Gülən və güldürən Hüseyn Arif
14.09.2015 15:00 Maraqlı 8332
Mərhum xalq şairi Hüseyn Arif 1992-ci ilin bu günü Ağstafa rayonunda gözlərini həyata əbədi yumub.
Hüseyn Arif 1924-cü il iyun ayının 15-də Ağstafa rayonunda anadan olub. 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsində ali təhsil alıb. Xalq şairi Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor, "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib.
Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlayan xalq şairinin ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub, şeirlərinə musiqilər bəstələnib.
Xalq şairi Hüseyn Arif, həmçinin, iştirak etdiyi məclislərdə, tədbirlərdə, getdiyi rayonlarda maraqlı və gülüş doğuran əhvalatlarla, duzlu, məzəli söhbətləri ilə məhşur olub. Şairin hələ sağlığında ikən lətifələri dildən-dilə dolaşıb, üzlərə gülüş payı bəxş edib.
Reaksiya.az xalq şairinin tanınmış şəxslərlə yaşadığı baməzə lətifələri təqdim edir.
Hüseyn Arif Ağstafada özünə ev tikdirirmiş, çətinliklə maşın tapıb daş gətirtmiş və qapıya tökdürübmüş. İsmayıl Şıxlı şairə zəng vurub soruşur:
- A kafır, deyəsən, ev tikdirirsən?
Hüseyn tələsik cavab:
- Mən yox, xalq özü şairə ev tikdirir.
Aradan bir ilə yaxın keçir. İsmayıl Şıxlı eşidir ki, şairin daşlarını oğurlayıblar. Kədərlənir yenidən zəng vurur:
- A kafır, deyəsən xalq daşını geri aparıb.
Hüseyn Arif özünü sındırmadan cavab verir:
- Yox, daşı oğurlayanlar gəlmələrdir, xalq deyil.
Bir gün səhər tezdən Hüseyn Arif İsmayıl Şıxlıya zəng edir:
- Ayə, a qoca, deyirlər, yenə hökumətlə birləşib Qazaxda insitutut açırsınız?
- Elə bir şey var.
- Bə rəhbərlik haqqında fikirləşibsiniz?
- Fikirləşirik.
- Ə, nə fikirləşirsiniz, hazırca rektoram, durmuşam qarşınızda, dağa-daşa niyə düşürsünüz. Zəlimxan Yaqubu da verin mənə təsərrüfat hissəsi üzrə prorektor, gedək, hər şeyi sahmana salaq.
Hüseyn Arif bir gün yenə də kefi kök halda İsmayıl Şıxlıya zəng edir:
- A qoca, bilirsən nə var, dünən idarədə oturmuşdum. Aşıq Pərinin sazlı qızları da yanımda. Birdən qapı açıldı, Zəlimxan Yaqub girdi içəri. Bığları da, maşallah, üzünün yarısını tutub. Atıldı boynuma, o üzümdən, bu üzümdən marçamarçla öpməyə başladı. Dedim: «Dünyanın işinə bir bax, xalxı gözəllər öpür, məni də Zəlimxan Yaqub». Ona bir şeir yazmışam, qulaq as:
Vaxt olur, məclisim meyli-məzəli,
Vaxt olur, çiynimdə payız xəzəli.
Nadanın birini dünya gözəli,
Hüseyn Arifi Zəlimxan öpür.
Zəlimxan Yaqub Hüseyn Arifin şeir kitabını redaktə edirmiş. Görür ki, şairin şeirlərinin içində onun öz şeirləri də var. Telefonunu götürüb zəng edir.
- Ustad, sənin şeirlərinin içində mənim də şeirlərim var. Deyəsən, qarışıq salıbsan, onları çıxarmaq istəyirəm.
- Yox, yox dəymə. Sənin, ya mənim, nə fərqi var, öz şeirlərimizdi, qoy çap olunsun.
Bir gün nəşriyyatın işçiləri görür ki, Hüseyn Arif Vaqif Səmədoğlunun qolundan bərk-bərk tutub gətirir. Soruşurlar:
- Hüseyn müəllim, bunu belə hara aparırsan?
- Heç hara – deyə cavab verir, - iki aydı bizdə işləyib maaş alır, amma idarəni tanımır. Gətirmişəm, iş yerini ona tanıdım.
Hüseyn Arif “Azərnəşr”də şöbə müdiri işləyəndə Qılman İlkin direktor imiş. Bir gün mərkəzi komitədən Qılman İlkinə zəng vururlar ki, Hüseyn təcili yuxarı göndər, lazımdır. Qılman İlkin gülə-gülə deyir:
- Onu tapsanız, yanıma göndərin mənə də lazımdır.
- Necə, bu, nə deməkdir? Sənin nəyinə lazımdır?
- İşdən çıxartmaq üçün əmr vermək istəyirəm, üç aydır tapa bilmirəm.
Bir gün Mirzə İbrahimov Hüseynə zəng vurur.
- Hüseyn, bu gün Yazıçılar İttifaqında partiya iclası var. Sənin iştirakın vacibdir. Təcili gəl.
- Baş üstə Mirzə müəllim, siz iclasınızı keçirin, mən sabah gələrəm.
Şərhlər