“Mən əbədiyyət səmasında doğan günəşəm”
07.10.2015 16:52 Maraqlı 7940
"Zahidin bir barmağın kəssən dönüb Həqqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz!"
Dillərdə əzbər olmuş “Ağrımaz” qəzəlinin müəllifini yəqin ki, hər birimiz yaxşı tanıyırıq. Və nəinki "Ağrımaz”ı, bir neçə belə qəzəllərini əzbər bilirik, üstəlik də tez-tez həmin qəzəllərdən müəyyən misraları gündəlik danışığımızda işlədirik.
1369-cu ilin oktyabr ayının 7-də özündə iki cahanı sığdırarkən bu cahana sığmayan, əbədiyyət günəşi İmadəddin Nəsiminin doğum günüdür.
Yaradıcılığı ilə Azərbaycanla yanaşı Orta Asiya, Türkiyə və İran xalqları arasında tanınan Nəsimin həyatı haqqında təəssüflər olsun ki, çox da geniş məlumat yoxdur. Müxtəlif mənbələrdə şairin adının Nəsimi, İmadəddin, Əli, Ömər olduğu qeyd edilir. Şair yaradıcılığında “Hüseyni”, “Seyid Hüseyni”, “Seyid” təxəllüslərindən istifadə edib.
Dərviş həyatı sürən Nəsimi yaradıcılığa sufizm təliminin davamçılarından biri kimi başlayıb. Ərəb, fars və Azərbaycan dillərində mükəmməl yazıb-yaradan şair klassik Şərq və qədim yunan fəlsəfəsinin, ədəbiyyatının, həmçinin, tibb, astronomiya, astrologiya, riyaziyyat və məntiq elmlərinin dərindən bilicisi olub.
Nəsimi Azərbaycan dilini elə zəngin, elə mükəmməl və elə gözəl bilib ki, bu zənginlik, bu gözəllik, bu mükəmməllik onun şeirlərinə də siraət edib. Azərbaycan dilini sevdiyi qədər sözü də, şeiri də sevən şairin ağzından çıxan hər kəlməsi şeir kimi axıcı və rəvan olub. Nəsimi təpədən dırnağa şeir olub desək, daha dəqiq səslənər.
Nəsiminin sözünü, şeirlərini, özünü sevdirən məqamlardan biri, daha dəqiq desək, birincisi onun Allahla bağlı səsləndirdiyi maraqlı və həqiqətə dayanan fikirləri olub. Nəsimi idda edirdi ki, Allah insana çox yaxındır, onun daxilindədir, batinindədir. Hətta Allah insanın simasında belə təzahür edib. İnsanın üzündəki orqanları, gözləri, burnu, ağzı ərəb əlifbasının həriflərinə bənzəyir və həmin hərfləri oxuyanda “Allah” kəlməsinin yazıldığı aydın görünür. Nəsimi bu fikirlərini “Ənəlhəq” deyərək ifadə edirdi.
Təəssüflər olsun ki, Nəsimi qədər dinini, tanrısını sevən, mükəmməl səviyyədə dini biliklərə sahib olan bir şairi zamanının xurafatçı dindarları qəbul etmirdi. Ona müxtəlif formada ciddi təziqlər göstərilirdi. Və sonda da şair ağlasığmaz formada edam edilir, dərisi dabanından çıxarılır...
Dərisi soyulan Nəsimi əbədiyyətdə doğan günəşə çevrilir, ölümü ilə ölməzliyə qovuşur. Yazdığı, yaratdığı əsərlər günəşə çevrilir və aləmi işıqlandırmaqda, isitməkdə davam edir.
İllər, əsrlər, qərinələr keçsə belə, Nəsimi hər dövrün mütəfəkkiri kimi yaşayacaq və özü ilə bərabər fikirlərini də yaşadacaq.
Şərhlər