“İranlı general dedi ki, Azərbaycana 20 milyon dollarlıq silah yollayıblar”
11.05.2016 21:56 Müsahibə 2362
Bu günlərdə Azərbaycandan bir qrup ictimai-siyasi xadim İranda səfərdə olub. Nümayəndə heyətinə daxil olan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Teleqraf.com-a müsahibəsində səfərin məqsədləri barədə danışıb.
– Akif bəy, İrana səfəriniz nə ilə bağlı idi?
– Bizim İranın, Gürcüstanın və Türkiyənin qeyri-hökumət təşkilatları ilə əlaqələrimiz var, Azərbaycan, Qarabağ həqiqətlərinin çatdırılması istiqamətində onlarla əməkdaşlıq edirik. Adı çəkilən ölkələrdə vaxtaşırı tədbirlər keçirməyə çalışırıq. Budəfəki səfərin və konfransın təşkilatçısı Təbriz Universiteti idi. Mayın 7-də universitetdə keçirilən “Qarabağ İslam torpağıdır” mövzusunda elmi-praktik konfrans İranın ali dini lideri Seyid Əli Xameneyinin elan etdiyi “Azərbaycan Respublikasının milləti erməni təcavüzünə məruz qalıb, Ermənistan təcavüzkar tərəfdir!” devizi altında keçirildi.
Konfrans həm də Şuşanın işğal gününə həsr olunmuşdu. Yüksək səviyyədə təşkil etmişdilər. Konfransı Universitetin rektoru, doktor Məhəmmədrza Purməhəmmədi açaraq tədbirin məqsədini qeyd etdi. Daha sonra bildirdi ki, sizi özümüzdən, özümüzü sizdən bilirik. Qeyd etdi ki, bu konfransı keçirməklə həqiqətin ortaya çıxmasına, Şuşanın və digər Qarabağ torpaqlarının işğalı ilə bağlı həqiqətləri üzə çıxarmağa, bu həqiqətlərin İran cəmiyyətinə çatdırılmasına çalışırlar. Rektor bildirdi ki, çətin günlərdə Azərbaycan bizim yanımızda olub, biz də həmişə Azərbaycanın yanında olacağıq. Rektor sonadək konfransda iştirak etdi.
Tədbirin aparıcısı doktor Məhəmməd Mütəfəkkir Azad Şuşanın işğalı, bu şəhərin Azərbaycan və bütün islam dünyası üçün əhəmiyyətindən danışdı. Dedi ki, Qarabağ, Şuşa Azərbaycan gənclərinin, bütün müsəlmanların əli ilə azad ediləcək. Digər çıxış edənlərdən doktor Nikbəxt Şuşanın, Qarabağın tarixi ilə bağlı məlumat verdi, rus işğalının mənfi nəticələrini vurğuladı. O da bildirdi ki, Qarabağ müsəlman torpağıdır və müsəlmanlara qaytarılmalıdır.
İran ordusunun ehtiyatda olan generalı Kəbiri İran zabitlərinin və əsgərlərinin Qarabağ müharibəsində iştirakından danışdı. Dedi ki, onun özü də Azərbaycanda əsgərlərə təlim keçirilməsində yaxından iştirak edib. Mərhum Heydər Əliyevin hakimiyyətinin ilk illərində digər generallarla birgə Azərbaycanda 8 min əsgərə təlim keçiblər. General bildirdi ki, onunla birlikdə 150 nəfər könüllü əsgər Azərbaycana getmişdi. Qeyd etdi ki, onun özü şəxsən bir neçə döyüşdə iştirak edib, rəhmətlik Heydər Əliyev, müdafiə naziri onlarla bir neçə dəfə görüşüb. Azərbaycan tərəfi onların işindən çox razı qalıb. General Kəbiri həmçinin qeyd etdi ki, Azərbaycana 20 milyon dollarlıq silah da yollayıblar.
– Nümayəndə heyətinə kimlər daxil idi?
– Heyətə Ədalət Partiyasının sədri, sabiq millət vəkili İlyas İsmayılov, Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, yazıçı-publisist Eldəniz Quliyev, politoloq Zərdüşt Əlizadə, şair-publisist Qurban Cəbrayıl və mən daxil idim.
– Bəs, Azərbaycandan gedən şəxslərin çıxışlarında daha çox hansı məqamlar qabardıldı?
– Mən öz çıxışımda bildirdim ki, Azərbaycan torpaqlarını öz gücünə işğaldan azad edəcək, lakin Ermənistanın güclü havadarları var, odur ki, bu müharibədə Azərbaycanın da dəstəyə ehtiyacı var. Bu dəstəyi daha çox İran, Türkiyə, Pakistan və digər müsəlman dövlətlərindən ala bilərik. Xüsusilə, İran coğrafi mövqeyi, regiondakı təsir imkanları, islam təəssübkeşliyi kimi amillərə görə Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi rol oynaya bilər.
Ədalət Partiyasının sədri İlyas İsmayılov diqqəti məsələnin tarixi köklərinə və beynəlxalq təşkilatların fəaliyyətsizliyinə yönəltdi. Millət vəkili Tahir Kərimli bildirdi ki, İran birinci Qarabağ müharibəsində Azərbaycana ciddi kömək göstərib, iki dövlətin arasında birlik həmişə olmalıdır.
Daha sonra çıxış edənlərdən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli bildirdi ki, biz bir-birimizə qarşı dözümlü olmalı, artıq tənqidlərdən çəkinməliyik. İran və Azərbaycan vacib məsələlərdə, o cümlədən Qarabağ məsələsində birgə hərəkət etməlidir. Konfrans iştirakçılarından Eldəniz Quliyev, doktor Kəffaş, doktor Ruhulla Mütəfəkkir Azad, Mehdi Nalbəndi, Zərdüşt Əlizadə, Seyyid Məcud Peyman və digərləri də çıxış edərək təkliflərini verdilər. Təbrizli şair Sədr Məhəmmədi və Azərbaycandan olan şair Qurban Cəbrayıl Azərbaycana, Qarabağa aid şeirlərini oxudular. Konfrans başa çatandan sonra Azərbaycandan gələn nümayəndə heyətini universitetin rektoru Məhəmmədrza Purməhəmmədi qəbul etdi, bir sıra məsələlər ətrafında geniş, maraqlı müzakirələr apardıq. Bundan başqa Təbrizdə Azərbaycan tarixi muzeyində, Qacarlar sülaləsinin tarixinə aid muzeydə və digər tarixi yerlərdə olduq, maraqlı eksponatlarla tanış olmaq imanı əldə etdik.
– Akif bəy, Qarabağ müharibəsinin getdiyi illərdə İranın Ermənistana yardım etməsinə dair bir sıra faktlar var. Bu baxımdan, İranlı generalın söylədiklərini həqiqət kimi qəbul etmək mümkündürmü?
– Mən hesab edirəm ki, tam həqiqətdir. Ola bilər ki, bəzi detalları dəqiqləşdirməyə ehtiyac var. Gizli bir şey deyil. Çəkilişlər var, çəkilişləri mənə göstəriblər. Sadəcə, konfransdan sonrakı görüşdə də mən dedim ki, biz bu cür məlumatların İran tərəfindən rəsmi şəkildə bildirilməsini istəyirik. Yəni, bunu ya prezident, ya müdafiə naziri, yaxud prezidentin müşaviri bildirsin. Rəsmi qaydada bildirsinlər ki, Qarabağ müharibəsinin gedişi zamanı hansı yerlərdə rəsmi olaraq hansı yardımlar göstərilib, nə qədər silah verilib. Mən sual etdim ki, nə üçün rəsmi qaydada bununla bağlı İran tərəfindən heç bir məlumat verilmir? Çünki İrana bundan əvvəlki səfər zamanı da mənə müxtəlif səviyyələrdə bildirilmişdi ki, Azərbaycana yardımlar olunub. Amma bunların hamısı elə bil ki, qeyri-rəsmi səviyyədədir. Ona görə də bu sualı verdim ki, Azərbaycan cəmiyyətindəki bu məsələ ilə hazırkı qeyri-müəyyənlik aradan qalxsın.
– Ərdəbilə səfəriniz nə zaman baş tutdu?
– Mayın 8-də Ərdəbildə şəhərin imam-cüməsi Həsən Amilinin qonağı olduq. Həsən Amili bildirdi ki, Qarabağ onları ən çox narahat edən məsələdir. Qeyd etdi ki, hər cümə xütbələrində ermənilərə lənət oxuyuruq. “Qarabağın çox tezliklə azad olunmasını istəyirik. Amerika və Rusiya Qarabağı öz məqsədləri üçün əllərində saxlayıblar. Onların əli ilə Qarabağı azad etmək mümkün deyil. Millət səhnəyə gələrsə, heç bir xarici dövlət heç nə edə bilməz. Qarabağın azadlığı dini inamın, imanın güclənməsindən keçir. Qarabağda hərb qaçılmazdır. Əgər imkan verilərsə, şərait olarsa, Qarabağda döyüşə getməyə mən hazıram, bir müsəlman kimi bunu özümə borc bilirəm. İranla Azərbaycan bir-birinə daha çox yaxınlaşmalı, birlikdə hərəkət etməlidirlər”, deyə Həsən Amili bildirdi. Biz də öz növbəmizdə təşəkkürümüzü bildirdik, əlaqələrin genişlənməsi üçün təkliflərimizi verdik.
Şərhlər