“Azərbaycan öz müstəqillik dövrünün ən ağır ilini yaşayacaq” - Ekspertdən önəmli proqnozlar, FOTOLAR

02.02.2016 14:13     Müsahibə     2259

Natiq Cəfərli: “Gəlirlər aşağı düşür, iş yerləri bağlanır, insanların sosial vəziyəti ağırlaşır və sosial gərginliklərin yüksəlişi etirazlara səbəb ola bilər” 

 

 
Son aylarda Azərbaycanda baş verən iqtisadi böhran, ölkənin beynəlxalq reytinqi, bankların təmərküzləşməsi, dövlət büdcəsi, və 2016-cı ildə baş verə biləcək hadisələrlə bağlı iqtisadçı ekspert, "Respublikaçı Alternativ" (REAL) Hərəkatının həmtəsisçisi Natiq Cəfərli ilə həmsöhbət olduq.
 
İqtisadçı ekspert Natiq Cəfərlinin musavat.com-a müsahibəsini diqqətinizə təqdim edirik:
 
- “Reuters” agentliyi Azərbaycan Mərkəzi Bankının strateji valyuta ehtiyatlarının kəskin azalmasına baxmayaraq, ölkənin 34 milyard dollarlıq qızıl-valyuta ehtiyatlarının olduğunu və bunun sayəsində Azərbaycan Mərkəzi Bankının azalan ehtiyatları ilə müqayisədə dəfələrlə güclü antiböhran sipərinə malik olduğunu bildirib. Bu xəbər nə dərəcədə doğrudur?
 
- Birincisi ölkənin ehtiyatları əsasən Mərkəzi Bankda toplansa da, bizdə neft olduğu üçün əlavə bir Neft Fondu da yaradıldı. Mərkəzi Bankın ehtiyatları 2014-cü ilin noyabrın 1-də 16 milyard dollara yaxın idi. Üstündən 1,5 ilə yaxın vaxt keçib və 5 milyarddan aşağı düşüb. Mərkəz Bankın rezervləri 11 milyarda yaxın əridi. Getdikcə də sürətlə aşağı düşür. Mərkəzi Bank artıq təkbaşına bu işi bacarmadığına görə Neft Fondundan müəyyən transfertlər və dollar satışı həyata keçirilir. Məsələn, yanvar ayında Neft Fondu 400 milyon dollar satışa pul çıxartdı.
 
Neft Fondunun rezervləri artıq 34 milyard deyil. 2 milyard azalaraq, 32 milyarda düşüb. Bu il də azalma olması gözlənilir. Neft Fondunun bütün vəsaitləri likvit, yəni nəğdləşdirilmiş deyil. Neft Fondunun vəsaitinin bir hissəsi qızılda, bir hissəsi daşınmaz əmlakda, bir hissəsi qiymətli kağızlarda, bir hissəsi isə likvit şəkildə dollarda, avroda, rus rublunda, türk lirəsində, qalan hissəsi isə Çin yuanında saxlanılır. Buna görə də, əgər sabah Azərbaycanın ciddi vəsaitə ehtiyacı olsa, nəğd puldan əlavə saxlanılan vəsaiti likvitləşdirəndə Azərbaycan yenə pul itirəcək. 
 
Məsələn daşınmaz əmlakı satışa çıxartsa, aldığı qiymətə sata bilməyəcək. Çünki orada daha ucuza olur. Neft Fondu 30 ton qızıl alıb. Bir unisyasının ortalama qiyməti 1350 dollar civarında idi. Amma idi isə 1100 dollar civarındadır. Əgər satsa, yenə uduzacaq. Yəni ona görə də, Neft Fondu likvitləri - 32 milyardı nəğdləşdirəndə xeyli itkiyə məruz qalacaq. 
 
Amma təbii ki bu, ölkə üçün bir təhlükəsizlik yastığıdır. Bəzi probləmlərin həllində Neft Fondunun gəlirlərindən istifadə etmək mümkün olacaq. Amma Azərbaycanın öhdəlikləri də artır. Məsələn, gələn il TANAP və TAP layihələrinə büdcədən təqribən 4 milyard dollara yaxın pul xərclənilməlidir. Belə xərcləmələr və ölkənin borcu da çoxdur. 
 
Məsələn, Azərbaycan bu il 1.3 milyard dollar borc qaytaracaq. 2017-ci ildə daha çox borc qaytarmalı olacayıq, təxminən 3.6 milyard dollar... Yəni Neft Fondunun vəsaitləri var, lakin bu vəsaitlər, Azərbaycanın üzərinə götürdüyü öhdəliklər və xərcləmələr ilə götürsək, cəmi bir il, ilyarıma bəs edəcək vəsaitlərdir. Əgər neftin qiyməti indiki aşağı səviyyələrdə uzun müddət qalarsa, bir müddətdən sonra Neft Fondunda da ciddi problemlər olacaq.
 
 

 “Bəzi məmurlar hər gün bəyanat verirlər ki, Bakıda çoxlu oğurluq hadisələri olur və evdə pul saxlamayın, bankda saxlayın. Yəni depozitlərinizi çıxartmayın. Hökumət hətta belə bir primitiv təbliğata da əl atır”

 
- "Financial times" məlumat yaymışdı ki, Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan 4 milyard dollar borc istəyib. Lakin Azərbaycan prezidenti məlumatı təkzib etdi. Əgər borc alınsaydı, bunun Azərbaycan iqtisadiyyatına nə kimi müsbət və mənfi təsirləri olacaqdı? 
 
- Bu məsələ biraz qaranlıq qaldı. Əslində bu danışıqlar çoxdan gedirdi, bir neçə ay idi ki, davam edirdi. Sadəcə son həftələrdə bu danışıqlarla bağlı məlumatlar mətbuata sızdı. Mən belə düşünürəm ki, çox güman borc verməyin şərtləri olub. Çünki həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu borc vərərkən müxtəlif şərtlər irəli sürür ki, bu şərtlər daxlində ölkə borclanmaya gedə bilir. Bu şərtlər də infrastruktur və idarəetmə islahatlarından ibarət ola bilərdi. Məhkəmə sisteminin daha yaxşılaşdırılması, azad məhkəmə sisteminə keçid, özəlləşdirmə, dövlət xərclərinin azaldılması ilə bağlı şərtlər ola bilərdi. Və görünən bu idi ki, hökumət özəlləşdirmə və dövlət xərclərinin azalması ilə bağlı şərtləri qəbul etmişdi. Prezidentin və digər məmurların da çıxışlarında görünürdü ki, özəlləşməyə hazırlıq gedir. Və bu özəlləşmə də borcun alınmasında qoyulan tələblərdən biri idi.
 
Amma belə görünür ki, daha dərin islahatlar, o cümlədən, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsində hökumət güzəştdə getmək istəmir. Ona görə də bu məsələ uzandı və çox güman ki, yaxın zamanlarda həll olunmayacaq. Həm də ona görə həll olunmayacaq ki, Azərbaycanın beynəlxalq reytinqləri ciddi şəkildə aşağı düşdü. 
 
“Standard&Poors” agentliyi Azərbaycanın reytinqini xeyli dərəcədə azaltdı və hətta yatırım etmək üçün ən təhlükəli ölkələrin siyahısına saldı. Bu isə o deməkdir ki, sabah Azərbaycan kredit götürmək istəsə, bu reytinqlə daha yüksək faizlə kredit götürəcək. Dünənə qədər 6 faizə qədər kredit götürə bilərdisə, artıq  9-10 faizlə götürməyə məcbur olacaq.
 
 
- “Standard&Poors” bildirdi ki, Azərbaycan karbohigrogen sektorundan asılıdır. Sizcə də belədir? 
 
- Tamamilə doğrudur. İllərlə biz bunu deyirdik və yazırdıq ki, Azərbaycan büdcəsinin və xarici ticarətinin böyük bir hissəsi enerji daşıyıcılarından, əsasən də neftdən və qazdan aslıdır. İxracatın strukturuna baxanda görürür ki, xam neftin ixracatı 88 faizə yaxındır. Təqribən 6 faizə yaxın neft məhsulları, qaz ixrac olunur. Bu da ümumi ixracın 94 faizə yaxınını təşkil edir ki, Azərbaycan üçün çox böyük bir rəqəmdir və aslılıq yaradır. 
 
Büdcənin formalaşmasına baxanda isə görürür ki, yarıdan çoxu yəni 50 faizdən yuxarı birbaşa Neftdən Fondundan transfertdir. Dolayı aslılıq da var. Çünki neft sektorunda çalışan iki böyük şirkət “BP” və “SOCAR”-ın vergi öhdəlikləri də var. Bu vergi öhdəlikləri təxminən 2 milyard manata yaxındır. Büdcənin vergi hissəsinin az qala 30 faizini təşkil edir. Buna görə də həm büdcənin formalaşmasında, həm də xarici ticarətdə ciddi aslılıq var. Yaxın gələcəkdə də təəssüf ki, bu aslılığın aradan qaldırılması mümkün görünmür. 
 
 
- “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov qeyd edib ki, neftin qiyməti 60 dollara qədər yüksələ bilər. Sizcə o, nəyə əsasən bu proqnozu verir? 
 
- Mən bunu öz sahəsində çalışan insanın arzusu ilə əlaqələndirirəm. “Lukoyl”un problemləri getdikcə artır. Onun sahibi də təbii olaraq istəyər ki, neftin qiyməti 60, 80, 100 dollar olsun. Amma obyektiv reallıqlar var. Bu reallıqlar ondan ibarətdir ki, dünyada gündəlik neft istehlakı 92 milyon barrel, neft istehsalı isə 95 milyon barreldir. Yəni, hər gün üçün 3 milyon barrel artıq neft var. Bu da uzun müddət neftin qiymətinin aşağı olmasını təmin edir. 
 
Bunun ən böyük səbəblərindən biri təbii ki, ABŞ-dır. Bu ölkədə “Slans inqilabı” baş verdi. Türkcə buna Kaya qazı-Kaya nefti deyirlər. Yerin dərin qatlarında olan neftin və ya qazın daha ucuz texnologiyalarla hasil olunması prosesi başladı. Hazırda ABŞ-da Slans neftinin maya dəyəri təqribən iki il öncəki qiymətindən təqribən 5 dəfə aşağı düşüb. Əvvəllər 90 dollar idi, indi isə 18-19 dollardır. ABŞ-da 3400 Slans neft quyusu qazılıb, sadəcə, neftin qiymətinin bahalaşmasını gözləyirlər.  
 
İqtisadi dildə buna “Slans klapanı” deyilir. Yəni bu, o deməkdir ki, sabah neft yenidən 50 dollar olsa, həmin quyularda hasilat başlayacaq, neftin hasilatı artanda isə qiymət yenidən 40 dollara və ondan da aşağı düşəcək. Slans nefti ilə məşğul olan kampaniyalar çox kiçik və çevik olduğundan bir həftə, 10 gün ərzində hasilatı həm başlada, həm də dayandıra bilirlər. Buna görə də, uzun müddət neftin qiymətinin 50 dollardan aşağı olması ehtimalı çox yüksəkdir. 
 
- 2016-cı ili Azərbaycanda sosial-iqtisadi baxımdan, necə dəyərləndirirsiz? 
 
- Müstəqilliyimizdən bəri ən problemli ilimizi yaşayacağıq. Gəlirlər düşür, iş yerləri bağlanır, insanların sosial vəziyəti ağırlaşır. Bu sosial gərginliklərin artımı etirazlara səbəb olacaq. Çox ağır il olacaq. Təəssüf ki, manatın taleyi, büdcənin yerinə yetirilməsi, iş yerlərinin daha çox bağlanması ilə bağlı proseslərin daha sürətlə getməsini gözləyirəm. Bunun da səbəbi odur ki, hökumətin doğru-dürüst bir böhran planı yoxdur. Yəni, addımlar xaotikdir, bir-birini tamamlamır, hətta verilən qərarlar bir müddət sonra ləğv olunur. Bu, onu göstərir ki, hökumətdə bir konsepsiya yoxdur. Bunların olmaması da Azərbaycanın gələcəkdə daha böyük problemlərlə üz-zə qalma ehtmallarını artırır. 
 
 
- Bankların bağlanması prosesi hansı məsələləri həll edəcək və hansı problemləri yaradacaq?
 
- Bankların təmərküzləşməsi, bağlanması, sayının azalması iki yöndən ümumi iqtisadiyyata təsir göstərəcək. Birinci tərəfdən, təəssüf ki, bu, panika havası yaradır. Banklar bağlandıqca insanlar onlara olan güvənlərini daha da itirirlər. Hətta insanlar adı siyahıda olmayan banklardan belə, depozitlərini geri çəkməyə çalışırlar ki, pullarını evdə saxlasınlar. Hökumət o dərəcəyə çatıb ki, bəzi məmurlar hər gün bəyanat verirlər ki, Bakıda çoxlu oğurluq hadisələri olur və evdə pul saxlamayın, bankda saxlayın. Yəni depozitlərinizi çıxartmayın. Hətta hökumət belə bir primitiv təbliğata da əl atır. 
 
İkinci tərəfdən, kiçik bankların bağlanması və böyük banklarda cəmləşməsi bir müddət sonra bank sektorunda sağlamlaşmaya səbəb ola bilər. Amma bu, digər bir təhlükə də yaradır. Əgər oyunçu azalacaqsa, bank bazarında bir neçə iri bank yaranacaqsa, burada inhisarçılıq halları daha da arta bilər. Qiymət sövdələşmələri ola bilər ki, həmin banklar öz aralarında danışaraq, daha baha kredit siyasəti yürütsünlər, pul-kredit maliyyə sisteminə təsir göstərsinlər.
 
Bu təhlükələri önləməyin yolu, xarici iri bankların birbaşa Azərbaycana buraxılmasıdır. “Deutsche Bank”, “Bank of America” kimi iri, yüz milyardlarla kapitalı olan banklar birbaşa Azərbaycan bazarında girsə, rəqabətli mühüt yaranacaq. Bizim yerli banklar məcburən onlarla rəqabətdə faizləri daha aşağı çəkəcəklər və daha yaxşı xidmət göstərəcəklər. 
 
Bizə qonşu ölkə olan Gürcüstanda səhv etmirəmsə, 8 böyük xarici bank birbaşa fəaliyyət göstərir. Xarici böyük bankların Azərbaycanda birbaşa fəaliyyətinə hökumət icazə vermir. 
 

Şərhlər