Tağıyev qızı Saranı niyə Nuru Paşaya vermədi? - Tarixə ötəri baxış
15.09.2015 15:58 Maraqlı 3833
“Onlar, Kar gibi bora dimeden, Toroslardan, Palandökenlərdən, Katar-katar kopub gəldilər. Kanat vurub Kafkaslara, Nışımla, Yağının başına indiler...”
Bu onların şərqisidir - XX əsrin əvvəllərində Anadoludan yaraqlanıb-yasaqlanıb Qafqazlardan aşaraq özünü Turan elinə çatdıran və bu eli yağılardan, gavurlardan xilas edib özlərinə "əbədi vətən" seçənlərin şərqisi. XIX əsrin sonu, XX əsrin əvvəllərində dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyədə cərəyan edən çox mürəkkəb siyasi hadisələr 1914-cü ildə Birinci dünya müharibəsinin başlanmasına, eyni zamanda xalqların milli azadlıq hərəkatının inkişafına səbəb oldu. Həm Anadolu Türkiyəsində, həm də Azərbaycanda çətin siyasi vəziyyət, bir-birini əvəz edən tarixi hadisələr, müharibələr, ağır iqtisadi durum hər iki qardaş xalqı çətin vəziyyətdə qoysa da, onları mənəvi cəhətdən sarsıda, aralarındakı bağlılığı qıra bilməmişdi. Azərbaycan isə erməni daşnaklarının cinayət poliqonuna çevrilmiş, 1918-ci il martın 31-də paytaxt Bakıda soyqırımı hadisəsi törədilmişdi. Digər yandan da çar Rusiyasının "Parçala, hökm sür" siyasəti, eser-menşeviklərin törətdikləri faciələr. Bu arada Osmanlı Türkiyəsi ağır vəziyyətdə olsa da, qardaş Azərbaycana yardım əlini uzatmağı düşünürdü. Türkiyənin hərbi naziri Ənvər paşa qardaşı Nuru paşanı Qafqaz İslam Ordusunun komandanlığına təyin edir. Və eyni zamanda Nuru paşaya general-leytenant hərbi rütbəsi verilir, Sultan Mehmedin Qafqaz məsələləri üzrə yavəri elan olunur. Türkiyənin hərbi nazirinin verdiyi əmr və qərarlara uyğun olaraq general-leytenant Nuru paşa 1918-ci il fevral ayının sonunda Mosula gəlir, oradan da özü ilə bərabər 20-dən artıq yüksək çinli zabit, 300 hərbçi götürərək Təbriz yolu ilə Zəngəzura yetişir.
Zaqafqaziya Seyminin Müsəlman fraksiyası tərəfindən Türkiyəyə hərbi yardım üçün göndərilmiş Milli hökumətin ilk təhlükəsizlik naziri Nağı bəy Şeyxzamanlı "Azərbaycan istiqlal mücadiləsi xatirələri" kitabında yazır: "Gəncədə xəbər aldım ki, Nuru paşa Qarabağa gəlib, bir gün sonra da Gəncəyə gedəcək. Mən sabahı gün Yevlax stansiyasına yola düşdüm, orada bir saat gözlədim. Gəncədən gələn heyət Nuru paşanı Qarabağda qarşılamışdı. Nuru paşa Yevlax stansiyasına çatdı. Xalqımız onu Gəncədə böyük sevinclə, təmtəraqla qarşıladı". Lakin Türkiyədən gələn əsgər heyəti və hərbi sursat Batum yolu ilə Azərbaycana yetişə bilmir. Çünki bu hərbi yardım Bakıda bolşeviklərlə gizli danışıqlar aparan gürcü və alman hərbi qüvvələrinin maraqlarına uyğun deyildi. Vəziyyət olduqca ağır idi. Azərbaycanın istiqlal savaşına yardım etməyi göz önünə almış türk qoşunları alternativ yoldan yararlanaraq hərbi sursat və əsgəri heyəti Qarsdan quru yolla Ermənistana, oradan da Dilican vasitəsilə Qazaxa keçirib Ağstafaya gəlirlər. Menşevik və almanların yaratdığı maneəni Şövkət Sürəyya Aydəmir "Ənvər paşa" əsərində belə anladırdı: "Ordunun yaxşı təchiz olunması üçün müntəzəm köməyə ehtiyac vardı. Əsgər heyəti Gürcüstanın içindən, ya da Tiflis yolu ilə Bakıya gətirilə bilərdi. Yardımların yalnız Ermənistanın şərq hissəsindəki bölmədən, yəni Xəlil paşanın nəzarət etdiyi istiqamətdən keçirilməsi mümkün idi. Almanların müqavimətinə baxmayaraq, Xəlil paşanın səyi ilə Azərbaycana ordu yeridildi". İlk heyət Cəmil Cahid bəyin dəstəsiydi ki, bu yolla Gəncəyə yetişdi.
Nağı bəy Şeyxzamanlının xatiratında Nuru paşanın qarşılanma törəni belə qeyd olunur: "Camaat şəhər mərkəzinə yığılmışdı. Dövlət idarələri, məktəblər tətil etmiş, şagirdlər dəstə halında düzülmüşdülər. Müharibə vaxtı rusların işğal etdikləri Türkiyənin şərq vilayətlərindən toplanaraq "Cəmiyyəti-xeyriyyə" tərəfindən Azərbaycanın hər bir şəhərindən uşaq evlərinə yerləşdirilmiş sahibsiz uşaqlar da dəstə şəklində meydanda idilər. Sevincdən hər kəsin gözləri yaşarmışdı. Millət nicat yolunu Gəncədə görürdü. Türk əsgərləri Gəncədə Azərbaycan dilinə oxşar şirin ləhcədə danışır, onlara hörmətlə yanaşırdılar. Sanki bu ordu zəfər üçün yaranmış və Azərbaycana zəfər üçün gəlmişdi. Bütün təhdidlərə, təzyiqlərə baxmadan qan və can qardaşlarını qorumaq, daşnak qüvvələrindən qurtarmaq üçün çalışırdı. Hamı vəziyyəti anlayır, imkanları götür-qoy edir, orduya yardım etmək istəyirdi". "Gəncə Nuru paşanı göydən enmiş mələk kimi qiymətləndirirdi. Xalqın kəndisinə yapdığı istiqbal Gəncə tarixində görünməmişdi". Bu fikirlər də Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur.
Qafqaz İslam Ordusunun sayı, hərbi sursatı, təyinatı barədə istefada olan polkovnik Rüştü bəy "Bakı yollarında" əsərində müfəssəl məlumatlar verərək ordunun Gəncəyə iki qrup halında girdiyini yazır. Birinci qrupda 147 zabit, 2812 əsgər, digərində isə 110 zabit və 2763 əsgər olan ordunun dislokasiyası, komplektləşdirilməsi işini Nuru paşa sürətlə həyata keçirməyə başladı. Beləliklə, Zaqafqaziya kommissarlığının Müsəlman Korpusu və könüllülər də Türk ordusu ilə çiyin-çiyinə döyüş hazırlığına başladı. Düşmən qüvvələrinə nisbətdə sərəncamında olan əsgəri heyətin say azlığı, sursat və texnikanın yetərincə olmaması Nuru paşını qayğılandırmaya bilməzdi. O, general Şıxlınskinin qısa vaxt ərzində formalaşdırdığı Müsəlman Korpusundakı vəziyyətdən mütəəssir olaraq belə nəticəyə gəldi ki, Bakının bolşeviklərdən azad olunması planı bu qüvvələrlə mümkün olmayacaq.
Nuru paşa Türkiyənin hərbi naziri Ənvər paşaya təcili məktub göndərərək yazırdı: "Bolşeviklər Quzey Qafqazı tamamilə ələ keçirmək üzrədirlər, hər yerdə ermənilərin təcavüzü artmaqdadır. Bakı sürətlə zəbt edilməsə, burada duruş təhlükəli olacaq. Müsəlmanların təşkil etdikləri korpusda əsgərdən çox zabit var. Korpusun min nəfər şəxsi heyəti var, onların da yarısı əsir türklərdir". Ordunun sıxıntılarını azaltmaq, düşmən qüvvələri ilə nisbətdə üstünlük yaratmaq üçün Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Milli hökumət bir sıra tədbirlər həyata keçirməyə başladı. Hərbi çağırış haqqında qərar qəbul edilərək 19 yaşına çatmış oğlanlar səfərbərliyə alındı. Əldə olunan razılaşmaya əsasən ordunun ərzaq baxımından təminatı milli hökumətin üzərində idi və bu iş əzmlə görülürdü. Gəncə və ətraf bölgələrdən olan könüllülər cəlb olunur, əhali bu işdə fəallıq göstərirdi. Nuru paşanın göstərişi ilə 100 nəfər gəncin zabit kimi yetişməsi işinə təcrübəli türk hərbçiləri cəlb edilmişdi. Döyüş hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət verilir, silahla davranışın vərdişləri öyrədilirdi. Qafqaz İslam Ordusunun gəlişiylə Gəncədə sakitlik hökm sürdü və şəhərin qərbində, dağlıq hissəsində yerləşən ermənilər türklərin itaət tələbinə hərbi güc nümayişi ilə cavab verdilər.
Azərbaycanın hər tərəfində olduğu kimi, ermənilərin terror hərəkətləri Gəncədə də davam etdirilir, yerli türk əhalisi qətllərə məruz qalırdı. İtaət tələblərini top atəşilə cavablandıran ermənilər Nuru paşanın qan tökülməməsi istəyini qəbul etmir, silahlarını təhvil verməyərək müqavimət göstərirdilər. Vəziyyət o yerə çatmışdı ki, 15 türk əsgərini parçalayaraq qətlə yetirmişdilər. Səbri tükənmiş Nuru paşa mayor Zeyni bəyin və Cəmil Cahidin alaylarını döyüş vəziyyətinə gətirərək erməni məhəllələrini mühasirəyə aldı. Qafqaz İslam Ordusu komandanı bu dəfə ermənilərə müqavimətin yersiz olduğunu göstərmək üçün onlara məktubla müraciət etdi. Onların mal və toxunulmazlığının türk ordusu tərəfindən qorunacağını bəyan etdi. Mühasirə həlqəsinin daraldığını görən ermənilər iyun ayının 12-də müqavimətin mənasız olduğunu dərk edərək silahlarını təhvil verdilər. Törətdikləri terror və soyqırımı hərəkətləri, azəri türklərinə yaşatdıqları faciələrə əvəz kimi ermənilərdən intiqam alınmadı. Lakin Azərbaycan ingilis qoşunları tərəfindən zəbt olunduqdan sonra Nuru paşanı guya erməni soyqırımı həyata keçirdiyinə görə Batumda həbs edirlər.
Bu barədə Nağı bəy Şeyxzamanlı yazırdı: "Gəncə ermənilərindən bir arayış almaq lazım idi ki, Nuru paşanın Gəncəyə gəlişindən heç bir pislik etmədiyi kimi, erməniləri mühasirədən qurtarıb hürr verdiyini, həyatlarını təhlükəsizlik altına aldığını, bu yaxşılığa qarşı ermənilərin bir heyət göndərərək Nuru paşaya təşəkkür etdiklərini isbat etməsi mümkün olsun. Arayışın alınması üçün Gəncənin irəli gələnləri ilə bərabər Erməni Milli Şurasına müraciət etdim. Arayışı alacağıma qəti şəkildə inanıram. Ermənilər xahiş etdilər və dedilər: "Biz uşaq deyilik, çox yaxşı bilirdik ki, onun bizə pislik etməməsi məqsədli idi. Nuru paşa çox yaxşı bilirdi ki, Gəncədə erməni qırğını törədilsəydi, Bakının tutulması vaxtı orada bir nəfər belə türk qalmayacaqdı". Yenə ağ yalanlara bürünmüş erməni siyasəti. Lakin buna baxmayaraq Azərbaycanın istiqlal savaşının türk qəhrəmanının Tiflis həbsxanasından qaçırılma planı üzərində düşünülür. Batumda Hopa bəyləri ilə əlaqə qurub 200 min manat müqabilində basqın təşkil edərək Nuru paşanı həbsxanadan qurtarıb Bakıya gətirirlər. Milli Şura Gəncəyə köçsə də, bura əlverişli deyildi. Çox mürəkkəb tarixi şəraitdə Tiflisdə fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və Fətəli Xan Xoyskinin rəhbərliyi ilə formalaşan hökumət bütün hazırlıq işlərini gördükdən sonra 1918-ci il iyun ayının 16-da Gəncəyə köçür. Lakin Milli Şura və hökumət burada əlverişli iş şəraiti tapa bilmədi. Rus-erməni birləşmələrinin Bakıda törətdikləri qırğınlardan qaçıb gəlmiş milli burjua nümayəndələri, zadəganlar, Azərbaycanın Osmanlı dövlətiylə birləşməsini istəməyən qüvvələr Milli hökumətə qarşı təbliğat aparır, onların fəaliyyət imkanlarını məhdudlaşdırmağa çalışırdılar. Əmiryanın komandanlıq etdiyi bolşevik qoşunlarına qarşı Göyçay, Ağsu, Kürdəmir hərblərində uğurlar əldə etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Gəncədə artıq real hakimiyyətə sahib idi. O, Gəncədə və ətraf bölgələrdə hərc-mərcliyə son qoyaraq bir neçə rayonda erməniləri itaətə məcbur etmişdi.
Osmanlı dövləti ilə Batumda bağladığı "Dostluq" müqaviləsinin 4-cü bəndinə görə, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı yerli mülkədar burjua dairələrinin apardığı təbliğat Nuru paşaya və ətrafına da təsir etdi. Milli hökumətin həddən artıq demokratik istiqamətindən narazı olan qüvvələr Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsi fikrini irəli sürür, Nuru paşanın bu istiqamətdə AXC liderlərinə təzyiq etməsini istəyirdilər. Türkiyənin hərbi naziri Ənvər paşanın ilhaq məsələsində mövqeyi Milli hökumətə bəlliydi.
Hətta Hacınski çıxışlarının birində Ənvər paşanın mövqeyini belə əsaslandırmışdı: "Zaqafqaziyanın üç başlıca hissəsi olan Azərbaycan, Gürcüstan və Ermənistanın başda ümumi Zaqafqaziya Seymi olmaqla Türkiyə ilə sıx ittifaqda federasiya və konfederasiya yaratması mümkündür. Vahid Zaqafqaziya Federasiyası yaradılmazsa, onda Türkiyə ilə ümumi sərhəddə olan Azərbaycan Avstriya-Macarıstan timsalında ittifaq bağlaya bilər. İttifaqla ilhaqçılığın fərqini bilməyib vəziyyəti gərginləşdirmək istəyənlər "xalqımız istiqlal istəmir, biz də istəmirik, Osmanlı dövlətinin bir parçası olmaq istəyirik" - deyib əks mövqedə qruplaşmağa səy göstərirdilər. Bu niyyətdə olan bir neçə nəfəri Şərq Orduları Komandanı Xəlil bəy qəbul edərək onları məsələlərdən hali etdi: "Biz süngümüz ilə Qafqaza daxil olduq. Siz ilhaq olmaq istəməsəydiniz belə, biz sizi süngü ilə ilhaq edərdik. Ancaq buna imkan yoxdur. Bizim birləşməyimizi nə düşmən, nə də dost dövlətlər qəbul edər. Biz sizə yardım edirik və edəcəyik. Evlərinizə qayıdın, qurulacaq istiqlaliyyətinizi qoruyun". İlhaqçıların böyük əksəriyyəti çar Rusiyasının yaratdığı hər cür imkandan yararlanmış xüsusi hakimiyyətə malik idilər və onların Azərbaycanı Osmanlı dövlətinin tərkibinə qatmaq istəkləri türkçü məsləkdən, Turançılıq ideologiyasından irəli gəlmirdi. 1918-ci il yayın sonları idi. Almanlar Bakı civarında olan Qafqaz İslam Ordusunun geri çəkiləcəyini, eyni zamanda, zəfəri onlarla bölüşməyəcəyini bilərək öz ikili siyasi oyunlarını həyata keçirməyə başlayaraq Rusiyanın bolşevik hökuməti ilə danışıqlar aparırdı. Hər iki tərəf üçün yerinə yetirilməsi mümkün olmayan bu saziş Osmanlı imperatorluğunun hərbi-siyasi dairələrində siyasi qalmaqallara yol açdı. Almaniya və Rusiya arasında imzalanan 27 avqust tarixli sazişindən sonra Bakı ətrafında döyüşlər yenidən canlanmışdı. Sentyabrın 11-də Azərbaycanın baş naziri Fətəli xan Xoyski İstanbulda olan Məhəmməd Əmin Rəsulzadəyə yazırdı: "Bakı neft mədənlərinin bir hissəsi bizim əlimizdədir. Əminik ki, şəhər yaxın günlərdə təslim olacaq". Sentyabrın 15-i gündüz saat 3-ə qədər davam edən döyüşlərin nəticəsində Bakını müdafiə edən erməni, rus və ingilislərin müqaviməti qırıldığından şəhəri təslim etməkdən başqa çarə qalmamışdı. Bakının azad olunması xəbərini sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap olunan "Azərbaycan" qəzeti xəbər verdi. "Azərbaycan"ın ilk sayında Bakının azad olunması, Qafqaz İslam Ordusunun qardaş köməyi barəsində yazılar, informasiyalar yer almışdı.
Qəzetin ilk sayının xəbərlər bölməsində yazılıb: "Azərbaycan Cümhuriyyəti hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həzrətləri tərəfindən belə bir teleqram gəlib. Bismillahir-rəhmanir-rəhim. Bakı şəhəri 15.09 saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı Feriq Nuru". Tədqiqatçılar yazırlar ki, şahanə görkəmdə böyük bir ordunun müşayiətilə paytaxta daxil olan Nuru paşanı qarşılamaq üçün uşaq-böyük, qız-gəlin, qadın-qoca küçələrə çıxıb öz sevgilərini alqışlarla, gül-çiçəklərlə ifadə edir, - "Əllərinə sağlıq, Nuru paşa!" - deyə şüar söyləyirmişlər. Qızlar nəğmə oxuyurmuş: "Küçələrə su səpmişəm, türk gələndə toz olmasın. Elə gəlsin, elə getsin, aralıqda söz olmasın".
Azərbaycanın xilaskarı, böyük türk oğlu Nuru paşa bir Azərbaycan qızını sevmiş, onunla ailə qurub, xilas etdiyi şəhərdə yaşamaq da istəmişdir.
Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın xatirələrindən: "1918-ci lin payızında adı dillər əzbəri olan Qafqaz İslam Ordusunun baş komandanı Nuru paşa Bakını almışdı. Onunla bir neçə dəfə görüşmüşdük. Hər şeyi başa düşürdüm, romantik, şairanə arzularla yaşayırdım. Paşa neçə dəfə evimizdə ziyafətdə olmuşdu, bağımıza gəlmişdi. Gözlərimdə, elə hamının nəzərində qeyri-adi qəhrəman kimi görünürdü. Tək mənim yox, elə hamının yanında hacıya ağız açıb mənimlə evlənmək istədiyini demişdi. Atam Buxara əmirinə verdiyi cavabı on da verdi: "Mən qürbətə, Bakıdan kənara qız vermərəm, övladlarım gözümün önündə olmalıdır. Xalqın qəlbində və tarixində yalnız xilaskarlar abidə qura bilər".
Nuru paşa 90 il öncə qardaş türk ordusuyla Azərbaycanın köməyinə gəlmiş, Azərbaycan əsgərlərini də öz ordusuna birləşdirərək Bakını çoxsaylı düşməndən azad etmiş və bu xalqın ürəyində özünə əbədi abidə ucaldıb.
Şərhlər