Əkiz bacılardan səmimi etiraflar: Çətinliklə böyümüşük - Müsahibə
26.06.2015 18:05 Müsahibə 3219
I Avropa Oyunlarında qılıncoynatma yarışlarında müvafiq olaraq, gümüş və bürünc medal qazanan əkiz bacılar, "Neftçi İdman Klubu"nun yetirmələri olan Sevil və Sevinc Bünyatovaların apasport.az saytına müsahibəsi
- Avropa Oyunlarında medal qazansanız da, sizi daha yaxından tanımağa ehtiyac var. Özünüz barədə ətraflı məlumat verərdiz...
Sevil Bünyatova: 1989-cu ildə Rusiyada anadan olmuşuq. Amma sonra Bakıya gəldik. Uşaqlığımız Bakıda keçib. 1998-ci ildə, yəni 9 yaşında bu idman növünə gəlmişik. Qılıncoynatma idman növünə özümüz gəlməmişik, valideynlərimiz gətirib. İlk məşqçimiz Fikrət Vəliyev olub. Düzdü, biz 5 il rapira növündə qılınclaşmışıq. Sonra sablyaya keçdik. Bizimlə birgə məşqçimiz də qılıncoynatmanın sablya növünə keçib.
- Valideynləriniz niyə sizi məhz bu idman növünə yazdırıblar?
Sevil Bünyatova: Bilmirəm, niyə? (gülür).
Sevinc Bünyatova: Ailədə heç kim qılıncoynatma ilə məşğul olmayıb. Sadəcə, onlar işə gedib-gəliblər. Buna görə də, bizi aparıb qoyublar məşqə ki, evdə tək qalmayaq.
- Ailədə iki bacısız?
Sevinc Bünyatova: Yox, bir də qardaşımız var. O, əvvəl güləşlə məşğul olub. İndi isə başqa işlərlə məşğuldu.
- Avropa Oyunlarına qədər qazandığınız nəticələrlə bağlı da məlumat verərdiz...
Sevinc Bünyatova: Biz Azərbaycan yığma komandasının üzvləriyik. Əvvəl də nəticələrimiz olub. İtaliyada keçirilən yarışda dünya üzrə 4-cü komanda olmuşduq. Sonra Fransada klublar arasında 3-cü yeri tutmuşuq. Təklikdə isə ilk nəticəmizi Avropa Oyunlarında qazandıq.
- Əgər Sevil də finala çıxa bilsəydi, həlledici qarşılaşmada iki bacı üz-üzə gələcəkdiz. Onda necə olacaqdı? Güzəştə gedən tərəf kim olacaqdı?
Sevinc Bünyatova: Bəli, əgər mən də finala çıxsaydım, bir-birimizlə qarşılaşacaqdıq. Kim qalib gəlsəydi, qızıl medal onun idi. Güzəştə getməyəcəkdim. Biz həmişə məşqdə də vuruşuruq.
Sevil Bünyatova: Yox, mən də güzəştə getməyəcəkdim (gülür). Kim güclüdüsə, qoy, o da qalib gəlsin. Biz məşqdən sonra bacıyıq. Məşqdə, yarışda isə bir-birimizə rəqibik.
- Bünyatova bacılarının final görüşünün baş tutmasına nə mane oldu?
Sevil Bünyatova: İkimiz də eyni idmançıya uduzduq. Mən 1 zərbəyə görə məğlub oldum. Orda hardasa hakimin də səhvi var idi. Amma hakimi də çox günahlandıra bilmərəm. Çünki axırıncı zərbə zamanı tələsdim. Bəlkə də qızıl medalı tez əldə etmək istədiyim üçün belə etdim. Buna görə də, axırıncı zərbə mənə oldu. Əgər 15:10, 15:12 hesabı ilə uduzsaydım, pis olmazdım. Amma cəmi 1 zərbəyə görə uduzanda, insan çox pis olur.
- Döyüşlərinizi ailənizdən, yaxınlarınızdan kimlər izləyirdi?
Sevinc Bünyatova: Hamısı gəlmişdi.
Sevil Bünyatova: Ailəmiz izləyirdi, hamısı orda idilər: anam, qardaşım, gəlinimiz. Təəssüf ki, təkcə qızım gəlməmişdi. O, hələ balacadı (gülür).
- Hər ikiniz ailəlisiz?
Sevil Bünyatova: Mən ailəliyəm. İdmançı ilə evlənmişəm. O da əvvəl bizim idman növü ilə məşğul idi, sonra karyerasını bitirdi.
- Adətən idmançılar kasıb ailədən çıxırlar...
Sevil Bünyatova: Bizdə də elə olub. Çox çətinliklə böyümüşük.
Sevinc Bünyatova: Elədi, biz də kasıb ailədən çıxmışıq. Çətinliklə böyümüşük.
- Bundan sonrakı planlarınız nədən ibarətdi?
Sevil Bünyatova: Bu yarışda medal qazandıqdan sonra planlarımız və özümüzəinam daha da artıb. Fikirləşirəm ki, gələcəkdə, bütün yarışlarda daha da güclü olacağıq və medal qazanıb, Azərbaycanı layiqincə təmsil edəcəyik.
- Əkiz olduğunuz üçün sizi heç səhv salırlarmı?
Sevil Bünyatova: Olur.
Sevinc Bünyatova: Çox olur. Sevilin çənəsində xalı var. Hamıya onun xalını göstəririk, onda səhv salmırlar (gülürük).
- İdmançılar da sizi səhv salırlar?
Sevinc Bünyatova: Hə, səhv salırlar. Bir idmançı gəlib mənə iki dəfə salam verir (gülürük). İki dəfə qucaqlayıb, öpür məni (yenə gülürük).
- Bununla bağlı adi həyatda və yaxud döyüşlərdə başınıza maraqlı əhvalat gəlibmi?
Sevinc Bünyatova: Hə. Çox vaxt bacımın imtahanlarına mən gedirdim, müəllim heç nə demirdi (gülür).
Sevil Bünyatova: Amma idman həyatımızda heç vaxt dəyişiklik etməmişik. Yəni onun rəqibi ilə mən döyüşüm və ya əksinə, belə bir şey olmayıb.
Sevinc Bünyatova: Etsək, başa düşərlər. Çünki o, başqa cür mübarizə aparır, mən başqa cür. Fərqli döyüş tərzimiz var.
- Sizə veriləcək pul mükafatını nəyə xərcləyəcəksiz?
Sevil Bünyatova: Mən qızıma (gülür). Ona demişdim ki, əgər medal qazansam, bütün pulumu sənə xərcləyəcəm. Onsuz da, pulumu ona xərcləyirəm. Onun gələcəyini quracam.
Sevinc Bünyatova: Mən hələ fikirləşməmişəm. Amma yəqin ki, özümə xərcləyəcəm. Çünki sentyabrda toyumdu (gülür). Bacımdan fərqli, mən idmançı ilə evlənmirəm.
- Qılıncoynatma idman növü daha çox kişiyə xasdı. Bu sizin üçün çətinlik yaratmır?
Sevinc Bünyatova: Əslində, qılıncoynatma çox incə idman növüdü.
Sevil Bünyatova: Qılıncoynatma ilə məşğul olan qızlar oğlan xasiyyətli olmurlar. Hər halda, mənə belə gəlir. Cüdo və güləşdə qızlar bir az oğlan kimi olurlar. Qılıncoynatmada isə belə deyil.
- Qılıncdan ancaq yarışlarda istifadə edirsiz, yoxsa evdə də arada ehtiyac olur?
(Gülürlər)
Sevil Bünyatova: Ancaq yarışda. Evdə ehtiyac olmur (yenə gülür). Mən evə gələndə, ümumiyyətlə, deyirəm ki, qılıncdan söhbət etməyin. Çünki zalda bütün günü qılınc görürük. Deyirəm ki, heç olmasa, evdə qılıncoynatmadan danışmayaq, vaxtımı uşağımla keçirmək istəyirəm.
Şərhlər