''Hökumət böhranda deyil, xalq böhrandadır'' - İqbal Ağazadə

15.01.2016 09:44     Müsahibə     3302

 “Bəzən adamlar acından ölməmək üçün rüşvət alırlar”

Ümid Partiyası hökumətə və cəmiyyətə “Antiböhran proqramı” təklif edib. Meydan TV-nin əməkdaşı partiyanın sədri İqbal Ağazadə ilə proqramda nəzərdə tutulan böhrandan çıxış yolları barədə söhbətləşib.

İqbal bəy, Ümid Partiyası olaraq “Antiböhran proqramı” hazırlamısız. Bu proqramda əsas nələrə diqqət çəkmisiz?

Biz ölkədə iqtisadi və siyasi böhran doğuran səbəbləri qeyd etmişik. Amma bu gün böhranı doğuran səbəblərdən danışmaq gecdir. Çünki artıq iqtisadi böhran qapını döyüb. O cümlədən də siyasi böhran var. Amma siyasi böhran hələ ölkə daxilində çox az və nəzərə çarpmayacaq dərəcədə hiss olunur. Daha çox xaricdən siyasi böhran hiss olunurdu. İqtisadi böhran isə mütləq ölkədə sosial və siyasi böhrana gətirib çıxarır. Necə ki, artıq bu gün biz bölgələrdə bunun simptomlarını görürük. Azərbaycan hakimiyyəti çaba göstərirdi ki, iqtisadi böhranı aradan qaldırsın. Bu gün də həmin çabanı davam etdirir. Bəzən məsələyə qeyri-peşəkarcasına yanaşmalı olur ki, qiymətlər süni formada qaldırılmasın və s. Heç bir iş adamı öz məhsulunu əlində saxlamaq və yaxud da ordan fərqli şəkildə qazanc götürməyə niyyətlənməz. Qiyməti bazar diktə edir. Sahibkar diktə etmir. Hətta sahibkar necə istəyirsə, onu elə sata bilməz, əgər bazarın o şəkildə tələbatı olmasa. Azərbaycanda qiymətlərin artmasını bazar və pul siyasəti diktə edir. Bunun heç nə ilə qarşısını almaq mümkün deyil. Bu cür basqıların fonunda sahibkar ən yaxşı halda heç nə istehsal etməyəcəyinə qərar verəcək. Sadəcə geri çəkiləcək və satışla məşğul olmayacaq. Azərbaycan hakimiyyəti isə iqtisadiyyatın törətdiyi bu böhranları nəticə etibarı ilə elə iqtisadiyyatın özü ilə aradan qaldırmaq istəyirdi. Bu, yanlış siyasətdir. Dünyada belə bir şey olmayıb. Bütün iqtisadi böhranları siyasi çaba yolları ilə, siyasi böhranları isə iqtisadiyyat vasitəsilə aradan qaldırıblar. Bütün dövrlərdə dünyanın modeli bu olub. Azərbaycan hakimiyyəti iqtisadi böhranın siyasi böhrana keçməməsi və siyasi böhranın iqtisadi böhranla birləşməməsi üçün ilk addımlar atmalıdır. Birinci addım siyasi böhranın aradan qaldırılmasıdır. Bunun üçün biz təklif etmişik ki, Qərb dairələri ilə danışıq apara biləcək etimad qrupu yaradılmalıdır. Etimad qrupu təkcə hakimiyyətdən yox, müxalifətdən də formalaşdırılmalıdır. Amma bunun üçün müxalifətin tələbləri yerinə yetirilməlidir. Siyasi məhbuslar dərhal azadlığa buraxılmalıdır. Müxalifətlə predmetli, ardıcıl, davamlı dialoq aparılması üçün format müəyyən edilməlidir və bu, elan olunmalıdır. İctimai institutlarda- əfv institutunda, korrupsiyaya qarşı mübarizə institutunda, penitensiar sistemə nəzarət ictimai institutunda və s. nəzarət mexanizmini həyata keçirən digər strukturlarda təmsilçilikləri mütləq olmalıdır. Bunun ardınca isə artıq hökumətdə islahatlar aparılmalıdır. Dağınıq, pərakəndə hökumət modelindən əslində daha yığcam, lokal və mərkəzləşdirilmiş hökumət modelinə keçməlidirlər. 20 nazirlik 15 nazirliklə əvəz olunmalıdır. Biz onun siyahısını da vermişik. Hətta yeni xidmət nazirliyinin yaradılmasını da göstərmişik. Bundan başqa, hökumətin nəzarətində olan bütün səhmdar cəmiyyətlər və komitələrin hamısı istisnasız halda ləğv olunmalıdır. Ya nazirliklərin tabeliyinə, ya da birbaşa baş nazirin tabeliyinə keçməlidir. Ən yaxşı halda departament , digər hallarda isə şöbə və ya idarə səviyyəsində birləşməlidir. Daha optimal idarə metodlarına üstünlük verilməlidir. Üçüncü, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni mərhələsi başlamalıdır. Birinci növbədə, korrupsiya qarşı atılan addımlar üçün tender komissiyalarının yenidən formalaşdırılması və ictimaiyyətə həftəlik açıq elan olunması lazımdır. Qiymət siyasətinin müəyyən olunması ilə bağlı hər həftənin birinci günü birja fəaliyyətinin tənzimlənməsi və birjalar vasitəsi ilə işçilikdən tutmuş, mal və məhsula qədər hər şeyin qiymətinin birja vasitəsi ilə tənzimlənməsi, Nazirlər Kabinetinin bunu həftəlik elan etməsi vacibdir. Və rüşvət məsələsində fərqli model tətbiq olunmalıdır. Bu gün hamı elə bilir ki, adamlar rüşvəti ona görə alır ki, varlansınlar. Yanlış düşüncədir. Bəzən adamlar acından ölməmək üçün rüşvət alırlar. 180 minlik müəllim kontingentinə 24 saat üçün 168 manat pul verirsənsə, o, hökmən rüşvət alacaq. Sən 100 minlik aşağı tibb personalından tutmuş, yuxarı tibb personalına qədər 150 manatdan -250 manata qədər maaş versən, o, hökmən pasiyentdən pul alacaq. Bunların miqyasını və səbəblərini araşdırıb, onların maaşlarını ən azı bazar tələblərinə uyğun bir neçə dəfə qaldırmaq lazımdır ki, rüşvətxorluğa qarşı mübarizə apara biləsən. Və təbii ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə komissiyası kökündən dəyişməlidir. O şeydən ki, xalq şikayət edir, o yerdə ki, korrupsiya olduğunu iddia edir, həmin strukturların hamısı həmin komissiyada birləşiblər. Belə şey olmaz. İctimai institut kimi fəaliyyət göstərən bu komissiyada cəmiyyətin müxtəlif spektrinin nümayəndələri bilavasitə təmsil olunmalıdır.

Sadaladıqlarınız demək olar ki, hamısı siyasi təkliflərdir. İqtisadi böhranla bağlı proqramda təkliflər varmı?

İqtisadiyyatın böhrandan çıxarılması və antiböhran proqramının hazırlanması üçün çox təcili addımlar atılmalıdır. Bu addımların başlıcası nə olmalıdır? Bu gün əlavə mənbələr axtarılır ki, yeni iş yerləri açılsın. Böhran zamanı yeni iş yerlərinin açılması mümkünsüzdür. Bunu kim iddia edirsə, yanlışdır və buna heç kim getməyəcək. Sahibkar da getməyəcək, hətta dövlət məcburi surətdə buna getsə də, sonda iflas olacaq. Burda əhalinin işləməsi, özünün proseslərə girməsi, böhrandan çıxış yollarının artması üçün bütün qapılar açılmalıdır. İnhisar aradan qaldırılmalıdır. Süni əngəllər, qanunvericiliyin tələblərinə zidd digər metodlar aradan qalxmalıdır. Bunun üçün tələblərimiz nədir? Birinci variant odur ki, dövlət ölkənin tikinti sektoruna olan bütün maneələri aradan qaldırmalıdır. Əksinə, tikinti şirkətlərinə dövlət tərəfindən dəstək verilməlidir. Tikinti sektoru Azərbaycanda yeganə sektordur ki, əgər hərəkətə başlasa, onun xammal bazasının 85 faizi ölkə daxilində olduğu üçün qum, çınqıl, sement, əhəng, gips və tikintiyə aid digər sahələrinin hamısını hərəkətə gətirəcək. Qeyd edək ki, bunların hamısı regiondadır. Dövlət bunu tənzimləməyi bacaracaq və yeni iş yerlərinin açılması prosesi başlayacaq. İkinci, idxal-ixrac siyasətini kökündən dəyişmək lazımdır. Ölkəyə nə aparmaq, nə gətirmək mümkündürsə, qapıları açmaq lazımdır. Süni əngəllər, inhisarçılıq və yaxud yüksək gömrük tarifləri müəyyən etməklə mümkün deyil. Əhalinin özünün bu prosesə cəlb olunmasını, idxal prosesini yaxın və uzaq dövlətlərdən sərt nəzarət mexanizmi ilə dövlətin və sahibkarın, dövlətin və vətəndaşın cibini və mənafeyini nəzərə almaqla həyata keçirmək lazımdır. Təbii ki, önləyici tədbirlər də görmək lazımdır. Nə sahibkara imkan vermək olmaz ki, qiymətləri süni şəkildə aşağı yazmaqla saxta hesab göstərsin və az dövlət rüsumu ödəsin, nə də dövlətə imkan vermək olmaz ki, sahibkarın aldığı gerçək qiyməti şişirdərək, özünəuyğun tariflər təyin etsin və bu şəkildə sahibkarı soysun. Bunun üçün beynəlxalq birjalarda olan qiymətlər əsas götürülməlidir. Hər gün səhər tezdən bunu Gömrük Komitəsi elan etməlidir. Bundan əlavə, vətəndaşların əldə keçirilən yüklərinin miqdarındakı bütün yasaqları aradan qaldırmaq lazımdır. Orada da çox kiçik miqdarda faiz rüsumu təyin etməklə işlək mexanizm yaradılmasını təmin etmək lazımdır. Bununla yanaşı, kənd təsərrüfatının dirçəldilməsi üçün dövlət çox yaxın zamanda öz üzərinə öhdəlik götürməlidir. Kənd təsərrüfatı adına ölkədən ixrac olunacaq bütün məhsulların hamısının ümumi dəyərin 18 faizini sərhəddən çıxan andan sonra 3 ay müddətinə dövlət həmin vətəndaşa qaytaracaq. Bununla yeni bir stimul yaratmalıdır ki, 47 faiz Azərbaycan əhalisinin əsas hissəsinin bir qədər azını təşkil edən hissəsinin məşğuliyyət imkanı olsun. Çünki bizim Rusiya kimi bazar imkanımız var. Bunun da əksəriyyəti kənd təsərrüfatı məhsullarıdır. Bizim böhrandan çıxış üçün vacib hesab etdiyimiz ilkin şərtlərimiz bunlardır. Mən dövlətin, hətta dostlarımızın antiböhranla bağlı sərgilədikləri mövqeyə baxıram, ancaq bəzən xəyal qırıqlığına uğrayıram ki, onların dedikləri dinc dövrün siyasəti ilə bağlı deyilə biləcək sözlərdir. Söhbət böhrandan gedir. Vəziyyətin kritik olduğu hamımıza bəllidir.

Ölkədə hansısa bir böhranın olduğunu hakimiyyət üzvləri etiraf etmirlər. Belə olduğu halda, sizin təqdim etdiyiniz antiböhran proqramına hökumətin ehtiyacı varmı?

Hökumət nəyi isə etiraf etməyə bilər. Azərbaycan hakimiyyəti zatən heç nəyi etiraf etmir. 2009-cu ildə parlamentdəki çıxışımda “neftin qiymətini siz müəyyən etmirsiniz və bir gün OPEK – də bu qiymətlər aşağı düşəndə Azərbaycan iqtisadiyyatı diz üstə çökəcək” demişdim. Mən bunu həmin vaxt söyləyəndə hörmətli hökumət üzvlərinin böyük əksəriyyəti gülürdü. Amma gəldi bu vəziyyətə çatdı. Kimsə nəyisə etiraf etməyə bilər. Amma etiraf etməmək onun olmaması demək deyil. Biz istəyirik ki, hakimiyyət ölkədəki vəziyyətin necə olduğunu qəbul etsin. Ölkədə böhran yoxdusa, ölkənin milli valyutası bu qədər qiymətdən düşərmi? Ölkədə böhran yoxdusa, regionlarda bu qədər adam etiraz aksiyasına qalxarmı? Niyə qalxırlar? Bunu ki, müxalifət təşkil etmir. Bu ki, təşkil olunmuş formada deyil. Artıq təbii olaraq böhrandan bezən və böhranın bilavasitə qapısını döydüyü seçici, vətəndaş ortaya çıxır ki, yaşaya bilmirəm. Ona görə böhran var və bu böhrandan qurtarmağın yollarını hamı birgə aramalıdır. Heç kim bu məsələyə o hisslə yanaşmamalıdır ki, mənim problemim deyil, iqtidarındır, qoy getsin. Bu vətən hamınındır. Bu ölkə hamınındır. Və bu ölkədə iqtidar gedə bilər, amma vətəndaşlar da, ölkə də, coğrafiya da, vətən də, hər şey yerində qalır. Biz əslində bütün bunların hamısını qorumaq üçün çiyinlərimizi hər kəslə, iqtidarla bərabər məsuliyyətin altına verməyə hazırıq.

Sizin hakimiyyətə böhrandan çıxış yolu göstərməyiniz birmənalı qarşılanmır. Belə fikirlər var ki, bir müxalifət partiyası niyə hakimiyyəti, hökuməti böhrandan çıxarmağa çalışsın ki?

Hökumət böhranda deyil, xalq böhrandadır. Sadəcə o xalqı bu gün həmin hökumət idarə edir. O idarəçilik dəyişməyibsə, istefa verilməyibsə, yeni seçkilər təyin olunmayıbsa, bunun perspektivləri görünmürsə, biz xalqı, dövləti böhrandan çıxarmaq istəyirik. Fərqi yoxdur hakimiyyətdə kimdir. Əgər böhran dərinləşəcəksə, daha ağır mərhələyə qədəm qoyacaqsa, bundan xalq, ölkə əziyyət çəkəcəksə, biz bunu istəmirik. Biz normal şəkildə ölkənin böhran mərhələsini adlayıb, demokratikləşməyə sakit, kataklizm olmada keçməsinin tərəfdarıyıq. Məqsədimiz budur. Kimin xoşuna gəlsə də, gəlməsə də. İqtidar böhranda deyil, böhranda olan xalqdır, dövlətdir.

YAP funksionerləri Aydın Mirzəzadə və Siyavuş Novruzov deyib ki, kimin hansı təklifi varsa, buyursunlar, təqdim etsinlər...

Biz bu proqramı Baş nazirə, PA rəhbərinə, Milli Məclisin rəhbərinə təqdim etmişik, o cümlədən bu fikri söyləyən YAP-ın sədr müavini hörmətli Siyavuş Novruzova ünvanlamışıq.

Tətbiq ediləcəyinə inanırsınızmı?

İnamım çox azdır. Əgər adamlar böhranı etiraf etmirlərsə, antiböhran proqramını qəbul edəcəklərinə inanmıram. Nəyi isə istifadə etməyə çalışarlar. Buna da razıyıq. Necə ki, əvvəllər də parlamentin tribunasından söylədiyim fikirləri bu gün səsləndirirlər. Deməli, bizim çağırışlarımız artıq eşidilir. Məcburdurlar. Eşidəcəklər.

Bu gün ölkənin bir çox regionlarında etiraz aksiyaları keçirilir. Bu aksiyalarla bağlı fikirləriniz maraqlıdır. Bu aksiyalara müxalifət partiyaları, o cümlədən sizin partiyanız da susqunluqla yanaşır...

Əsla susmuruq. Sussaydıq, böhranın özünə səsimizi qaldırmazdıq, hakimiyyəti bu problemlərin aradan qaldırılması üçün hətta dialoqa belə səsləməzdik. Sadəcə baş verən hadisələrdə hakimiyyət bəzən adekvat davranmır. Hakimiyyət bəzən bu tipli hadisələrdə müxalifəti günahkar çıxarmağın müxtəlif yollarını axtarır ki, xalqın etirazında siyasi iz axtarsın və onu siyasi müxalifətə bağlasın. Biz bunu hər zaman belə görmüşük. Amma indi nəhayətdə aydın olmalıdır ki, bu, müxalifət izi deyil. Bu, gerçəkdən iqtisadi böhranın vurduğu zərbələrin nəticəsində ortaya çıxır. Amma təəssüflə qeyd edirəm ki, vəziyyət bu həddə gəlib çatıb. Vəziyyətin bu həddə gəlib çatması ölkənin milli maraqları ilə uyğun gəlmir. Biz iqtisadi cəhətdən əzilən, bizdən heç də yaxşı olmayan, regiona fərqli şəkildə yanaşan Rusiyanın burda nələrə müdaxilə edə biləcəyini proqnozlaşdıra bilmirik. Bunu demək çətindir. Ona görə də mən istərdim ki, hər şey masa arxasında, dialoq çərçivəsində baş versin. Və biz bu problemləri birgə çözə bilək. Hakimiyyət buna getməyəcəksə, təəssüf hissi ilə qeyd edim ki, prosesi durdurmaq o qədər də asan olmayacaq. Zorakılıqla bunu yatırmaq olar. Amma bir müddətlik. Tutaq ki, bu gün “un bahadır” deyib, ayağa qalxan xalqa unun qiymətini aşağı salaraq bu bazarı sovuşdurmaq mümkündür. Bu bazar getdi, bəs növbəti mərhələdə nə olacaq? Bazar axı tələb-təklif məsələsidir. Ona görə regionlarda bu cür hadisələrin olmasına təəssüf edirəm. Amma baş verir. Baş verirsə, hakimiyyət mütləq siyasi müxalifətlə bir masada əyləşib müzakirə etməlidir. Gərəkirsə, hətta ölkə müxalifəti ilə, o islahatlar paketi ilə bir yerdə xalqın qarşısına çıxmalıdır. Xalqın bu proseslərdə gerçək istiqamətə gedə biləcəyi yollarını birgə aradığı barədə də öz üzərinə məsuliyyət götürməlidir.

Şərhlər