“Övladlarım məni heç vaxt kədərli vəziyyətdə görməyib” - Leyla Əliyeva
03.07.2015 13:20 Müsahibə 3958
Reaksiya.Az Trend-ə istinadən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müsahibəsindən bir hissəni təqdim edir:
- Sizin həyatınızda əhəmiyyətli yeri yaradıcılıq - şeirlər, rəsmlər tutur. Siz nə zamansa demisiniz ki, rəsm çəkmək - böyük həzdir, amma əgər alınmırsa, ilhamı gözləmək lazım olur. Sizin ilham mənbəyiniz nədir?
- Düşünürəm ki, ilhamın əbədi mənbəyi mövcud deyil. Yaradıcı insanlar onları əsaslandıra biləcək yeni nəyisə axtarırlar. Mən deyərdim, bütün gözəlliklər ilham mənbəyidir. Bu sevgidir, bütün onun təzahürlərində, insanlara sevgi, təbiətə sevgi, həyata sevgi, həyat – ilham mənbəyidir.
Demək istəyirəm ki, tez-tez çoxları mənim şeirlərimi emosiyalarımla və əhval-ruhiyyəmlə bağlayırlar və hesab edirlər ki, bəzən onlar çox kədərlidirlər. Amma əslində, mənim şeirlərim həmişə kədərli deyillər və onlar mənə şəxsən aid deyillər. Şeirlər insanın ruhi vəziyyətini və daxili həyəcanını bütovlükdə əks etdirir. Bir neçə dəfə qeyd etmişəm ki, mən dünyaya pozitiv köklənmişəm, müsbət əhval-ruhiyyə, insanların mərhəməti, xeyirxah fikirlər şər üzərində xeyrin qələbəsinə əminlik dünyanı daha yaxşı etməyə kömək edir. Bu da mənə ilham verir.
- Rəsm çəkmək daha çox xoşunuza gəlir, yoxsa şeir yazmaq?
- Rəsm çəkməyi daha cox xoşlayıram. Rəsm çəkmək daha çox vaxtımı alır. Rəsm çəkəndə məndə elə hiss yaranır ki, sanki vaxt “başqa ölçüdə uçur”. Bəzən digər işlərə çox az vaxt qalır. Bəzən mən özümə söz verirəm ki, cəmi yarım saat rəsm çəkəcəyəm, amma "yarım saat"dan sonra saata baxanda görürəm ki, dörd saat keçib. Əlbəttə, əgər mənim daha çox boş vaxtım olsaydı, daha çox çəkərdim. Bəlkə buna görə də mən saatı tez-tez çəkirəm. Vaxt nəzarət etmək mümkün olmayan, eyni zamanda, həmişə çatmayan nəsnədir. Hərçənd mən inanıram ki, vaxt da sən etdiyindən asılı olaraq “cürbəcür uçur”.
Şeirləri isə çox tez yazıram. Əgər hansısa bir ideya və ya fikir yarandısa, şeir yazmaq yalnız beş dəqiqə vaxt aparır. Əsas odur ki, eyni vaxtda düşünəsən və mövzunu hiss edəsən. Amma bu zaman mən başqa heç nə haqqında düşünə bilmirəm. Və əgər mən ictimai yerdə, insanların əhatəsindəyəmsə, bu sətirləri yazıb bitirənə qədər heç nə görmür və eşitmirəm.
Şeirlərimi birinci olaraq anama və bacıma oxuyuram. Yaradıcılığıma aid fikir mənim üçün çox əhəmiyyətlidir və mən onu ürəyimə çox yaxın qəbul edirəm. Əlbəttə, müsbət rəylər mənə daha çox ilhamlandırır. Başqalarına öz əsərlərimi göstərmək, təəssüratlarımı bölüşmək istəyirəm. Buna görə də ümid edirəm ki, çox tezliklə şeirlər kitabımı dərc etdirə biləcəyəm və ola bilər ki, işlərimin sərgisini təşkil edim. İstərdim ki, öyrənməyə və daha peşəkar səviyyədə inkişaf etməyə davam edim.
- Siz yaradıcı insan olaraq, müasir incəsənətin təbliğinə böyük əhəmiyyət verirsiniz, lakin çox əhəmiyyətlidir ki, milli yaradıcılığın ənənələrini və köklərini də unutmursunuz. Bunu bütün tədbirlərdə, müxtəlif sərgilərdə və biennaledə də görmək olar. Sizcə, keçmişlə indiki zaman arasında sintez nə dərəcədə mümkündür və bu, müasir incəsənətdə necə əks olunur?
- Mənə gəlincə, şəxsən mən rəssamlığın tərəfdarıyam. Hesab edirəm ki, ən yeni texnologiyaların dili - video-incəsənət əsərləri və müasir instalyasiyalar rəsm əsərlərinin yaratdığı hisslərin harmoniyasını çatdırmaq qabiliyyətində deyil. Axı əsəri gözəl edən məhz rəssamın öz işinə canını - ruhunu qoymasıdır. Mən muzeylərdə və qalereyalarda çox vaxt keçirirəm. Hətta saatlarla sərgilərdə ola bilərəm. Tez-tez fikirləşirəm ki, niyə bəzi rəsmlər daha çox xoşuma gəlir, bəziləri isə yox. Düşünürəm ki, yenə də bütün məsələ rəssamın öz işinə can qoymasıdır ki, bu da rəsmlərdə əks olunur.
- Bu yaxınlarda icraçı prodüseri olduğunuz "Əli və Nino" filminin çəkilişləri başa çatıb. Niyə məhz "Əli və Nino"?
- Məhz bu romana müraciətin əsas səbəbi müstəqillik mövzusudur. Romanda mühüm tarixi əhəmiyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülü mövzusuna toxunulur. Müstəqillik istənilən azərbaycanlı üçün əhəmiyyətli və əzizdir.
Bundan başqa, biz hətta 100 il sonra əks-səda doğuran səmimi və təmiz sevginin tarixi haqqında əsəri ekranlaşdırmaq və mədəniyyətlərin və dinlərin qarşılıqlı təsiri məsələlərini göstərmək istədik. Romanda Bakının siyasi, etnik və mədəni həyatı çox aydın təsvir edilir. Bu romanın məhz Azərbaycanda ekranlaşdırılmasını ona görə istəyirdim ki, filmin çəkilişləri kitabda təsvir edilən yerlərdə aparılsın. Bakıdan başqa, çəkilişlər Gədəbəy, Quba rayonunun Xınalıq kəndi və Qobustanda da aparıldı.
"Əli və Nino" şah əsərdir və onu ekranlaşdırmaq böyük məsuliyyətdir. Biz filmin istehsalı üzrə işə istedadlı insanları cəlb etdik. Olduqca gözəl əsərin ekranlaşdırılması üçün çox gözəl kollektiv toplaşdı, səmərəli çəkiliş prosesi üçün hər cür şərait yaradıldı. Mən praktiki olaraq hər gün çəkilişlərə gedirdim, biz birlikdə çox vaxt keçirirdik və işlər başa çatanda çox kədərləndim. Aktyorlara və filmlərin yaradıcılarına necə çətin olduğunu anladım, axı onlar üçün kollektivdə daimilik yoxdur.
Mühüm faktı qeyd etmək istəyirəm: filmin istehsalı üzərində dünyanın müxtəlif ölkələrindən insanlar işləyirdilər ki, bu da, əlbəttə, filmə marağı daha da artıracaq. Bütün aktyor heyəti, çəkiliş qrupu – filmin yaradılmasında iştirak edən hər kəs, çox istedadlı insanlar, öz işinin ustaları - əllərindən gələni etdilər ki, film maraqlı alınsın. Düşünürəm ki, filmi böyük uğur gözləyir.
- Siz çox gözəl uşaqların anasısınız. Sizcə, uşaqlıqdan öyrədilməsi zəruri olan tərbiyənin və təhsilin əsasları hansılardır? Siz bunu necə edirsiniz?
- Uşaqlar – ən böyük xoşbəxtlikdir. İndi mənim uşaqlarım elə bir yaşa çatıblar ki, mənə onlarla daha çox vaxt keçirmək maraqlıdır, nəinki dostlarımla. Biz birlikdə gəzirik, muzeylərə, parklara gedirik. Lap əvvəldən mənim onlarla dostluq münasibətlərim var. Mənim üçün olduqca vacibdir ki, uşaqlar valideynlərinə ilk növbədə hörmət etsinlər, onlardan qorxmasınlar. Buna görə də uşaqlar nəyisə düz etməyəndə onlara izah etməyə çalışıram. Həmişə seçim ixtiyarı verirəm. Hesab edirəm ki, onlara kifayət qədər çox azadlıq vermək lazımdır. Fikrimcə, anadan olandan insana doğrunu və yanlışı anlama qabiliyyəti Allah tərəfindən verilib. Bəzən valideynlər uşaqları qorumaq üçün onları həddən artıq himayə edirlər, məhdudiyyətlər və qadağalar qoyurlar. Mən onlara daha çox azadlıq verməyə çalışıram, xüsusən də onlar oğlan olduqları üçün. Qoy onlar müstəqil, sərbəst və güclü olsunlar.
Ən əsası, mən onlarla bir yerdə olanda yaxşı əhval-ruhiyyədə oluram, onlar heç vaxt məni məyus və kədərli vəziyyətdə görməyiblər. Mən həmişə onlara deyirəm ki, hər şey yaxşı olacaq. Mən onları müsbət ruhda kökləyirəm.
Mənim üçün onların təhsili çox əhəmiyyətlidir. Onlar üç dildə danışırlar: Azərbaycan, ingilis və rus. Onlar riyaziyyatla, incəsənətlə maraqlanırlar. Mən daim onlara kitablar oxuyuram və çalışıram ki, onlar kompüter arxasında daha az vaxt keçirsinlər. Çox istərdim ki, övladlarım böyüyəndə öz uşaqlıq illərini həmişə sevə-sevə xatırlasınlar, yada salsınlar.
- Leyla xanım, Siz öz yubileyinizi qeyd edirsiniz. İcazənizlə, Sizi ad gününüz münasibətilə təbrik edirik, Sizə və bütün doğmalarınıza cansağlığı, əmin-amanlıq və hər bir işinizdə uğurlar arzulayırıq. Ad gününüzü necə qeyd edəcəksiniz? Oxucularımıza nə arzulayardınız?
- Ad günümü ailəmlə, valideynlərimlə keçirəcəyəm. Uşaqlıqda ad günümə çox qonaq gələndə, səs-küylü və şən olanda sevinirdim. Bu gün isə istəyirəm ki, ad günümdə mənə ən yaxın və ən əziz olan insanların əhatəsində, şərtsiz, təmənnasız sevginin əhatəsində olum. Hamıya xoş əhval-ruhiyyə, möhkəm cansağlığı və bolluca xoşbəxtlik arzulayıram.
Şərhlər