Gözəllik onların gözü ilə - SORĞU
09.09.2015 14:19 Maraqlı 5172
Bu gün Ümumdünya Gözəllik Günü kimi qeyd edilir.
XX əsrdə kosmetologiya aləmində böyük irəliləyişlər nəzərə alınaraq 1995-ci ildə Ümumdünya Konqresi 9 sentyabrın Gözəllik günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.
Gözəllik məfhumu deyiləndə ağıla ilk olaraq qadın gəlir. Hər kəs gözəlliyi qadına, qadını da gözəlliyə yaraşdırır.
Ancaq əlbəttə ki, gözəlliyi təkcə qadınla əlaqələndirmək düzgün olmazdı. İnsan həyatı başdan-başa gözəl olmalıdır. Yəni biz istəyirik ki, gözəl çöhrəmiz, gözəl bəxtimiz, gözəl evimiz, gözəl həyatımız, gözəl ailəmiz, gözəl övladlarımız olsun və sair və ilaxır... Bəşər övladı dünyaya gəlişindən tutmuş ölümünün belə gözəl olmasını arzu edir. Hətta,öləndən sonra məzarının belə gözəl olmasını belə düşünənlər az deyil...
Gözəlliyi sənət adamları müxtəlif cür qəbul ediblər və düşündükləri kimi də vəsf etməyə çalışıblar. Şairlər sözlə, rəssamlar fırçayla, həkimlər cərrah bıçağıyla, dərzilər qayçı və iynə-sapla, memarlar daşlarla gözəlliyə gözəllik qatmağa çalışıblar.
Dahi yazıçı Onero De Balzak gözəlliyi çox vaxt qüsurları gizləyən bir örtük kimi qiymətləndirib.
Reaksiya.az bir sıra peşə sahibləri ilə Balzakın bu fikrinin nə qədər doğru olub-olmadığını araşdırıb.
“Təmiz Dünya” qadınlara yardım təşkilatının sədri Mehriban Zeynalova Balzakın fikri ilə əslən razılaşmadığını bildirib: “Bu ifadə yanlışdır, çünki gözəllik elə fenomendir ki, onu gizləmək mümkün deyil. Qəlbi gözəl insanın mütləq şəkildə gözləri və üzündəki nur onu fərqli və cəlbedici göstərir. Fiziki və mənəvi gözəllik var. Fiziki gözəlliyi olanlara bəzən “allahın xoş anında yaranıb”, “onun qələmi ilə çəkilib” deyənlər də var. Təbii ki, hər bir kəs gözəllikdən zövq alıb onu vəsf edir. Lakin bəzən bu gözəlliyə qarşı kifayət qədər ədalətsiz yanaşma olanda gözəllik sahibi özünü müdafiə üçün fərqli görünə bilər. İnanmıram ki, xarici gözəl olanların daxili çirkin olsun. Mənəvi gözəllik sahiblərinin xarici gözəl olmasa da bəzən daxili gözəllik onun qüsurlarını gizlədə bilər. Daha çox bu fikirlə razıyam. Gözəlliyi gözdən salmaq istəyənlər onun qüsurları gizlədən örtük kimi istifadəsini deyə bilərlər".
Yazar Azad Qaradərəli Balzakın sözünə onu əlavə edib ki, gözəllik dünyadakı naqisliklərdən, çirkinliklərdən bəşəriyyəti qoruyur: “Mənim bir hekayəm var, "Göz və gözəl" adlanır. Hamının heyrətinə səbəb olan bir gözəl əri ilə mübahisə edə-edə avtobusa minir. Hamı bir anlıq dərdini unudur, bu gözəlin tamaşasına durur. Hətta, avtobusadakı bir kor da bunu "hiss edir". Onun gözəlliyini duymayan tək yanındakı əridir. Yəni gözəllik, bir az da nisbi anlayışdır. Biri üçün gözəl olan başqası üçün gözəl olmaya bilər. "Bəşəriyyəti gözəllik xilas edəcəkdir" deyən dahi ilə yüzdə yüz razıyam. Bütün insanlığın nicatı gözəllikdədir - burada hər mənada gözəlliyi nəzərdə tuturam: ən gözəl roman, ən gözəl film, ən gözəl elmi kəşf və fiziki və daxili gözəlliklər”.
Gözəl olan hər şeydən zövq aldığını söyləyən jurnalist Şəmsiyyə Kərimova isə Balzakın fikri ilə tam razı olduğunu söyləyib: “Gözəllik elə bir məvhumdur ki, onun zövqünü illərcə yaşayırsan. Gözəllik təkcə insanlara aid deyil, təbiətin gözəlliyi daha gözəldir. Bundan zövq almaq insanı gözəlləşdirir, saflaşdırır, mərhəmət hissini artırır. Gördüyün hər bir şeydə çirkinlik yox, gözəllik axtarsan, qəlbin də daha gözəl şeylərlə döyünər. Məsələn, iki yoldaş yol gedir, bir zibilliyin yanından keçəndə biri burnunu tutub deyir ki, gəl tez keçək, pis iy gəlir. O birisi isə ayaq saxlayıb zibillikdə açan bir gülü göstərib deyir ki, bax, nə gözəldir! Görürsünüzmü, adam istəyəndə hər yerdə gözəllik görə bilir. Mənim üçün dünyaya gəlməyin özü bir gözəllikdir, valideynlərini sevməyin özü bir başqa gözəllikdir. Dostlarınla olmağın ayrı gözəlliyi var. Bir sözlə, həyat başdan başa gözəlliklə doludur. Yetər ki, onu olduğu kimi gör, həzz və zövq al. Eyni zamanda da gözəlliyi qorumağı bacar. O gözəlliyi yaradanlara "sağ ol!" deməyi bacar. Elə bunlar hamısı gözəllikdir. Mən bütün insanlara demək istəyirəm ki, əsas odur ki, gözəllik içində çirkab axtarmasınlar, çirkinliklər içində gözəlliyi görsünlər. Gözəllik gününüz mübarək olsun. Gözəl görən gözünüz var olsun”.
Şair İbrahim İlyaslı ilk öncə “Gözəlləmə”sindən bir bəndlə bütün gözəlləri təbrik edib:
“Gözəllik bəşərə görk olsun deyə,
Qıydı Yer üzünə fələklər səni.
Dayandı səcdənə ulduzlu Göylər,
Qısqandı Allaha mələklər səni.
Gözəllik - insan övladına Tanrının ən böyük lütfüdür, Tanrı təcəllasıdır! Yaradanın ucalığının, əlçatmazlığının, qüdrətinin təsdiqidir. Balzak olanda nə olar? Düz söz söyləməyib. Düşünürəm ki, urcahına çıxan gözəl onu bəyənməyib, o, da yandığından belə deyib”.
“Naşir” jurnalının baş redaktoru Gülnar Məsimli Balzakın fikrinə belə münasibət bildirib ki, istənilən vucudda görünən hər kəsdə nisbət və faiz fərqini nəzərə almasaq, bu və digər şəkildə qüsur sandığımız keyfiyyətlər var: “Həmin qüsurları örtməyə vücudun güçü yetməz sanıram. İlk anda gizlənsə də bir-iki kəlmə yetərli olur tanımağa və dəyərləndirməyə. Ağıl, dərrakə yetərli olmayınca, xislət gözəl mahiyyət daşımayınca heç bir gözəl vücud o insanı gizlədib, sözün yetərli anlamında gözəl göstərə bilməz. Cəlaləddin Rumi deyir ki, gözəllik baxdığın şeydə deyil, baxışda olmalıdır. Üz-gözün gördüyü deyil, könül gözüylə gördüyündür gözəl olan. İnsanın içində gözəl bir işıq olunca o mütləq şəkildə hər kəsin simasına bu və digər şəkildə yansıyır. Mənə görə əsl gözəl insan həm qadın, həm də kişi fərq etməz, gözəl görməyi bacarandır eyni zamanda. Qadın bir ömür boyu həm özünə, həm də ətrafına sevgi aşılamağı bacarmalıdır. Ətrafında sevgidən qaynaqlanan bir çevrə formalaşdırmağı, sevməyi, qorumağı və yaşadığı istənilən cəmiyyətdə buna nail olmağı bacarmalıdır. Sevgi ilə baxdığın hər şey gözəldir”.
Rəssam Nəvai Metin ilk öncə bu gün münasibəti ilə gözəllik simgəsi olan bütün qadınları təbrik edib: “Ümumiyyətlə istənilən sənət adamı gözəllik aşiqidir desəm məncə yanılmaram. Örtük olsa belə. O an üçün həmin örtük diqqət çəkirsə, sənətçi ondan bəhrələnirsə və bu yalançı gözəllik onun sənət ömrünə bir cizgiylə yazılırsa, varsın örtük olsun. Balzak ağıllı adam imiş ki, belə deyib və ümumiyyətlə götürsək, gerçək deyə bir şey yoxdur. Gözəllik, sevgi insanda müsbət hormonları ayaqda saxlayan amillərdir. Gözəlliyi duymayan, sevməyi bacarmayan adam sənətçi ola bilməz, yeriyən, danişan ölü (meyid) ola bilər".
Tibbin xaruqələr yaratdığını, ən çirkin insanı belə gözələ çevirdiyini nəzərə alaraq Balzakın fikrinin bəlkə də elə bu gün üçün səsləndiyini düşünmək olar. Davud Qüdrətov bir həkim olaraq bildirib ki, xarici gözəlliyi Allah bəxş edir, tibbi yolla onu bir az təkmilləşdirmək olar: “Gözəllik anlayışı geniş məvhumdur. Amma daxili və mənəvi gözəllik də var. Bütün bunların vəhdəti isə əsl gözəlliyi təşkil edir, yaradır! ".
Şərhlər