Millət vəkili Q.Paşayeva Kamerun Parlamentinin vitse-spikeri E. M. Zifaka ilə Xocalı Soyqırımından danışıb.
10.07.2016 15:23 Müsahibə 1721
Millət vəkili Qənirə Paşayeva Kamerun Parlamentinin (Milli Assambleyasının) vitse-spikeri Emilia Monyava Zifaka və millət vəkilləri ilə görüşüb.
Millət vəkili Azərbaycanın Kamerun ilə bütün istiqamətlərdə və sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artmasını sevindirici hadisə kimi qiymətləndirib.
Azərbaycan parlamentinin Kamerunla əlaqələrin və dostluğun inkişafına verdiyi önəmdən danışan millət vəkili Q.Paşayeva bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının vacibliyini qeyd edib.
Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Millət vəkili Qənirə Paşayeva Kamerun parlamentinin (Milli Assambleyasının) vitse-spikeri Emilia Monyavaya və parlament üzvlərinə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmləri kataloqu və materialları təqdim edib. Millət vəkili nümayəndə heyətinə həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib
.Qənirə Paşayeva Kamerun parlamentinin (Milli Assambleyasının) vitse-spikeri Emilia Monyava Zifakanı hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib.
Kamerun parlamentinin (Milli Assambleyasının) vitse-spikeri Emilia Monyava Zifaka Azərbaycana səfər etməkdən məmnun olacağını bildirib və Kamerunun Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd edib. İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən vitse-spiker beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini də vurğulayıb.
Şərhlər