Türkiyəni "Ərzurumun gədiyinə varanda” tanıdım

23.09.2015 17:07     Maraqlı     4819

Xəbər verildiyi kimi, dünən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, "Şöhrət" ordenli, 14 kitabın müəllifi, şair, publisist Məmməd Aslan 76 yaşında dünyasını dəyişib.

Tanınmış jurnalist Züleyxa Nadir özünün facebook şəhifəsində şairin ölümü ilə bağlı status yazıb.

Reaksiya.az xəbər verir ki, Züleyxa xanım onunla ilk tanışlığının tarixcəsini qeyd edib:

“Şairlə aramızda 3 dəfə yaradıcılıq görüşü olub. Birinci dəfə 1994-cü ildə rəhmətlik Nurəngiz Gün “Ekran və efir” qəzetində Məmməd Aslan haqqında xoşagəlməz bir yazı yazmışdı. Baxmayaraq ki, heç birini tanımırdım, amma mən həmin yazıya cavab olacaq bir yazı yazdım. Yazını oxuyan Məmməd Aslan mənə müraciətlə elə həmin qəzetdə “Daşa heyfin gəlsin” sərlövhəli yazı ilə cavab verdi. İkinci dəfə “Dərədən-təpədən” verilişində bir məktəbli var idi, onun haqqında yazmaq istəyimi Məmməd Aslana bildirəndə çox məmnun oldu, haqqında gözəl sözlər söylədi, gələciyinin parlaq olacağını bildirdi. İndi oğlanın adını unutmuşam. Bəlkə də hazırda dövlətin hansısa yüksək çinli bir məmurudur. Söhbət zamanı diplomat olmaq istədiyini bildirmişdi. Bu şeiri də o vaxtdan həmin məktəblinin dilindən əzbərləmişəm:

İstəsən dünyaya həvəsin gəlsin,

İstəsən içindən öz səsin gəlsin.

Ən böyük qovğanı nəfsinlə başla,

İçində şeytan var, şeytanı daşla!...

Üçüncü dəfə isə, “Xalq qəzeti”ndə işləyəndə haqqında böyük bir yazı yazmışdım. Yazını çox bəyəndiyi üçün mənə türk dilinə tərcümə olunmuş Quran-Kərim kitabını hədiyyə etmişdi...".

Züleyxa Nadir fikirlərini belə tamamlayıb: “Mən də Türkiyə sevgisini ondan öyrəndim. Türkiyəni isə “Ərzurumun gədiyinə varanda” tanıdım. Son yolçuluğu mübarək olsun, Məmməd Aslanın!”.

Şərhlər

Çox oxunanlar