“Kəlbəcərli girovlarla görüşməyə hazıram” - Azay Quliyev
11.07.2016 12:27 Müsahibə 1649
“Tiflisdə həmsədrləri dəvət etdik ki, gəlsinlər, hesabat versinlər, əvvəl razılaşdılar, sonra isə fikirlərini dəyişdilər”
Keçən həftə Tiflisdə baş tutan ATƏT-in Parlament Assambleyasının (PA) növbəti toplantısında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev səs çoxluğu ilə beynəlxalq təşkilatın vitse-prezidenti seçildi. 2013-cü ildən 2016-cı il iyulun 4-dək ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini vəzifəsini icra edən A.Quliyev bu görəvi daşımağa layiq bilinən ilk azərbaycanlı oldu. Vitse-prezidentlə söhbətimizə də elə bu mövzudan başladıq:
- Azay bəy, bu hadisəni necə dəyərləndirirsiniz, yeni görəvdə təmsil olunmağınız Azərbaycana nə vəd edir?
- Əlbəttə, bu, ilk növbədə Azərbaycan üçün böyük bir uğurdur, Azərbaycan dövlətinin və prezidentinin qələbəsidir. Bilirsiniz ki, ATƏT Azərbaycan və ümumiyyətlə, dünya üçün mühüm bir qurumdur. Çünki Avropada bütün təhlükəsizlik və əməkdaşlıq, həmçinin dialoq məsələlərinə məhz ATƏT cavabdehdir, bu məsələlər ona həvalə olunub. Həm də ATƏT bizim üzv olduğumuz digər qurumlardan fərqli olaraq, bir neçə missiyanı özündə birləşdirir. Burada demək olar ki, dünyanın bütün aparıcı ölkələri üzvdür. Geosiyasi maraqları olan, müxtəlif məsələlərdə bir-birinə ziddiyyətli mövqe sərgiləyən, həm Avropa İttifaqının, həm NATO-nun, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün üzvləri məhz ATƏT-də birləşiblər. Digər tərəfdən də bizim əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllini biz ATƏT-ə həvalə etmişik, bu quruma güvənmişik. Eyni zamanda ATƏT demokratik təsisatların inkişafı, seçki qurumlarının təkmilləşməsi baxımından çox güclü bir mandata malikdir. Belə bir təşkilatda əlbəttə ki, Azərbaycanın yüksək postda təmsil olunması ölkəmiz və dövlətimiz adına böyük bir uğurdur.
- Vitse-prezident olaraq sizin Azərbaycan ərazilərinin işğalda olması məsələsini qaldırmağınız mümkün olacaqmı? Yoxsa ölkəmizlə bağlı məsələlərdə məhdudiyyətlər qoyulacaq?
- Bu, mənim üçün ən həssas məsələlərdən biri olacaq. Ona görə də bir tərəfdən Azərbaycanın təmsilçisiyəm, həm də ölkəmin maraqlarını qorumalıyam, digər tərəfdən də təkcə Azərbaycanın deyil, ATƏT PA-nın vitse-prezidenti kimi ATƏT-ə üzv olan 57 ölkənin maraqlarını qorumaq borcumdur. Mən çalışacağam ki, bu iki mühüm məsələ arasında maksimum dərəcədə qızıl ortamı tapa bilim. Şübhəsiz ki, mən Azərbaycanın milli maraqlarından vaz keçə bilmərəm. Başqa yandan, Qarabağ məsələsi elə məsələdir ki, ATƏT istəsə də, istəməsə də bununla məşğul olmalıdır.
Dəfələrlə qeyd etdiyim kimi, ATƏT-dən başqa digər hansısa beynəlxalq təşkilatın bu problemlə məşğul olmaqla bağlı mandatı yoxdur. Bu, həm də mənim vəzifəm olacaq ki, ATƏT PA-nın vitse-prezidenti kimi, ATƏT regionunda konfliktlərin həlli ilə, xüsusilə qurumun birbaşa cavabdeh olduğu Qarabağ konfliktinin həlli ilə də yaxından məşğul olum, ATƏT PA-nın bu prosesə müdaxiləsini və həll prosesinə köməyini təşviq edim və dəstəkləyim. O baxımdan mənim Dağlıq Qarabağla bağlı qaldıracağım hər hansı bir məsələyə kimsə təəccüblənməməlidir və heç kim buna irad bildirməməlidir. Kimsə deməməlidir ki, niyə Azərbaycan nümayəndəsi gəlib Azərbaycanın məsələsi ilə məşğul olur.
Bu, təkcə Azərbaycanın məsələsi deyil, bütövlükdə ATƏT-in problemi, ATƏT-in məsələsidir. ATƏT ona görə yaradılıb ki, bölgədə sülhü, əmin-amanlığı, üzv ölkələr arasında anlaşma və dialoqu təmin etsin, eyni zamanda beynəlxalq hüquq prinsiplərinin qorunmasına öz töhfəsini versin. Biz, yəni bütün ölkələr ATƏT və BMT-yə üzv olanda öhdəlik götürmüşük ki, başqa bir ölkənin ərazisinin işğalına yol verməyəcəyik, güc tətbiq etməyəcəyik, beynəlxalq hüquq normalarına riayət edəcəyik, “Helsinki Yekun Aktı”nın on prinsipinin onuna da eyni şəkildə sədaqət nümayiş etdirəcəyik. Mən bilirəm ki, bununla bağlı bəzi ölkələr mənim hər hansı fikirlərimi və yanaşmamı başqa cür şərh etməyə çalışacaqlar. Amma mən də bəri başdan deyirəm ki, bu, məni bu vəzifənin icrasından çəkindirməyəcək.
- Amma ermənilər sizin mövqeyinizlə 2012-ci ildə Avronest PA-nın İrəvandakı toplantısında yaxından tanış olmuşdular. Yəqin ki, seçkilər zamanı ATƏT PA-da var qüvvələri ilə sizə qarşı mübarizə apardılar və bundan sonra da sizə problem yaratmağa çalışacaqlar. Yəqin bunun fərqindəsiniz...
ATƏT PA-nın vitse-prezidenti hədəflərini açıqladı: “Mən də bəribaşdan deyirəm ki...” |
- Bəli. Hələ 2013-cü ildə İstanbulda mən siyasi məsələlər və təhlükəsizlik komitəsinə sədr müavini seçilən zaman erməni nümayəndə heyəti çox böyük hay-küy qaldırmaq və problem yaratmaq istədi. Hətta etik normadan kənar və bir deputatın özünə yaraşdırmayacağı tərzdə mənə qarşı çirkin kampaniya apardı. Həmin dövrdə heç nəyə nail olmadılar. Mən Ramil Səfərovun hüquqlarını müdafiə etdiyimə, ümumiyyətlə, azərbaycanlı olduğuma görə əleyhimə çıxırdılar. Həmçinin, bildirirdilər ki, Ermənistan və Azərbaycan münaqişə vəziyyətində olduğuna görə onların heç bir nümayəndəsi yüksək postlara seçilməməlidir. Yəni bu cür əsassız arqumentlərlə çıxış edirdilər. Hətta rəqibim Rusiya Federasiya Şurasının ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri general-polkovnik Kulakov idi, artıq rəhmətə gedib.
O vaxt da çox gərgin seçkilər oldu və mən qazandım. Mən komitə sədrinin müavini olduğum dövrdə də çalışdım ki, mənə göstərilən etimada layiq olum, hər hansı qərəz, ayrı-seçkilik nümayiş etdirməyim. Çünki bu gün Azərbaycanın ədalətə, obyektivliyə, beynəlxalq qaydaların hamı tərəfindən yerinə yetirilməsinə ehtiyacı var, qərəzə, böhtana, ayrı-seçkiliyə ehtiyacı yoxdur. Bu dəfə də onlar altdan-altdan bu seçkilərdə müəyyən işlər görməyə, kitablar paylamağa çalışdılar. Lakin artıq elə bir mərhələ idi ki, onlar bunu açıq şəkildə edə bilmədilər. Namizədliyim üçün tələb olunan maksimum 100 imza toplanmışdı və 119 səslə mən seçildim və seçilməyim bunu sübut etdi ki, imza verən şəxslər səmimi idilər.
- Neçə il bu postda təmsil olunacaqsınız?
- Mən maksimum müddətə seçilmişəm, yəni 3 illik, 2019-cu ilə kimi.
- Ölkə rəhbərindən sadə insanlara qədər ATƏT-lə bağlı inamsızlığını ifadə edib, vaxtaşırı qurumun Qarabağ məsələsindəki passiv rolu sərt tənqidlərə səbəb olub. Necə bilirsiniz, qurumun bundan sonrakı mərhələdə Qarabağla bağlı iş görmək istəyi varmı, yoxsa ənənəvi siyasət davam edəcək?
- Bəli, cənab prezident haqlı olaraq ATƏT və onun Minsk Qrupunu tənqid edib, bununçün kifayət qədər əsaslar var. Ona görə ki, ATƏT-in Minsk Qrupu və onun həmsədrləri indiyə kimi problemin həlli ilə bağlı hər hansı təsirli və qəti addım atmayıblar. Düzdür, son aylar Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər intensivləşib və müəyyən ümidlər var ki, bu problem beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapacaq. Amma istənilən halda ATƏT bu problemə daha səmərəli, effektiv və əzmli yanaşmasa, bu tənqidlər də davam edəcək. İkinci tərəfdən əlbəttə ki, biz ATƏT PA-nın da rolunu və məsuliyyətini qeyd etməliyik - baxmayaraq ki, Minsk Qrupu hökumətlər tərəfindən yaradılıb və həmsədrlərə də bilavasitə hökumətlərin təyin etdiyi səfirlər sədrlik edirlər.
Amma bununla yanaşı, parlamentin rolu və məsuliyyəti heç zaman inkar olunmayıb, bu rolun daha da artırılması ilə bağlı zaman-zaman cəhdlər olub. Ona görə də Parlament Assambleyası şübhəsiz ki, bundan sonra məsələyə daha çox diqqət ayırmalıdır. Bunun müxtəlif formaları var. Onlardan biri budur ki, ATƏT PA-da Cənubi Qafqaz üzrə xüsusi nümayəndə var. Onun mandatına bölgədəki bütün məsələlər barədə ATƏT PA-nın mövqeyini formalaşdırmaq və müəyyən qərarların verilməsinə əsaslar yaratmaq aiddir. Bu formatdan, bu imkandan faydalanmalıyıq. İkincisi, ATƏT PA-nın imkanı var ki, parlament səviyyəsində dialoqu daha da gücləndirsin, əlaqələri genişləndirsin, həmsədrlərin indiyə qədər məsələni həll etməməsi ilə bağlı mövqeyini öyrənsin, bir növ onların da hesabatlarını dinləsin, hazırkı şəraitdə nələri edə biləcəyinə aydınlıq gətirsin və müzakirələr aparsın. Ancaq təəssüflər olsun ki, ATƏT PA-nın bu cəhdləri bəzən lazımi şəkildə dəstəklənmir. Məsələn, biz Tiflisdə Minsk Qrupunun həmsədrlərini dəvət etmişdik ki, gəlsinlər, deputatlar qarşısında hesabat versinlər, deputatların suallarını cavablandırsınlar. Əvvəl razılaşdılar, sonradan fikirlərini dəyişdilər, gəlmədilər. Biz ilk dəfə 2012-ci ildə Dubrovnikdə (Xorvatiya-red.) Minsk Qrupunun hesabatını dinləmişdik, çox maraqlı müzakirələr olmuşdu. İndiki həmsədrlər isə bunu onunla əlaqələndirirlər ki, hazırda iki prezidentlər arasında çox intensiv danışıqlar gedir və yeni bir müzakirə platformasının açılması danışıqlara müəyyən mənada təsir edə bilər. Olsun, təki məsələ həll olunsun.
- Bu gün Ermənistanda və Qarabağ separatçıları arasında Sərkisyan Qarabağla bağlı güzəştə gedəcəyi halda, hakimiyyətdən devriləcəyi ilə hədələnir. Belə olan təqdirdə konstruktiv həllə inanmaq olarmı?
- Ona görə də bu məsələ açıq müzakirəyə çıxarılmalıdır. Əgər doğrudan da Sərkisyana qarşı belə hədələr varsa, bunlar Sərkisyanın düşündüyü bir ssenari, irəli atdığı tezis deyilsə, əlbəttə, bu məsələ dəqiqləşdirilməli, Azərbaycan və Ermənistan ictimaiyyəti, parlamentarları, o cümlədən ATƏT PA tərəfindən ciddi müzakirəyə çıxarılmalıdır. Bu, sözsüz ki, Qarabağ probleminin həlli ilə bağlı çox çətin və məsuliyyətli bir qərar olacaq. Amma biz gec-tez bu məsuliyyəti üzərimizə götürməyi bacarmalıyıq. Qarabağ davası üzərində hakimiyyətə gələn Sərkisyanın tam imkanı var ki, məhz bu problemin həllinə də öz köməyini göstərsin, məsələnin sülh yolu ilə həlli prosesinə razılıq versin.
- Tiflisdə ATƏT azərbaycanlı və erməni deputatları görüşdürdü. Müzakirələrdə erməni deputatların mövqeyi necə oldu, ümumiyyətlə, bu kimi görüşlər nə vəd edir?
- Biz Tiflisdə erməni və gürcü deputatlarla İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Filip Lombardinin təşəbbüsü ilə görüşdük. Bu görüşdə biz Gürcüstan, Azərbaycan, Ermənistan deputatlarının yaxın aylarda ayrıca bir görüşünün keçirilməsi və Qafqazdakı məsələlərin hər hansı bir şərt qoymadan müzakirə edilməsi ilə bağlı ilkin fikir mübadiləsi apardıq. Əlbəttə, biz bu məsələni Bakıda ayrıca müzakirə edəcəyik və bunun nə qədər səmərəli olacağını götür-qoy edəcəyik. Prinsip etibarilə Azərbaycan nümayəndə heyəti həmişə dialoqun və anlaşmanın tərəfdarı olub. Biz hər hansı dialoq platformasından maksimum faydalanmağa və bu platformada iştirak etməyə çalışmışıq. İndi də belə bir həssas məqamda ATƏT PA təşəbbüsü üzərinə götürməlidir, Ermənistan-Azərbaycan deputatlarının intensiv görüşlərini təşkil etməlidir və prezidentlər tərəfindən razılaşdırılan həll formatına parlamentlərin birmənalı dəstəyini təmin etməlidir. Bunun üçün də biz ictimaiyyətin dəstəyini almalıyıq. Belə bir həssas və məsuliyyətli məqamda prezidentlərin qəbul etdiyi qərarlara biz dəstək verməliyik.
- Növbəti görüşlər harada keçiriləcək, neytral ölkədə, yoxsa Azərbaycan və ya Ermənistanda?
- İlkin mərhələdə şübhəsiz ki, neytral zonada olmalıdır. Biz hələ ki, bir-birimizin mövqelərini başa düşməyi və mövcud olan baryerləri aşmağı bacarmalıyıq. Açığı, Azərbaycan nümayəndə heyəti buna tam hazırdır. Qarşı tərəfin dialoqa, görüşlərə hazır olmasını gözləyirik. Onlar hazır olacağı təqdirdə biz neytral ölkədən başladığımız görüşləri hər iki ölkədə keçirilməsi məsələsini də nəzərdən keçirə bilərik.
- ATƏT PA rəhbərliyinə seçilmiş şəxs olaraq Kəlbəcərdən olan iki girovumuzun, Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı nələri etməyi düşünürsünüz?
- Bəli, bu, ən ağrılı məsələlərdən biridir. Təəssüflər olsun ki, ATƏT bu məsələyə lazımi diqqət yetirməyib. Çox təəssüflər olsun ki, bizim iki vətəndaşın hüquqları hələ də ciddi və kobud şəkildə pozulmaqda davam edir. Hesab edirəm ki, bununla bağlı ATƏT PA-nın ayrıca bir yanaşması olmalıdır, qurumun Cənubi Qafqaz üzrə nümayəndəsi girovlarımızla görüşməlidir, onların azad olunması ilə bağlı təşkilatın bütün imkanlarından istifadə etməlidir.
- Azay bəy, şəxsən siz ATƏT PA-nın vitse-prezidenti kimi Şuşa həbsxanasında saxlanılan girovlarla görüşmək istərdinizmi?
- Bu məsələ ilə yəqin ki, ATƏT PA-da ayrıca, qapalı bir müzakirənin keçirilməsinə ehtiyac var. Həmin müzakirədən sonra, təbii ki, ATƏT PA-nın girovların azad olunması ilə bağlı konkret atacağı addımları müəyyənləşdirməliyik. O ki qaldı mənim şəxsən onlarla görüşməyimə, əlbəttə, mən Kəlbəcər girovları ilə görüşməyə və onların azad olunması ilə bağlı əlimdən gələn köməyi etməyə hazıram.
Şərhlər