Tanınmışların bayram təbrikləri
24.09.2015 12:14 Maraqlı 8491
Bu gün İslam aləmində müqəddəs Qurban bayramı qeyd edilir.
Bu gün münasibətilə ölkəmizin tanınmış insanları öz facebook səhifələrində xalqa bayram təbrikləri ünvanlayıblar.
Rekasiya.az həmin təbriklərdən bəzilərini təqdim edir.
Millət vəkili Əli Məsimli:
“Sizi müsəlmanların mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, dünyada yaxşı nə varsa sizlərə arzulayıram! Canınız sağ, işləriniz avand, həyatınız xoş və mənalı keçsin!”
Millət vəkili Qənirə Paşayeva:
“Bütün Müsəlman dünyasının Qurban bayramı mübarək olsun! Yaradan və yaradılan sevgisininin bol olduğu bir dünya diləyi ilə bayramınız mübarək!”
Millət vəkili Adil Əliyev:
“Dəyərli dostlarımı, bütöv Azərbaycan xalqını, türk dünyasını, sizləri və yaxınlarınızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm. Uca Allah kəsdiyiniz qurbanları və etdiyiniz duaları qəbul etsin, inşaallah!”
Bəstəkar, şairə Xanım İsmayılqızı:
“Bu bayram günündə hər kəsə bir diləyim var - Əllərinizi qoruyun. Sizə uzanan əllərdən, tutduğunuz əllərə qədərki yolda əlləriniz nə utansın, nə də qana bulaşsın. Tutduğunuz əlləri buraxmayın. Əldən gedən, bir də ələ gəlməz... Qurbanınız qoyun olsun.
Barmaqlarıma baxıram.
Biri qısa, biri uzun, biri əyri,
biri köntöy, biri kök.
Nə əcaib görünüş.
Birləşib - əl olublar.
Bir-birinə sığal çəkib,
arxa olub, dost olub,
Yaman gözəl olublar.”
"Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu:
“Özünü müsəlman bilən hər kəsi bayram münasibəti ilə təbrik edirəm. İnsanlığa gələn bütün bəlalar kəsdiyimiz qurbanlar adına dəf olsun. Allah qəbul etsin.”
BDU-nun dosenti Sevda Tahirli:
“İnsanlıq, insansevərlik, paylaşmaq, mənəviyyata ağır yük ola biləcək maddiyyatçılıqdan uzaqlaşma fürsəti qazandıra bilən bu gözəl gün - QURBAN BAYRAMI münasibətilə təbrik edən dostlarıma təşəkkür edir, mən də öz növbəmdə bütün dostlarıma can sağlığı, xoş güzəran, əmin-amanlı, sevginin və diqqətin tükənməyəcəyi dünya arzu edirəm.”
“Oğuz” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Zifəroğlu:
“Allah cümlə türk milləti və islam ümməti üçün bu müqəddəs bayramı xeyirli etsin!
Qadir Mövlam hər birinizin ürəyinizdə olan sevgini İbrahim peyğəmbərimizin ürəyindəki kimi qətiyyətli, İsmayıl peyğəmbərimizdəki kimi təmiz və fədakar etsin! Baxmayın axan qanlara, Qurban – sevməkdir! İçimizdəki tozlanmış ürəyi təmizləyib silməkdir! Qəlbimizdəki ismayılı rəbb uğruna kəsməkdir! Rəhmana gedən yolda, ən dəyərli olanı, ən uca varlığa bəxş etməkdir! Sevməkdir, ən seviləsi varlığı! Həm də bu sevda uğruna bədələni ödəməkdir! Qurbanlarınız qəbul, bayramlarınız mübarək olsun!
Telejurnalist Mətanət Ağamirli:
“Gözəl insanlar! Dəyərli dostlar! Bütün müsəlman dünyasının Qurban bayramı münasibətilə hər birinizi təbrik edirəm! Möhkəm səhhət, müvəffəqiyyət, xoşbəxtlik hər zaman nəsibiniz olsun! Həyatınız könlünüzcə olsun!
Jurnalist İmdad Əlizadə:
“Dəyərli dostlar, Qurban bayramınız mübarək! Allah qurbanınızı, niyyət və dualarınızı qəbul eləsin. Müsəlmanların müqəddəs bayramlarının ən böyük üstünlüyü insanların bir-birinə münasibətdə məhrəmətə, qayğıya, əliaçıqlığa, malik olduqlarını bölüşməyə, halallığa çağırılmasıdır. Tanrı bizlərə belə hisslərlə dolu bir ömür yaşamağı qismət eləsin. Bayramınız mübarək!”
Rəsulzadə bələdiyyəsinin komissiya sədri Jalə Tofiqqızı:
“Əziz dostlar, Qurban bayramınız mübarək olsun! Qurban bayramı zamanı hər bir imkanlı müsəlman bir heyvanı qurban kəsməli, onun ətini yetimlərə və yoxsullara paylamalıdır. Qurban kəsmək insanın həqiqi etiqad ucalığına yüksəlmək məqsədi güdür.”
Yardımlı Tarix Muzeyinin direktoru Əli İskəndərov:
“Bütün dostları, tanışları, bizi tanıyan və tanımayanları, ümumilikdə həmvətənləri mübarək Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm! Varlığına və təkliyinə şəhadət verib inandığımız uca Allahın yer üzündə sonuncu və haqq olaraq göndərdiyi İslamda, fəlsəfəsini, ilahi yükünü, həqiqətən də Yaradanın sözü olduğunu özündə hərifbəhərif isbatlayan Qurani-Kərimdə bəşər ovladının bu gün də sirrini açmaqda aciz qaldığı bir çox mətləblər var ki, günü-gündən inkişaf edən texniki tərəqqi belə onun qarşısında mat qalıb.Allahın sözü olan Quran insanlığa xilas və nicat yolunu göstərən bir mayakdır və bunu dinindən asılı olmayaraq necə yarandığının fərqinə varmaqla, ilahi sirlərə vaqif olmaq istəyənlər yaxşı bilirlər.Allah özünün də dediyi kimi mərhəmətli və rəhimlidir. O, Yaratdıqlarına və bundan sonra da yaradacaqlarına əsla zülm etməz.Yetər ki, şüurlu olaraq yaradılmışlar, yəni bizlər öz sonumuzu yaxınlaşdırmayaq.İslam dininin sütünu namazdan tutmuş ta zəkata qədər hər şeyin məna və mahiyyətini məhz insan ovladının haqq yolunda olması üçün ilahi bir nemətdir.Bu müqəddəs əməllərin içində ən gözəli, ən fəzilətlilərindən biri də Allah yolunda qurban kəsməkdir. Həyatın açarı sevgidir, o hər könülə yol tapıb, hər ürəyə düşmür.Bu gün bu müqəddəs bayramı qarşılamaq ərəfəsindəyik.Gəlin ürəklərimizi, könüllərimizi bizi yoxdan var edənə, sevgimizə, sayqımıza, Allah yolunda kəsdiyimiz qurbanlara möhtac olan, bir tikə ətə həsrət qalıb qazanı aylarla qaynamayan kasıblara, yaxınlarımıza, dostlarımıza, qonşularımıza və tanıyıb-tanımadığımız bütün insanlara geniş açaq. Bayramınız mübarək, Allah qurbanlarınızı qəbul etsin, Amin!"
Şairə Fərqanə Mehdiyeva:
“Dünyanın ən gözəl günləri, illəri ömrünüzə qurban olsun, əziz dostlarım! Bayramınız mübarək!”
VHP partiyasının aparat rəhbəri Samir Əsədli:
“Əziz soydaşlar! İnsanları sevgiyə, sülhə, mənəviyyata, barışığa səsləyən ümümbəşər din olduğunu və bütün sivlizasiyaları özündə ehtiva edən İslamın ən müqəddəs bayramı olan Qurban Bayramı münasibəti ilə Sizləri təbrik edirəm. Bu müqəddəs Qurban bayramı günündə sizə və ailənizə Allahın xeyir-bərəkəti, rəhm və mərhəməti sizin, sizi sevənlərin və sevdiklərinizin üstündən əskik olmasın. Amin!”
Şair Elçin Aslangil:
“Müqəddəs Qurban bayramımız mübarək olsun! Cümlə müsəlman aləminə qurbanlıq oyun olmağı yox, birlik, həmrəylik diləyirəm Allahdan. Dualarımız, Xocalıdan omuzlarına ağrı acı yükləyərək gətirmişlərimizlədir. Dualarımız Fələstində susmaq bilməyən silahlardan dilli-dilavər olan, Allahın adını dilindən əsirgəməyənlərimizlədir. Dualarımız Suriyada, İrakda işgəncələrə məruz qalan, bətnində mərmi gəzdirən analarımız və bacılarımızladır. Dualarımız bağışlayanlarladır, aman diləyənlərlədir. Allah dualarımızı qəbul elə, mərhəmətini mərhəmətsizlərdən əsirgəmə, bizləri dünya malına bağışlama. Şükrlər olsun sənə Rəbbim..”
Reaksiya.az kollektivi də bu səmimi təbriklərə qoşulur, bayram münasibətilə bütün müsəlmanları təbrik edir.
Bayramınız mübarək olsun!
Şərhlər