pozitiv enerjili turmalinlə nəzərdən qorunun!
Maraqlıdır ki, turmalin sadəcə fiziki cəhətdən deyil, mənəvi dünyamıza da öz təsirini göstərir. Qədim zamanlardan bəri bu daşın 6-cı hissi qüvvətləndirdiyinə inanılıb. Bəxtini açmaq, nəzərdən qorunmaq və ya təhlükələrdən uzaq olmaq istəyənlər üzərlərində turmalin daşı gəzdiriblər. Turmalin sayəsində stressdən azad ola, yaradıcılıq qabiliyyətinizi artıra bilərsiniz. Təsadüfi deyil ki, tarixdə bir çox yazarın bu daşdan istifadə etdiyi haqqında məlumatlar var. Təhsillə əlaqədar olan hər kəsə, xüsusilə də şagirdlərə və tələbələrə tövsiyə olunur. Bu daş həm də radiasiyanın təsirini azaldır. Müasir dövrdə məlumatın çoxunu internetdən aldığımızı nəzərə alsaq, turmalin daşının elmlə məşğul olan insanlar üçün nə qədər faydalı olduğunu anlaya bilərik.
Neqativ ion yayan yeganə daş
Fırtınadan və leysandan sonra atmosfer bizə özümüzü daha təmiz və enerjili hiss etdirir. Çünki bu havada neqativ ionlar çoxluq təşkil edir. Onlar oksigenin beyinə daha asan və tez getməsini təmin edir. Bu da özümüzü yaxşı hiss etməyimizə səbəb olur.
Elə turmalinin də ən önəmli xüsusiyyəti qızdırılıb soyudulduqda alfa dalğaları, yəni neqativ ionlar yaymasıdır. Bu xüsusiyyətinə görə, ondan su filtirlərinda, boyalarda və saç fırçalarında istifadə edilir. Həmçinin, əhvalı yaxşılaşdırıb, depressiyadan çıxmağa kömək edir.
Şərhlər