Azərbaycana gələn qonaqlar üçün daha bir yenilik
15.06.2015 13:57 Maraqlı 2186
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən I Avropa Oyunları ərəfəsində turistlərin Bakı şəhərində rahat hərəkət etmələri və istədikləri yerləri tapa bilmələri məqsədilə GoMap.az navioqasiya sistemi əsasında mobil qurğular üçün proqram təminatı hazırlanıb.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, proqram İOS və Android sistemləri üzərində işləyən qurğulara yüklənə bilər. Proqramı yükləmək üçün gomap.az/apps ünvanından istifadə etmək olar. Naviqator həm avtomobil, həm də piyada hərəkəti zamanı istənilən məntəqəni göstərir. Bu zaman naviqator hansı yollardan istifadə etməyi, yol hərəkəti nişanlarına riayət etməyi, lazım olan yerdə dönməyi vizual olaraq göstərir. Həmçinin, ətrafda olan restoran, muzey və digər obyektlər haqqında da məlumatdan istifadə edilə bilir.
Xatırladaq ki, www.gomap.az dünyaca məşhur olan onlayn xəritə sistemlərinə bənzər onlayn naviqasiya xidmətlərini göstərir. Sayt nəinki bu və ya digər obyekt və küçənin harada yerləşdiyini göstərir, birbaşa öz yerini təyin etmək xüsusiyyəti, mobil versiyadan yararlanmaq, hətta turist marşrutlarını və müəssisələrin geniş kataloqunu da nəzərdən keçirməyə imkan verir.
Regional elektron xəritə və naviqator "GoMap" "Bakı 2015" Avropa Oyunları üçün yeni servisləri təqdim edib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstəyi ilə yaradılmış "GoMap.Az"-da ilk Avropa Oyunlarının keçirildiyi bütün idman obyektləri xüsusi qeyd edilib və həmin obyektlərə getmək üçün avtobus marşrutlarının xətləri göstərilib.
"Bakı 2015" Avropa Oyunları ilə bağlı xəritələrlə yaxın tanışlıq bu link ilə (gomap.az/baku2015) mümkündür.
Yeni servislər azərbaycanlı idmansevərlərə və şəhərimizin qonaqlarına idman obyektlərinə getmək üçün daha rahat şərait yaradacaq.
Bundan başqa, Avropa Oyunları münasibətilə Bakının xəritəsi ilə işləyən, ödənişsiz "Yollar" offlayn naviqatoru yaradılıb. Bu proqramı mobil qurğuya yükləyən (gomap.az/apps) hər bir istifadəçi proqramdan internetə çıxış olmadan da rahat istifadə edə bilər. İnternet bağlantısı olarsa, həm də yollardakı tıxac vəziyyətini də izləmək olar.
Yeni servislərdən biri də Bakı şəhərində tıxac haqqında məlumatın xəritə üzərində əks etdirilməsidir. İndi hər bir "GoMap.Az" istifadəçisi Azərbaycanın hər bir yolunda olan tıxac vəziyyəti ilə tanış ola bilər.
Hazırda "GoMap.Az" elektron xəritəsində 8730 yaşayış məntəqəsi, 80 şəhər və qəsəbə, 118 000 maraq nöqtəsi (POİ), 5 000 tarixi-memarlıq abidəsi, 1,2 milyon bina və tikili, 77,6 min avtomobil yolları, 40,9 min km2 meşə, çəmənlik, park və yaşıllıq zonası, 54,6 min km çay, kanallar, su ötürücüləri, 3,8 min km dəmir yolu, 959,5 min km göllər, dənizlər və su anbarları əks etdirilib.
Şərhlər