Bir mübarizə hekayəsi: - Roza İbadova Kocamaz
17.12.2025 15:28 Maraqlı 230
Bu gün sizə Azərbaycandan yola çıxaraq işini, qurduğu nizamı, sevdiklərini arxada qoyub Türkiyəyə gələn və burada hər şeyə sıfırdan başlayan bir sənətçidən danışmaq istəyirəm: Roza İbadova Kocamazdan.
Məni yaxından tanıyanlar yaxşı bilirlər ki, söhbət millətdən, dövlətdən və əməkdən gedirsə, əsla susmaram. Doğrunu deməkdən, haqqı müdafiədən yorulmaram. Düzğün mübarizəni kənardan seyr etmərəm.
Tam səmimiyyətimlə deməliyəm ki, uzun illər Türkiyədə həyata keçirilən bir çox layihələrdə birlikdə çalışmdığım mərhum millət vəkilimiz, dəyərli həmkarım Qənirə Paşayevadan sonra tanıdığım ən enerjili, ən intizamlı və işinə böyük məsuliyyətlə yanaşan mübarizə insanlarından biri Roza İbadovadır. Bəlkə də elə buna görə tənbəlliyi vərdiş halına gətirmiş, ortada dolaşıb kənardan bəslənən, yalnız reklam dalınca qaçanlar tərəfindən çox da sevilmir. Çünki belə insanlar həqiqi zəhməti həmişə narahatedici hesab edirlər.

Mən bunu düz 30 ildir yaşayıram. Görülən işləri görməyib, xoruzun altında yumurta axtaranlar, hər fürsətdə arxadan danışanlar həmişə olub. Roza İbadova isə kim nə edirsə etsin, öz mübarizəsindən, xalqına xidmət idealından heç vaxt vaz keçmir.
Bəzən düşünürəm, bizim 20-30 ilə Türkiyədə edə bilmədiklərimizi Roza İbadova Kocamaz 10 ilə bacardı. Bunun ən açıq sübutu təkcə son dörd gündə gördükləridir.

12 dekabrda Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin, Karşıyaka Bələdiyyəsi ilə birgə təşkil etdiyi Heydər Əliyevi anma proqramını aparıcılıq etdi. Soyuq havada, abidənin önündə saatlarla hündürdaban ayaqqabılarla ayaq üstə dayanaraq tələbələrə, siyasi partiya təmsilçilərinə, QHT-lərə ayrı-ayrılıqda diqqət göstərmək asan iş deyildi. (Heydər Əliyevin vəfat ildönümündə tort kəsib ad günü qeyd edənlərin Roza xanımı anlaması onsuz da mümkün deyil.)
Bir gün sonra, təxminən 200 nəfərin qatıldığı, əksəriyyəti Azərbaycandan gəlib Türkiyədə təhsil alan gənclərdən ibarət geniş toplantıda beş saata yaxın proqram apardı. Alimlərdən QHT nümayəndələrinə, dərnək sədrlərindən Türk dünyasının müxtəlif bölgələrindən İzmirə gələn qonaqlara qədər hər kəslə tək-tək maraqlandı. Bu, hər igidin işi deyildi. Roza bacardı.

13 dekabrda Heydər Əliyevi anma konfransını da uğurla idarə etdi.
14 dekabrda isə bu “balaca qız” İzmir Böyükşəhər Bələdiyyəsinin Türk dünyasına həsr olunmuş tədbirində idi. Başdan-ayağa milli bir duruşla… Azərbaycan milli geyimində səhnəyə çıxdı; Türk dünyasından İzmirə gələn tələbə və alimlərin qarşısında, Qənirə Paşayevanın qələmindən çıxan Türk tarixini o güclü və təsirli səsi ilə anlatdı.

Bununla da bitmədi.
Ertəsi gün - yenə İzmir Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi 15 Dekabr Dünya Türk Dili Ailəsi Günü tədbirində tələbələrlə birlikdə sənətçi dostlarını dəstəkləmək üçün meydanda idi.
Mənim son dörd gündə gördüklərim yalnız bunlardır. Son bir ildə etdiklərini yazmağa başlasaq, ayrıca bir kitab olar.
Amma etiraf edək: bizim cəmiyyətdə belə çalışan, yaradan, mübarizə aparan insanları sevənlər olduğu kimi, sevməyənlər də az deyil. Ona görə mən sadəcə Roza İbadovanın sevənlərinə salam göndərirəm. Səhnədə olarkən Türk dünyasına və dəyərlərinə ünvanladığı o möhtəşəm salamdan…
Sevməyənləri isə...
Mövlan nə edərsə, gözəl edər. Nöqtə.
Nigar Ögeday
Reaksiya.az












Şərhlər