Tofiq Yaqublu: “Bəli, narazılıq olub” - MÜSAHİBƏ

30.03.2016 18:03     Müsahibə     1801

“Sağıma-soluma bələd olmamışam” Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: - Tofiq bəy, Siz həbsdə olanda Müsavat Partiyasının qurultayı keçirilib, başqan müavini təyin edilmisiniz. Ancaq qurultayın gedişi zamanı ciddi fikir ayrılıqları, narazılıqlar və bölünmələr müşahidə edilib. Bunu necə qiymətləndirirsiniz? - Mən qurultaydan əvvəl də müavin idim. Partiyanın qurultayı keçirilib, seçkili orqanlar formalaşıb və yoluna davam edir. Bəli, qurultayda narazılıq olub. İndi narazılıqla bağlı ehtiraslar səngiyib. Müsavat Partiyası fəaliyyət göstərir, mən də Divanın toplantılarına qatılır, partiyada fəaliyyətimi davam etdirirəm. - Siz həbsdə olarkən belə fikirlər səslənirdi ki, azadlığa çıxdıqdan sonra Yadigar Sadıqovla birlikdə partiyanı birləşdirmək, küsənləri geri qaytarmaq üçün təşəbbüs göstərəcəksiniz. Bu planınız aktualdırmı? - Mən Yadigar Sadıqovun əvəzindən bir söz deyə bilmərəm. Bu, çətin işdir, lakin mən buna çalışacağam. Hələ məhbəsdə olanda da belə sifarişlər göndərmişəm. Bəzən insanlar acığa düşür, ehtiraslar qalxır və bir-birlərini həzm edə bilmirlər. Ancaq bu mərhələ keçilib. Mən çalışacağam və cəhdlər edəcəyəm. İndi bəziləri bu haqda nə deyir, mən bilmirəm. Mənim düşüncəm və mövqeyim belədir ki, birləşmə olmalıdır. Kimlər özünü müxalifətdə hesab edirsə, bir arada olmalıdır. Mənim fikrim təkcə Müsavatla bağlı deyil, həm də düşərgə ilə bağlıdır.  - Müsavatdan küsüb gedənlərlə, ADR Hərəkatının üzvləri ilə görüşləriniz olubmu? - Əlbəttə, olub. Onlar məni görməyə gəlmişdilər. İsti-isti görüşdük. Bəziləri zəng etmişdilər, telefonla danışdıq. Mənim şəxsi planda heç kəslə bir problemim yoxdur. Onlar mənim dostlarım və qardaşlarımdır. Fikir ayrılığının olması normaldır. Bəzən Müsavatda birgə olanda da məsələlərə fərqli baxışımız ola bilərdi. Bunu normal qəbul edirəm. Amma sözsüz ki, dostluq münasibətlərimiz qalacaq və bunu heç nə ilə dəyişmək olmaz.  - Deyirsiniz ki, küsülüləri barışdırmaq, gedənləri qaytarmaq üçün cəhdlər edəcəksiniz. Əslində, onların çoxu artıq sizinlə görüşüb. Bu haqda müzakirəniz olubmu? - Yox. Dostlarım mən həbsdən çıxdıqdan sonra ancaq görüşə gəlib, məni təbrik ediblər. Sonra da tətil olub. Mən də xüsusi görüş təyin edəsi deyiləm. Proses zamanı cəhdlər göstəririk. Hələlik sağıma-soluma bələd olmamışam. Hər şey öz yerini alsın, tələsməyək. Amma fikrim qətidir və bu yöndə çalışacağam.  - Qurultaydan Müsavat güclənərək çıxıb, yoxsa zəif duruma düşüb? - Sözsüz ki, itkilər olub. Əgər dedi-qodular, narazılıqlar olmasaydı, daha güclü olardı. Lakin mənə elə gəlir ki, Müsavat Partiyası bu qədər söz-söhbətdən sonra yerindədir, mövqeyindədir, fəaliyyətini göstərir və mübarizəsini aparır. Əgər cəmiyyətdəki mövqeyimizdə itirilən bir şey varsa, onu yerinə qoymalıyıq. Həm də nəzərə alın ki, qurultaydan sonra elə ciddi proses baş verməyib ki, Müsavatın əvvəlkindən güclü və ya zəif olması müşahidə olunsun.  - Qubad İbadoğlu ilə telefon danışığınız olubmu? - Qubad İbadoğlu ilə mən daima danışmışam. Hələ Müsavatda olanda da hər zaman salam-kəlamımız olub. Qubad İbadoğlu Amerikada idi və bildiyim qədər bu günlərdə gəlməlidir. Gələndən sonra yenə görüşərik.  - Həbsdən çıxandan sonra zəng etməyib sizə? - Sizə açığını deyim ki, həbsdən sonra mənə təzə telefon veriblər, heç işlətmək qaydasını dərindən bilmirəm, Vatsappı var, internetə daxil olmaq olur və s. Lakin hələlik ona alışmamışam. Mənə çoxlu sayda təbriklər, mesajlar gəlib. Lakin inanın ki, telefonla onları açıb oxuya bilmədim. Odur ki, sosial şəbəkədə status yazmışam ki, cavab verə bilmədiyim dostlar məni bağışlasın.  - Borçalını ziyarət etmək niyyətiniz var?  - Sözsüz ki, Borçalıya getməli, dədəm və anamı görməliyəm. Ancaq hesab edirəm ki, ümumiyyətlə, adamın sənədi qaydasında olmalıdır. Ola bilər ki, buradan Qazaxa gedəsən, orada sənə deyilər ki, ölkəni tərk etməyinə qadağa var və ya sənədlərin qaydasında deyil. Odur ki, mən də sənədlərimi qaydasına salmalıyam. Hətta bir il sonra harasa getməsəm belə, sənədlərim qaydasında olmalıdır.

Şərhlər

Çox oxunanlar