"İntihar etmək istəyənin..." - İntiharla Mübarizə gününü lağlağıya çevirdilər

10.09.2015 17:33     Maraqlı     2546

Bu gün İntihara Qarşı Beynəlxalq Mübarizə Günüdür.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 1 milyona qədər insan intihar edir. Əgər göstəricilər belə davam edərsə, 2020-ci ildə intiharların sayı indikinin yarısı qədər arta bilər.  ÜST-ün digər məlumatında deyilir ki, yer kürəsində intihar edənlərin sayı müharibə zamanı və digər zorakı yollarla ölənlərdən çoxdur.

ÜST intihar faktlarının baş verməsinə görə dünya ölkələrini üç qrupa ayırıb.

Birinci qrupa bir ildə hər əhalisinin 100 min nəfərindən 10-nun özünə qəsd etdiyi ölkələr daxildir. ÜST-nin araşdırmasına görə, hər 100 min nəfərdən Yunanıstan, İtaliya, Qvatemala, Filippində 0.5 nəfəri, Albaniyada 1.4, Dominikan Respublikasında 2.1 və Ermənistanda 2.3 nəfəri hər il intihar edir. Ən az intihar hadisəsi isə Misirdə (0.03) qeydə alınıb.

İkinci qrupa aid olan Avstraliya və ABŞ-ın göstəriciləri orta səviyyədədir. Bu ölkələrdə hər il hər 100 min nəfərdən 10-20 nəfəri özünə qəsd edir.

Üçüncü qrupa əhalisinin hər 100 min nəfərindən 20-dən çoxunun intihar etdiyi ölkələr daxildir. Bu cür yüksək və daha yüksək göstəricilər Latviya (42.5), Litva (42.1), Estoniya (38.2), Macarıstan (35.9) və Rusiyada (39) qeydə alınıb.

ÜST-ün açıqlamasında Azərbaycanın intihar halarının sayına görə hansı qrupa aid olduğu göstərilmir. 

Azərbaycanın Baş Prokurorluğunun məlumatına görə ölkədə intihar hallarının statistikası aparılmır. İntihar halları daha çox ailə münaqişəsi, maddi və mənəvi problemlər ucbatından baş verir.

Reaksiya.az bu günün ölkəmizdəki əhəmiyyət səviyyəsini araşdırıb.

Facebook-da “Ölü Yazarlar Dərnəyi” adlı səhifədə “Azərbaycan vikipediasının yazdığına görə bu gün Ümumdünya İntiharla Mübarizə günüdür. İntihar həddinə çatıb, bizə qoşulanlar, bayramınız mübarək!” məzmunlu status paylaşılıb. Statusa yazılan şərhlərdən belə aydın olur ki, bizdə intihar hadisələrinə dırnağarası baxırlar. Və elə o baxımdan belə bir günü əhmiyyətsiz hesab edirlər. Rəylərdə çoxları “belə bir günü qaçırmaq olmaz, özümü öldürmək üçün bu gün daha münasibdir”, “ölmək olar bu gün :))”, "gərək bu günü halva bayramı kimi qeyd edərdilər))” “görəsən bu gün öldürsəm, özüm cəhənnəmə düşmərəm ki? Kimsə buna görə güzəştli kart verir?))”, “Ölmək üçün əla gündür ki))” yazaraq intihar gününü lağlağı obyektinə çeviriblər.

Bəziləri isə “İntihar üçündə cəsarət lazımdır...”, “ölməyə nə var ki, yaşamaqdır problem”, "Anlamiram, intiharla necə mübarizə aparmaq olar ki? İntihar etmək istəyənin cox da vecinədir kim mübarizə aparir, gedib sakitcə intiharını edəcək...”, “Amma sonda, insan yaşamaq üçün özünü öldürməkdən daha çox cəsarətə ehtiyac duyacaq. A. Camus” tipli ciddi fikirlər bildiriblər.

Şərhlər

Çox oxunanlar