Necə nüfuz qazanmaq olar? - Məşhurların cavabı
10.09.2015 15:41 Maraqlı 4424
ABŞ-ın nüfuzlu “Vanity Fair” jurnalının keçirdiyi rəy sorğusunda “Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq dünyanın ən nüfuzlu adamı elan edilib. Jurnalın baş redaktoru Qreydon Karter bildirib ki, 31 yaşlı Mark Zukerberq gələcəyin ən iri korporativ liderlərindən biri olacaq.
Ümumiyyətlə, nüfuz nədir, necə qazanılır? Nüfuzlu olmaq üçün nə etmək lazımdır? Nüfuz qazanmağın xüsusi sirri varmı?
Reaksiya.az cəmiyyətdə kifayət qədər nüfuza malik olan müxtəlif peşə sahibləri ilə sadalanan suallara cavab tapmağa çalışıb.
Xalq artisti, səhnədə canlandırdığı rolları ilə tamaşaçılar arasında nüfuz qazanmış, sevilən aktyor Ağaxan Salmanlı:
“Sualların qoyuluşu məni fikrə saldı... Elə bil sualın bətnində kimisə ayaqlamaq, irəli keçmək, fəndlər işlədib, yaxşı, bacarıqlı, istedadlı, yüksək insani keyfiyyətlərə malik bir şəxs obrazı yaratmaq yanğısı var... Bir tərəfdən də fikirləşirəm ki, hər zamanın öz diktə etdiyi tələblər, şərtlər var, bəlkə də ondan irəli gəlir. Lakin bizim zamanda biz belə fikirləşmirdik. Hər halda mən həmişə çalışmışam intizamlı olum, savadımı daim artırım, günün imkan daxilində olan bütün yenilikləri ilə vaxtında tanış olum, işimdə onlardan istifadə edim. Mənə tapşırılan işi vaxtında, səviyyəli təhvil verim. İnsanlarla düzgün, səmimi münasibət qurum. Heç kəsin qəlbinə dəyməyim. Alınmayanda kənar gəzim, həmin şəxslərdən. Özünü şirin salmaq, hörmət qazanmaq üçün yalandan tərifləmələrdən uzaq olum. Ətrafdakı insanlar nüfuz sahibini özü seçir. Süni yollarla hörmət qazananların axırı olmur. Daxili təmizlik, saf mənəviyyat insanlar arasında nüfuz sahibi olmağın ən doğru yoludur”.
Azərbaycan KİV-ləri sırasında ən nüfuzlulardan olan “525-ci qəzet"in təsisçisi və baş redaktoru Rəşad Məcid:
“Baş redaktorda çoxlu sayda müsbət keyfiyyətlərin cəmi olmalıdı mütləq şəkildə. Ən başlıcası baş redaktor ədalətli, erudisiyalı, obyektiv olmalıdır. Dəyərləri bilməlidir. İstedadlı jurnalistin nazıyla oynamalıdır. Qəzetə dəyərli imzaları və müəllifləri cəlb etmək üçün can qoymalıdır. Belə olan halda qəzet də, baş redaktor da kifayət qədər nüfuza sahib olacaqdır”.
Hazırda KİV-lərdə çalışan bir çox jurnalistin müəllimi olmuş, peşəsində xeyli nüfuzu olan Sevinc Əliyeva:
“Mən BDU-da jurnalistika fakültəsində elmi işlər üzrə dekan müaviniyəm. Fikrimcə, istər mənim çalışdığım sahədə, istərsə də digər sahələrdə nüfuz qazanmaq üçün ən başlıcası peşəkar olmaq lazımdır. Çalışdığın sahənin bilicisi olmalısan. Bir qədər də zəhm, nizam-intizam öz yerində olmalıdır. Kollektivlə ünsiyyət qurmaq qabiliyyəti, idarəetmə bacarığı da həmçinin. Bu keyfiyyətlər olarsa, elə bilirəm ki, nüfuz da olar. Mənim subyektiv fikrim də odur ki, nüfuz sahibi olmaq üçün insanları çox da yaxına, iç dünyana buraxmamalısan. Daima kollektivlə ünsiyyətdə bir pərdə saxlamaq lazımdır mütləq şəkildə”.
Kifayət qədər tanınan, sevilən, tamaşaçıların könlündə taxt qurmağı bacarmış teleaparıcı Çiçək Mahmudqızı:
“Bütün sənət sahibləri arzular ki, öz sənətinin bilicisi, öncülü olsun, hər kəsdən öndə getsin. Sözünü, özünü bilən əhli hal insanların da içində belə bir duyğu, istək ola bilər. Televiziya aparıcılarına gəldikdə isə, mənim üçün nüfuz sözünə bərabər bircə söz var, o da sadəlikdir, səmimilikdir. Və el içində, xalq içində, tamaşaçı auditoriyasında sevilməkdir. O yerə ki, ayaq basırsan və səni sevgiylə, gül-çiçəklə qarşılayırlar, məclisdə başa çəkirlər bax nüfuz budur. Nüfuzu necə qazanmaq həddini, yerişini, oturuşunu-duruşunu, sanbalını bilməkdən başlayır. Həzrəti Mövlanəyə sual verirlər ki, bu qədər oxudun, öyrəndin, nəyi bildin bəs. Bircə cavab verir, həddimi bildim. O hədd deyilən bir şey bəlkə də elə o nüfuzun özüdür. Bəlkə də nüfuz elə o həddən başlayır. Həddini bilməyən insani nüfuzdan danışa bilməz. O kəslər ki, həddini, yerini, sözünü bilirsə, kimdən sonra söz deməli olduğunu, özündən öndə gedənlərin çəkisini qavrayırsa bu elə nüfuzu dərk etmək deməkdir. TV xalqın güzgüsüdür və teleaparıcılar da hər zaman göz önündə olur. Aparıcılar daima o güzgüdən tamaşaçıların istədiklərini əks etdirməlidirlər. Nüfuzu qazanmaq çox çətindir. Bayağı şoularla, nələrinisə reklam etməklə nüfuz qazanılmaz ki. Xalqın istəyi bu deyil axı. Hər gün gündəmdə olmaq, xalqın gözünü “mazol” etməklə nüfuzlu olmaq olmaz. Xalq səni axtarmalıdır, aramalıdır, gəzməlidir. Veriliş çəkərkən çox şahidi olmuşam ki, illərdir TV-lərdə görünməyən şəxsləri İrandan, Turandan arayırlar, arzulayırlar, varlıqları ilə maraqlanırlar. Nüfuz bax budur! Nüfuz o deyil ki, nazir olasan və səni cangüdənlər müşayət edələr, səni xalqdan, insanlarla şallaqlarla qoruyalar. Nüfuz odur ki, bir nazir ayağı kəsilmiş əsgərin ayaqlarını qucaqlasın, bir çobana özündən aşağı deyil də başının üstündən salam versin. Nə xoş ki, millətimizin belə nümayəndələri var. Nüfuzu qazanmaq asandır, ancaq qoruyub saxlamaq ondan qat-qat çətindir. Hər yüksəkliyə nail olmaq olar. Amma o yüksəklikdə duruş gətirmək hər oğulun, hər igidin, hər teleaparıcının işi deyil”.
Uzun müddət rejissor və jurnalist kimi nüfuz qazanmış, “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinin rəhbəri Tofiq Gülməmmədov:
“Bir şeyi yaddan çıxarmamaq lazımdır, hər adam dahi, qalib, qəhrəman ola bilməz, amma ədalətli, namuslu, vicdanlı olmaq hər kəsin borcudur. Nüfuzlu olmaq üçün ağıllı olmaq gərəkir. Baxın bir, ağıl təbiətin çox kiçicik bir hissəsidir, ancaq onun haqqında hamı fikir yürütməyə cəsarət edir. Ağlın varsa, nüfuzun da olacaq. Bizim peşəmizdə nüfuzlu olmaq üçün isə işinin peşəkarı və ən başlıcası insan olmaq yetərlidir”.
Şeirləri, tərcümələri ilə ədəbiyyat camiəsində yetəri qədər nüfuza sahib şair, tərcüməçi Akif Əhmədgil:
“Bu sahədə nüfuz qazanmaq istəyən kəs çoxlu mütaliə etməli və xarici dil bilməlidir. Bizim dövrdə rus dilini mükəmməl bilməyən irəli gedə bilmirdi. İndi isə ən azı ingilis dilini yaxşı bilmək lazımdır. Təbii ki, insanlarla ünsiyyət qurmaq bacarığı da əhəmiyyət kəsb edir. Şeir yazmaq da ki, öz yerində”.
Şərhlər