96 yaşlı Bakı Dövlət Universiteti

01.09.2015 05:26     Maraqlı     2798

Bu gün Bakı Dövlət Univeristetinin (BDU) yaranmasından 96 il ötür. Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olunub-Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb. Universitet ilk tədris ilini 2 fakültə ilə-tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. 

Universitetin 1920-30-cu illərdə aparıcı müəllimləri dahi Azərbaycan yazıçısı Əbdürrəhim Bəy Haqverdiyev, tanınmış şərqşünaslar-professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər tanınmış alimlər olublar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət ediblər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı L.D.Landau 1922-24-cü illərdə universitetimizdə təhsil alıb.

1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edilib və onun bazasında Ali Pedaqoji İnstitut yaradılıb. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başlayıb və o, respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrilib. Ikinci Dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bilib. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olub. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri BDU-nun bazasında yaradılıb.

1969-cu ildən sonra yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başlayıb. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradılıb. Bu gün BDU-da 3500 nəfər professor-müəllim heyəti çalışır, 16 fakültə, 2 elmi institut və çoxsaylı laboratoriyalar fəaliyyət göstərir.

Şərhlər

Çox oxunanlar