Dünyanın ən uzun dəmir yolu tuneli

30.08.2015 06:33     Maraqlı     2556

İsveçrədə dünyanın ən uzun və dərin dəmir yolu tunelinin texniki təchizatı başa çatıb. Qotard tunelinin uzunluğu 57 kilometrdir və bəzi sahələri təqribən 2,3 kilometr uzunluğunda dağ süxurlarının altından keçir.

Reaksiya.az AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlki rekordun sahibi Yaponiyanın Seykan tuneli Qotarddan təqribən 3 kilometr qısadır.

“Alp Transit Gotthard AG” tikinti şirkətindən bildiriblər ki, bu tunel İsveçrə dəmir yollarının ən təhlükəsiz sahəsi olacaq. Tuneli sınaqdan keçirənlər yaxın həftələr ərzində işıqlandırma, rabitə və ventilyasiya sistemlərini yoxlamaq üçün icazə alacaqlar. Sınaqlar oktyabr ayında başlamalıdır.

Gözlənildiyinə görə, tam istifadəyə verilməzdən əvvəl qatarlar tuneldən 3 min dəfə keçib gedəcək. İlk sərnişin daşımaları 2016-ci ilin iyun ayına planlaşdırılıb, müntəzəm daşımalar isə dekabrda başlayacaq.

Yeni nəqliyyat arteriyası sərnişinlərə Sürixdən Milana saatda 200 kilometr sürətlə 2 saat 50 dəqiqəyə, yəni bir saat tez çatmağa imkan verəcək. Bu sahədən keçən yük qatarlarının sayı artaraq gündə 180 qatardan 260-a çatacaq.

Tunelin inşasına 1996-ci ildə başlanılıb, qazma işləri 14 il çəkib, dörd il keçəndən sonra isə axırıncı reyslər qoyulub. Tunelin tikintisinə 2 mindən çox adam cəlb edilib. Tikinti müddətində 8 nəfər həlak olub.

Şərhlər

Çox oxunanlar