“Torpaqlarımızı azad etmək üçün müharibə edə bilərik” - MÜSAHİBƏ
04.04.2016 13:24 Müsahibə 1938
Reaksiya.info xəbər verir ki, Milli Məclisin komitə sədri Eldar İbrahimov cəbhədə baş verən son hadisələrlə bağlı Modern.az-ın suallarını cavablandırıb.
- Eldar müəllim, bu günlərdə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribat barədə nə deyə bilərsiniz?
- Əslində bu sualın cavabını hörmətli Prezidentimizin başçılığı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında ətraflı izah edilib. İclasda İlham Əliyev cənabları qeyd etdi ki, həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu nəticələr əldə etmək imkanı yarananda Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ müharibəsi dalğasında Ermənistan hakimiyyətinə gəlmiş separatçı qüvvələr müxtəlif təxribatlara əl atır və günahı Azərbaycanın üstünə yıxmağa çalışırlar. Budəfəki təxribat da əvvəlkilərin davamıdır və indi Ermənistan bütün qüvvələrdən istifadə edərək dünyaya car çəkir ki, ay aman qoymayın, Azərbaycan atəşkəsi pozur. Məqsəd isə eynidir – status -kvonu saxlamaq.
- Bu təxribatın indi baş verməsini nə ilə izah etmək olar?
- Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları martın sonları və aprelin əvvəlində ABŞ-da Nüvə Sammitində iştirak və çıxış etdi, Amerikanın vitse-prezidenti, dövlət katibi və bir çox yüksək rütbəli dövlət rəhbərləri ilə çox uğurlu görüşlər keçirdi. Bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və qondarma Dağlıq Qarabağ Respublikasını tanımadığı dönə-dönə vurğulanmışdır. Bundan əlavə, cənab Prezidentin dediyi kimi, Rusiya dövlət başçısının və xarici işlər nazirinin münaqişənin həlli ilə bağlı verdiyi yeni təklif də görünür Ermənistan rəhbərliyini narahat edir. Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin başçılarının münaqişənin tezliklə sülh yolu ilə həll olunması, status-kvonun dəyişdirilməsinin vacibliyi barədə razılığa gəlmələri də Ermənistan rəhbərliyində təşviş doğurur. Bütün bunlara rəğmən azərbaycanlılara qarşı soyqırımı törədən bu canilər məsələnin həll olunmasını özlərinə ölüm hökmü kimi qəbul edir və buna görə də bütün mümkün maneçilikdən istifadə edirlər. Bu günlərdə törədilən təxribat da eyni məqsədlə həyata keçirilmiş və əvvəllər olduğu kimi bu dəfə də uğursuzluğa düçar olmuşdur.
- Erməni təxribatının qarşısının alınmasında Azərbaycan ordusunun fəaliyyətini neçə qiymətləndirirsiniz?
- Əvvəla onu demək istəyirəm ki, beynəlxalq təşkilatların qiymətləndirməsinə görə Azərbaycan ordusu hazırda bölgənin ən güclü ordusudur və bunu dəfələrlə erməni təxribatının qarşısının alınmasında sübut edib. Nəzərə alsaq ki, BMT-nin nizamnaməsi də bizə öz torpaqlarımızı hərbi yolla azad etmək hüququ verir, o zaman biz torpaqlarımızı azad etmək üçün müharibə edə bilərik. Lakin biz hələlik bunu etmirik, ona görə ki, hörmətli Prezidentimiz dəfələrlə qeyd edib ki, biz məsələni beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə edib hər iki tərəfdən gənc insanların ölməsini və anaların gözünün yaşlı qalmasını istəmirik. Ermənistanın başabəla rəhbərliyi isə şəxsi mənafeləri üçün öz xalqının qanını tökməyə hər an hazır olduğunu və bunu dəfələrlə törətdiyini sübut edib. Onlar bunu bu dəfə də bir daha azğınlıqla nümayiş etdirdilər. Erməni silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpağında yerləşməklə təmas xəttində olan ordumuzun mövqelərini və yaşayış məskənlərini atəşə tutaraq əsgərlərimizi və mülki şəxsləri öldürür, əhalinin əmlakını məhv edursə, ordumuz buna cavab verməli idi. Və verdi də. Özü də düşmənə çox sarsıdıcı zərbə endirildi. Biz ordumuzun bu hərəkətini tamamilə dəstəkləyirik, istənilən an torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə əskərlərimizin yanındayıq. Erməni təxribatına verilən bu tutarlı cavab Azərbaycan Prezidentinin - “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu vardır” sözlərini bir daha əyani olaraq sübut etdi. Biz ordumuzla fəxr edirik, bu döyüşlərdə həlak olan qəhrəman əskərlərimizə və mülki vətəndaşlarımıza allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk.
Şərhlər