“Ankara terroru bir mesajdir” - Arzu Nağıyev
18.02.2016 14:57 Müsahibə 1667
“Türkiyənin paytaxtında hərbçilərə qarşı terror aktının kimlər tərəfindən və hansı məqsədlə törədildiyinə dair mülahizələr çoxdur. Amma son nəticə araşdırmalardan sonra bəlli olacaq”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Onun sözlərinə görə, terror aktı ilə bağlı hələlik PKK-nın adı çəkilir və yaxud Rusiyanın və Suriyanın xüsusi xidmət orqanlarına müəyyən işarələr edilir: “Amma bütün hallarda bu, hərbçlərə qarşı yönəldilmiş məqsədyönlü addımdır. Bu addım Türkiyənin dövlət rəhbərliyinin, ümumiyyətlə bu ölkənin planlarını pozmağa, eləcə də Türkiyənin Suriyada müharibəyə qatılmasının qarşısını almağa yönəlmiş ola bilər”. A.Nağıyevin sözlərinə görə, Türkiyənin kəşfiyyat idarəsi (MİT) Ankarada törədilmiş terror aktından bir neçə saat əvvəl Türkiyə ərazisinə 14 terrorçunun keçdiyini və onların əsasən böyük hava limanlarında və digər nəqliyyat qovşaqlarında terror aktı törədiləcəyinə dair məlumatlara malik olduqlarını və dövlət rəhbərliyini xəbərdar etdiklərini açıqlamışdı: “Lakin terror aktının məhz indiki məqamda törədilməsi bir sıra şübhəli məqamlardan xəbər verir. Bu məsələdə ən maraqlı və həm də ən şübhəli məqamlardan biri odur ki, həmin vaxt baş nazir Əhməd Davudoğlunun Avropa Birliyinin zirvə toplantısında iştirak etmək üçün Brüsselə səfəri gözlənilirdi. Orada miqrantlarla bağlı məsələ həll olunmalı idi. Digər tərəfdən, prezident Rəcəb Tayyub Ərdoğanın isə Azərbaycana rəsmi səfəri olacaqdı. Bu səfər zamanı da Rusiya-Türkiyə gərginliyinin aradan qaldırılması üçün müvafiq addımların atılması gözlənilirdi. Ona görə də bu terror aktını müəyyən maraqlı dövlətlər həyata keçirə bilər”. Politoloq əlavə edib ki, hələlik xüsusi xidmət orqanlarının ilkin açıqlamalarına görə, bunun Türkiyəyə gələn miqrantlarla birgə sərhədi keçə bilmiş suriyalı vətəndaş tərəfindən törədildiyinə dair mülahizələr səslənir: “Lakin digər məqamlardan biri də budur ki, terror aktı strateji mərkəzi dövlət hakimiyyəti - parlament, Nazirlər Kabineti və Daxili İşlər Nazirliyindən cəmi 200 metr məsafədə, ən əsası isə əsas hərbi orqanların - Silahlı Qüvvələrin Baş qərargahının yaxınlığında, Dəniz, Hava və Quru Qüvvələri Komandanlığı hərbçilərinin olduğu binaların qarşısında, birbaşa hərbçlərə qarşı törədilib. Orada isə əsas hədəf zabitlər, əməliyyatları planlaşdıran şəxslər olub”. A.Nağıyevin sözlərinə görə, əgər terror aktı hansısa səs-küy və ya özlərini büruzə vermək üçün törədilsəydi, bunu insanların çox toplaşdırğı başqa yerlərdə də edə bilərdilər:“Bu isə artıq məqsədyönlü törədilmiş terror aktıdır. Digər aktlardan fərqi odur ki, burada insan itkisi çoxdur. Artıq terrorun istiqaməti dəyişib. Bu, işıqforda dayanmalı olan avtomobilin hərəkət edərək obyektə çırpılması ilə törədilmiş terror aktıdır. Terror aktının strateji dövlət qurumlarının bir neçə metr yaxınlığında törədilməsi xüsusi bir mesajdir. Xüsusi xidmət orqanları diqqət yetirməlidir ki, əgər hərbi əməliyyatlar gedirsə, hərbi qurumlara qarşı istənilən an terror aktı törədilə bilər. Bir daha xatırladıram ki, həlak olanların əksəriyyəti məhz yüksək rütbəli zabitlərdir".
Şərhlər