Göy gözəlin dünyaya gəldiyi gündür

30.09.2015 16:18     Maraqlı     6225

Tarixdə bu gün Azərbaycanın göy gözəlinin dünyaya gəldiyi gündür.

Nə az, nə çox düz 876 il əvvəl Azərbaycanın qədim paytaxtı Gəncə şəhərində baş vermiş zəlzələ tarixi gözəllik hadisəsinə səbəb olur. 1139-cu ildə qeydə alınmış həmin zəlzələdə Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsir və nəticədə füsünkar gözəlliyi ilə nəinki Azərbaycanda, dünyaca məhşur olan Göygöl yaranır.

Gölün ətrafındakı hündür ağacların əksi suya düşür və suyun rəngi göy kimi görünür. Elə məhz bu səbəbdən də gölə Göygöy adı verilir.

Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşən Göygölun dərinliyi  96, uzunluğu 2800, eni 1000,  görünmə qabiliyyəti 8-10 metrə qədərdir. Gölün ərazisində, ümumilikdə 19 göl mövcuddur və bu göllərin 7-si böyük göllər siyahısına daxil edilib. Göygölün faunası, ətrafının meşə landşaftı olduqca zəngindir.

Göygöl 1925-ci ildə yaradılmış Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. Göygöl Dövlət Təbiət Qoruğu Azərbaycanda yaradılmış ilk qoruqdur və ərazisi 6732 hektardır.

Göygöl uzun illər turistlərin sevə-sevə üz tutduğu, mənəvi rahatlıq tapdığı bir istirahət guşəsi olub. Ancaq təəssüflər olsun ki, ora axışan turistlər gözəlliyini əsirgəməyən Göygölə biganə davranblar, gözəlliyini məhv etməyə çalışıb. Məhz bu səbəbdən də aidiyyati qurumlar gölə girişə qadağa qoymaqla məsələnin həllinə çalışdılar. Ətraf mühitin bərpası, infrastrukturun yenidən qurulması, təmir-tikinti işləri ilə əlaqədar bu qadağa neçə müddət davam etdi.

2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Milli Parkı yaradıldı. Bundan sonra Göygölün turizm sahəsi kimi qurulması məqsədilə yeni infrastruktur layihələr gerçəkləşdirildi. Və nəhayət bu ilin avqust ayında Göygölə turist girişi yenidən bərpa edildi. İndi həm Azərbaycandan, həm də dünyanın istənilən ölkəsindən hər kəs Göygölə gələrək oranın ecazkar gözəlliyindən mənəvi zövq ala bilər. 

Şərhlər

Çox oxunanlar